Modern.az

TV-lər gündəmin “nəbzini” TUTA BİLMİR

TV-lər gündəmin “nəbzini” TUTA BİLMİR

Media

1 Dekabr 2021, 13:35

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə hərəkətlənən zaman saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər yüksək rütbəli hərbçimiz həlak olub, 2 nəfər isə yaralanıb.

 

Dünən eyni zamanda diqqətçəkən məqamlardan biri də daha geniş auditoriyanı əhatə edən yerli telekanallarımızdakı əyləncəli verilişlər oldu. Və haqlı olaraq telekanalların bu yayım siyasəti müzakirə mövzusuna çevrildi. Belə ağır faciənin baş verməsinə baxmayaraq, televiziyalarımız çal-çağır verilişlərin yayımını davam etdirdilər. Düzdür, telekanalda bir anda proqram setkasını dəyişmək asan deyil. Amma hər halda çal-çağırı minimuma endirmək müşkül olmazdı…

 

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında deyib ki, belə bir ağır faicədə heç bir televiziya çal-çağır, şənliklər göstərməməlidir:

 

“Mən televiziyaları izləmirəm və dünən hansı verilişlərin getdiyindən xəbərim yoxdur. Amma onu deyim ki, bu ağır faciədir və heç bir televiziya belə zamanda çal-çağır verilişi verməməlidir. Televizyalar bu hadisəni nəzərə almalı idilər”.

 

 

Teletənqidçi Qulu Məhərrəmlinin sözlərinə görə, ağır hadisə ilə bağlı dünən televiziyalarımızda adekvat cavab olmadı:

 

“Ümumiyyətlə, televiziyanın özəlliyi ondan ibarətdir ki, o günlə yaşayıb, hadisələrin üzərində qurulmalıdır. Xəbər xidmətləri, analitik proqramlar hamısı bundan ötrüdür. Təbii ki, proqram siyasətində dərhal dəyişikliklər ola bilir. Hər halda, hadisələrlə bağlı müəyyən reaksiya, yaşantıları ifadə etmək baxımından televiziyaların imkanı var. Bizdə bu cür ağır hadisələri reaksiya mənasında televiziyalarımızda müəyyən bir yaddaş var.

 

Dünənki hadisə ilə bağlı televiziyalarımızda verilən verilişlər təəssüf doğuran haldır. Çünki bütün ölkəni sarsıdan bir hadisə baş verdi. Yüksək rütbəli hərbiçilərimizin həlak olması hamımızı məyus etdi. Bu hadisə ilə bağlı televiziyalarımızda adekvat reaksiya olmadı”.

 

Q.Məhərrəmlinin fikrincə, televiziyanın əli daim hadisələrin üzərində olmalıdır:

 

Bayağı, şou proqramlı verilişlər belə halda təxirə salınmalıdır. Çünki belə hadisələrdə insanlara təsəlli ola biləcək proqramlar verilməlidir. Mənə elə gəlir ki, belə addımları televiziyalarımız unudur və buna da təəssüflənmək lazımdır.

 

Mən bunun səbəbini peşəkarlıqla, proqramın yüksək səviyyədə idarə olunmaması ilə əlaqələndirirəm. Hesab edirəm ki, televiziyanın əli daim hadisələrin üzərində olmalı, prosesləri davamlı izləməli və buna adekvat reaksiya verməyə hazır olmalıdır.

 

Belə hallarda çevik proqram siyasəti, dərhal reaksiya verilməlidir. Olmasa, deməli televiziya bu cəmiyyətdə yaşamır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir