Modern.az

Ağdabanlı Qurban 150 - İrfan əhli, söz xiridarı

Ağdabanlı Qurban 150 - İrfan əhli, söz xiridarı

6 Dekabr 2012, 12:48

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Kəlbəcər ədəbi mühitinin XIX əsrdə yetirdiyi, yaradıcılığı ilə ədəbi ictimaiyyətin daha geniş şəkildə tanış olduğu ilk tanınmış nümayəndələrindən biri Ağdabanlı Qurbandır. Yaşayıb sənətlə məşğul olduğu illərdə yüzlərlə qoşma, gəraylı, təcnis, müxəmməs, qıfılbənd, dodaqdəyməz yaratmış bu böyük el sənətkarı Azərbaycan poeziya dilinin daha da təmizlənib cilalanmasında əvəzsiz xidmətlər göstərmişdir. Böyük söz sərrafı Aşıq Ələsgərin müasiri və yaxın dostu olan Ağdabanlı Qurban nəinki Kəlbəcərdə, onun hüdudlarından uzaqlarda da ustad sənətkar, əhli-ürfan elminin zirvəsinə yüksəlmiş el aşığı, dövrün, zamanın hadisələrindən yaxşı baş çıxaran açıqgözlü insan və incə ruhlu şair kimi məşhur olmuşdur. Ərəb və fars dillərini də yaxşı bilən Ağdabanlı Qurban təkcə ozan-aşıq sənətinə deyil, klassik ədəbiyyata da dərindən bələd idi. Ağdabanlı Qurban o illərdə öz dövrü üçün çox böyük bir ədəbi hadisə sayılan ölkənin iri şəhərlərində olduğu kimi Kəlbəcərdə yaratdığı «Qurban bulağı» adlı ədəbi məclisi də öz sənət dostlarını bir yerə toplamaq arzusu ilə yaratmışdır. Müasirlərinin yazdıqlarına görə «Qurban bulağı»na  dövrün tanınmış saz-söz biliciləri yığışar, sənətdən, ədəbiyyatdan maraqlı söhbətlər aparar, yeni yazdıqları şeirləri oxuyub, müzakirə aparar, gözəl məclislər keçirərmişlər. Ağdabanlı Qurban bu məclislərdə müasirlərinə klassik ədəbiyyatdan-ərəb və fars dillərində olan bədii əsərlərdən nümunələr oxuyar, onların izahını verməklə bu istiqamətdə məclis üzvlərini məlumatlandırarmış. «Qurban bulağı» o illərdə bölgədə ədəbiyyatın və sənətin təbliğ olunması və inkişafında əvəzsiz rol oynamışdır. O zaman təkcə doğulub yaşadığı Göyçədə deyil, bütün Qafqazda ustad aşıq, əvəzsiz şair kimi tanınan Aşıq Ələsgər də Ağdabanlı Qurbanla yaxın dost olduğundan tez-tez «Qurban bulağı»nın qonağı olar, burada öz şeirlərini oxuyub, məsləhətlərini verərmiş.

Qeyd edək ki, Dirili Qurbani və Tufarqanlı Abbasla Azərbaycan xalq şeirinə gələn sadə dil gözəlliyi, incə, poetik duyğuların sadə şəkildə, hamının anlayacağı dildə sənətkarcasına şeirə çevrilməsi, sonradan yetişən böyük bir şairlər ordusunun ilham mənbəyinə çevrilmişdir. Bu sadə, həm də lirik şeir dili Molla Pənah Vaqif tərəfindən daha da cilalanaraq kamala çatmış və Azərbaycan poeziyasının inkişafında yeni bir dönəmin başlanğıcını qoymuşdur. Ağdabanlı Qurban yaradıcılığı da məhz bu milli-tarixi köklər üzərində intişar taparaq inkişaf edmişdir. Bu mili-mədəni sərvətə dolğuncasına yiyələndiyinin nəticəsidir ki, onun şeirlərində xalq dilinin şəhdi-şirəsi duru dağ çeşməsi kimi daim çağlayır:

Gözəllər karvanı yola düzüldü,
Kəpəzin kəkliyi, maralı getmə.
Gözlərin süzüldü, canım üzüldü,
Qoyub məni dərdli, yaralı getmə.

Bu şeir parçasındakı poetik dil gözəlliyi, bədii məcazlardan böyük ustalıqla istifadə, qafiyələrin daxili həmahəngliyi, hər şeydən də öncə onun sadə xalq dilində olması Ağdabanlı Qurbanın Azərbaycan dilini incəliklərinə qədər bilən mahir bir sənətkar olduğundan xəbər verir. Elə bir çox tədqiqatçılar da bu prizmadan çıxış edərək dəfələrlə qeyd etmişlər ki, Ağdabanlı Qurban dərin elmi savada malik olmuş, eyni zamanda öz dərin biliyi ilə müasirləri olan bir çox saz-söz adamlarına da müsbət təsir göstərmişdir.

Aşıq Qurbanın yaşayıb-yaratdığı illər rus çarizminin Qafqazda, eləcə də Azərbaycanda getdikcə möhkəmləndiyi dövrə təsadüf edir. O illərdə Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi, təzadlı proseslər baş verirdi. Təpədən-dırnağacan silahlanmış rus ordusunun işğalçı hücumları, qanlı qırğınları nəticəsində ayrı-ayrı Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyulur, azacıq müqavimət göstərən kənd və şəhərlər yerlə yeksan edilirdi. Rusların yardımı ilə İrandan, Türkiyədən, Suriyadan və digər ölkələrdən gətirilən erməni ailələri böyük qayğıyla Azərbaycanın ən səfalı, bərəkətli torpaqlarında yerləşdirilir, yerli əhali doğma torpaqlarından didərgin salınaraq ölkənin demoqrafik vəziyyəti süni şəkildə dəyişdirilirdi. Çarizmin bu müdhiş köçürmə siyasəti ilə Azərbaycanın gələcək faciələrinin əsası qoyulurdu.

Bütün bu ağrılı yaşantılar, xalqın üzləşdiyi məhrumiyyətlər şairin yaradıcılığında bu və digər ovqatda öz əksini tapmışdır.

Baxıb seyrəngaha qan ağlar gözüm,
Bu qədər fərağa mən necə dözüm?
Budur iltimasım, müxtəsər sözüm
Qurbanı gah yada salasan, dağlar.

Ağdabanlı Qurbanın bədii yaradıcılığında obrazlar dünyası da olduqca zəngindir. Onun yaradıcılığında mövzu rəngarəngliyi ilə yanaşı, klassik poeziyadan tutmuş ozan-aşıq sənətində, folklorda işlənən bədii məcazlar sistemindən çox sənətkarlıqla istifadə olunub. Bütün bu çalarlar sənətkarın zəngin bir həyat yolu keçdiyinin və dərin mütaliəyə sahib olduğunun bariz nümunəsidir. Həyat hadisələrinə özünəməxsus yanaşma bacarığı isə onun geniş müşahidə qabiliyyətinə malik olmasının təzahürüdür. 

Kələf dolaşanda, bir ucalanda,
Bəxtin bir yatanda, bir ucalanda.
Bir misal çəkərlər: qurd qocalanda
Yorulsa köhlənə madyan gülərmiş.

Ağdabanlı Qurban olduqca incə, lirik hisslərə malik şairdir. Onun şair təxəyyülü geniş, poetik dili çox rəvandır. Şairin şeirlərində ülvi məhəbbət duyğuları özünəməxsus bədii təsvirlərlə elə oynaq bir dillə verilir ki, burada sevən aşiqin qəlb çırpıntıları bütün incəlikləri ilə göz önündə canlanır:

Qurbanam dərd qoydun azarım üstə,
Bir də güzar eylə güzarım üstə.
Mən öləndə bir gəl məzarım üstə,
Sən Allah, yar ötüb aralı getmə.

Ağdabanlı Qurbanın yaradıcılığında diqqət çəkən müsbət cəhətlərdən biri də sənətkarın ərəb-fars dillərini yaxşı bilməsi, klassik Azərbaycan ədəbiyyatına  dərindən bələd olmasına baxmayaraq, şeirlərində ərəb-fars tərkibli sözlərdən olduqca az istifadə etməsiylə bağlıdır. Yeri düşdükcə istifadə etdiyi belə tərkibli sözlər isə əksərən Azərbaycan dilində ümumişlək sözə çevrilib tam vətəndaşlıq hüququ almış nümunələrdəndir. Bədii məcazlardan yerli-yerində və böyük ustalıqla istifadə edən şair bədii sözün qüdrətiylə sevdiyi gözəlin canlı obrazını yaradır:

Zənaxdanda qoşa xal var,
Cəmalında nə cəlal var.
Ləblərində şirin bal var,
Süzülüb qaymaq üstündən.

 Önsədən qeyd etdiyimiz kimi Dirili Qurbani və Tufarqanlı Abbasla aşıq poeziyasında başlayan ədəbi yüksəliş ölkənin ayrı-ayrı bölgələrində öz davamçılarını da yetirirdi. Bu intibahın kökü isə əsasən böyük dövlət xadimi Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövləti ilə və onun xalqın dünyabaxışında yaratdığı mili oyanışla bağlıydı. Belə ki, xarici işğallardan sonra, nəhayət, müstəqil Azərbaycan dövlətinin yaranması, xalqın həyatında uzun müddətli əmin-amanlığın bərqərar olması, yadelli basqınların səngiməsi, həm də adi danışıq və ədəbi dildə əsrlər boyu hökmranlıq etmiş ərəb-fars dillərinin «işğal»ından sonra ana dilinin rəsmi dövlət dili səviyyəsinə qaldırılması gələcək böyük bir ədəbi oyanışın inkişafına təkan verdi. Tarixən daha çox saraylarda təmərküzləşən klassik poeziya ilə paralel olaraq xalq arasında yaşayan aşıq yaradıcılığı da bu oyanışla özünün yeni intibah mərhələsinə qədəm qoydu. Şah İsmayıl Xətainin özünün də incə ruhlu bir şair olması, klassik üslubla yanaşı xalq şeiri ruhunda da əsərlər yazması, dövrünün Dirili Qurbani, Miskin Abdal kimi nəhəng söz adamlarını da sarayına gətirməsi ozan-aşıq şeirinin çiçəklənməsinə ciddi təsir göstərdi. Ağdabanlı Qurbanın da elə nəsil şəcərə baxımından Miskin Abdal osağına bağlı olması bu istedadın onda təsadüfi deyil, irsən gəlmə bir nemət olduğunu göstərdi.

Ağdabanlı Qurbanın yaratdığı obrazlar aləmi də zəngin və müxtəlifdir. Bu müstəvidə biz onun yaradıcılığında yaşadığı mənəvi və coğrafi mühitin aparıcı bir xətt təşkil etdiyini də aydın görürük. Bu sırada ana təbiətin ülvi gözəlliyi, vətən dağlarının əzəməti ön sırada dayanır. Elə vaxtilə Miskin Abdal, Dirili Qurbani, Tufarqanlı Abbas, Molla Pənah Vaqif, Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər və onlarla başqa ulu şairlərimizin daha çox ilham mənbəyi olmuş dağ obrazı Ağdabanlı Qurbanın da şeirlərində sələflərində olduğu kimi, dərin məhəbbətlə, yüksək bədii təsvirlərlə, yeni deyimlərlə tərənnüm olunmuşdur. Həm də dağ insan oğluna ovqatından asılı olaraq gah arxa-dayaq, dost-sirdaş, ata-ana əvəzi, gah da yağı-qənim, bivəfa «həmdəm» sayıldığından Ağdabanlı Qurbanın şeirlərində  də bu təzadlı ovqat özünü büruzə verir:

Əzəl xilqətimiz torpaqdan, sudan
Sən bizə atasan, anasan, dağlar!
Pərvəriş verirsən mədhi zəmində,
Gah da məhv edirsən, fənasan, dağlar .

