Modern.az

Siyasi müstəvidə növbəti ZƏFƏR

Siyasi müstəvidə növbəti ZƏFƏR

Aktual

30 Noyabr 2021, 19:10

Azərbaycanın Ermənistan üzərində Qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsindən ötən bir il ölkəmizin diplomatiya sahəsində də uğurlarıyla müşayiət olundu. Bu sırada 11 yanvar Moskva görüşü, Azərbaycan və Türkiyənin Şuşa Bəyannaməsi, Azərbaycan – Türkiyə və Pakistan parlamentlərinin Bakı Bəyannaməsi ən əhəmiyyətli siyasi hadisələr kimi qiymətləndirilir. Noyabrın 26-da Soçidə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş və yekunda imzalanan bəyanat göstərdi ki, post-müharibə dövrünün ikinci ili də Azərbaycanın siyasi müstəvidə zəfərləri ilə başlayıb və belə də davam edəcək.
Ermənistan rəhbərliyi bundan əvvəlki təşəbbüsdən müxtəlif bəhanələr gətirməklə yayına bilsə də, sonadək duruş gətirə bilmədi, nəhayət, Azərbaycanın maraqlarını özündə ehtiva edən daha bir sənəd imzalandı. Ermənistanda qurulmuş etirazlar tamaşası, yaxud revanşistlərin prosesi pozmaq cəhdləri də iflasa uğradı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya liderinin imzaladığı bəyanatda hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 9 noyabr tarixli, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli sənədə istinad olunması, həmin müddəaların icrasının gedişinin müzakirə olunması da rəsmi Bakının mövqelərinin üstün olduğunu bir daha təsdiqlədi. Azərbaycan rəhbərliyi birmənalı olaraq Ermənistanı götürdüyü öhdəliklərə əməl etməyə çağırır, əks təqdirdə, cəzasının ağır olacağını xatırladırdı. Bu səbəbdən son bəyanatda “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”, müddəasının yer alması da ölkəmizin maraqlarına tam şəkildə cavab verir. Azərbaycan dövləti hərbi əməliyyatların dayandırılmasından sonra delimitasiya və demarkasiya ilə bağlı mövqeyini müxtəlif səviyyələrdə çatdırıb, ərazi bütövlüyünün tanınması, sərhəd bütövlüyümüzün toxunulmazlığı halında sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Bu iradənin yekun sənəddə də əksini tapması kifayət qədər böyük uğurdur. Bundan əlavə, dəhlizlərin açılması barədə razılaşma Zəngəzur dəhlizinin açılmasının, sadəcə, zamana bağlı məsələ olduğunu deməyə əminlik yaradır. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə liderləri Aşqabaddakı toplantıda Zəngəzur dəhlizinin önəmindən bəhs etdilər. Prezident Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri Zəngəzur dəhlizinin imkanlarından yararlanmağa dəvət etməsi isə prosesin geridönməz xarakter aldığını deməyə əsas verir. Bununla yanaşı, Soçi bəyanatında nə Minsk Qrupu, nə Dağlıq Qarabağ ifadəsi, nə də hansısa “hərbi əsirlər” kimi yarlıqlara yer ayrılmaması diplomatiyamızın növbəti zəfəridir.

 

Ermənistanın özündə isə hesab olunur ki, Paşinyan bu dəfə də masada uduzdu. Erməniləri narahat edən Rusiya-Azərbaycan müttəfiqliyinin bu görüşdə daha qazanclı çıxmasıdır. Rusiya prezidentinin açıqlamalarında, həm də birgə bəyanatda Azərbaycanın mövqeyi əsas götürüldü. Putin erməniləri məyus edərək ”koridor" ifadəsini işlətdi, eyni zamanda koridorların, nəqliyyat kommunikasiyalarının tezliklə açılacığını bəyan etdi.

 

Qarşıda Brüssel görüşü var, amma həmin görüşün təyin olunduğu 15 dekabradək üçtərəfli komissiyaların bir araya gəlməsi və 26 noyabr yol xəritəsinə uyğun şəkildə hansısa qərarlarını açıqlaması da mümkün görünür. Reallıq bundan ibarətdir ki, Rusiya bölgədəki prosesləri Qəbrin ixtiyarına buraxmaq niyyətində deyil. Dekabrın 15-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçiriləcək görüşün anonsundan dərhal sonra Soçi görüşünün daha tez keçirilməsi üçün Moskvanın təcili tədbirlərindən də aydın idi ki, Rusiya Cənubi Qafqazda Qərbin mövcud olması istiqamətində göstərilən səylərdən çox narahatdır. Təbii ki, Moskva Paşinyanın 9 noyabr üçtərəfli görüşündən müəmmalı şəkildə imtinasından sonra Qərbə "hə" deməsini bağışlamaq fikrində deyildi. Putin ilk ikitərəfli görüş üçün məhz Azərbaycan lideri İlham Əliyevi seçməsi ilə həm də bir daha Bakının mövqeyinin Rusiya üçün daha önəmli olduğunu göstərdi.

 

Mətbuata açıq üçtərəfli görüşdə Paşinyan Azərbaycanın Ermənistan sərhədlərini pozduğu ilə bağlı ifadələrə yer versə də, "Dağlıq Qarabağ" məsələsinin nizamlanması üçün Minsk Qrupu çərçivəsində işlərin davam etdirilməsinin əhəmiyyətindən danışsa da, bağlı qapılar arxasında keçən üçtərəfli görüşdən sonra Paşinyanın mətbuata bəyanatla çıxışı zamanı bu dedikləri ilə bağlı bir kəlmə də olsun dilə gətirməməsi nəzərdən qaçmadı. Görünür, erməni baş nazirə burada gündəliyi müəyyənləşdirən tərəfin məhz Azərbaycan olduğu Rusiya və Azərbaycan dövlət başçıları səviyyəsində növbəti dəfə detallı şəkildə izah edilib. Putin həm Paşinyana, həm də Ermənistan ictimaiyyətinə hazırki vəziyyətdə sülh, inkişaf, sabitlik şəraitində yaşamaq üçün Azərbaycanla dil tapmağın, Azərbaycanla kompromisə gəlməkdən başqa seçimlərinin, yollarının olmadığı mesajını verdi. Bu, bir daha Azərbaycanın Ermənistanın siyası gündəliyi ilə yanaşı bölgənin də gündəliyinə necə təsir imkanlarına malik olduğunu göstərdi. Kreml rəhbəri bir daha İrəvana anlatmağa çalışdı ki, Ermənistanın faktiki olaraq prosesə başqa gücləri qoşmaq istədiyini çox yaxşı anlayır və buna heç vaxt imkan verməyəcək.

 

Üçtərəfli görüşdən sonra Paşinyanın mətbuata bəyanatla çıxışı zamanı "Bugünki görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökümətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm" deməsi, onun yenə də Bakının diqtəsi ilə hərəkət etmək məcburiyyətində qaldığını göstərdi. "İnkişaf erası" dedikdə, sözsüz ki, revanşist, müharibə ritorikasının əksi olaraq 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında da nəzərdə tutulan öhdəlikləri - nəqliyyat kommunikasiya məsələsi, Zəngəzur dəhlizi və eləcə də sərhədlərin delimitasiya və demarkasiyası prosesinin əməli-praktiki icrasına başlanılması məsələsi nəzərdə tutulurdu.

 

Azərbaycanın Soçidə də ərazi bütövlüyü, sərhəd və Zəngəzur dəhlizi məsələsində israrlı olduğu diqqətdən yayınmadı. Son anda, Soçidəki üçtərəfli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə razılaşma əldə olunması və bununla bağlı yekun bəyanatdan bu qənaətə gəlmək mümkündür. İlkin təhlildə görünür ki, bəyanatda bu dövrə aid "Dağlıq Qarabağ", "Dağlıq Qarabağ problemi", "status"u və yaxud "münaqişəsi" ilə bağlı bircə söz belə yoxdur. Belə bir mühüm formata isə təbii ki, Azərbaycan tərəfinin, Prezident İlham Əliyevin təkidi, tələbi ilə gedildiyi şübhə doğurmur. Yekun bəyanatın bu cür tərtib olunmasında növbəti dəfə Prezident İlham Əliyevin qətiyyəti, iradəsi ön plana çıxıb. Paşinyan isə Azərbaycan Prezidentinin diqtə etdiyi sənədə imza atmağa məcbur olub.

 

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?