Şairin bu qoşmasında insanın yarandığı gündən ən yaxın sirdaşı, arxası olan dağları ardınca düşmən, yağı kimi qələmə verməsi ədəbiyyatımızda əsrlərin dərin qatlarından gələn təzadlı bədii ovqatın bariz nümunəsidir.

Söz yarışında Azərbaycan ozanlarının, el aşıqlarının, şairlərin yeri həmişə yuxarı başda olub. Onlar tarixən xalqın təəssübkeşləri, onun müdafiəçiləri sayılıblar. Hakim sinif cəmiyyətin ovqatını söz adamının fikirindən anlayıb, atacağı addımı çox vaxt bu meyarla müəyyənləşdirib. Aşıq Qurbanın hələ iki yüz il öncə yazdığı «Gülərmiş» rədifli şeirindən bir bəndə diqqət yetirək:

Qurban qəm eyləmə, kərəm kanı var,
Adil zalım olmaz, haqq divanı var.
Bu çərxi fələyin nərdivanı var,
Enən ağlayarmış, qalxan gülərmiş .

 Bu şeir parçasında dünyanın hər üzünü görmüş müdrik bir insanın, dərin  inanca malik haqq aşığının özünə hesabatı da var, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrə münasibəti də, sabahkı günə dönməz inamı da.

Aşıq Qurbanın şeirlərindəki dolğunluq, dərin fəlsəfi məna keçdiyi zəngin həyat yolu ilə bahəm, bədii təsvir vasitələrinin oricinallığı da çox güman ki, onun yaxşı bələd olduğu klassik Azərbaycan ədəbiyyatından əxz etdiyi qabaqcıl fikirlərlə bağlıdır.

Ağdabanlı Qurban da sələfləri kimi daha çox heca vəznində, aşıq şeirinin müxtəlif şəkillərində yazıb-yaratmışdır. Bu baxımdan onun yaradıcılığında əsas yeri gəraylı, qoşma, təcnis, müxəmməs, müstəzad və digər şeir formaları tutur. Lakin Ağdabanlı Qurban klassik şeir formalarında da qiymətli bədii nümunələr yaratmışdırdı. Sənətkarın «Gedər» adlı divanisi də onun şeiriyyəti dərindən bildiyinə dəlalət edir:

Yerə, göyə qərar qoyan, qadiri-sübhanı bil,
Hər nakəsə yoldaş olma, yaxşı dostu tanı, bil,
Əyrilərə qurulacaq ədalət divanı, bil,
Namərdlərə olmaz onda bir güman, əldən gedər.

Xatırladım ki, tarixən kəlbəcərli yazarların yaradıcılığında diqqəti çəkən əsas məqam - sadə və oynaq dil gözəlliyi, forma-məzmun vəhdəti bölgə ədəbi mühitinin özünəməxsus xüsusiyyətlərindən sayılıb. Ağdabanlı Qurban yaradıcılığı məhz bu deyilənlərə canlı örnəkdir. 

Kəlbəcər ədəbi mühitinin inkişafında və burada yaraana ədəbi nümunələrin yayılmasında xüsusi diqqət çəkən məqamlardan biri Ağqız oğlu Piridən, Ağdabanlı Qurbandan üzübəri yerli yazarların daim müxtəlif bölgələrdə yaşayan qələm dostları ilə şeirləşmələridir. Bu yazışmalar mühitlər arasında ədəbi körpü rolu oynamaqla yanaşı, həm də yazışan tərəflərdəki şairlərə stimul verərək, onları daim öz üzərlərində işləməyə sövq edib. Sonralar bu deyişmələr bir ənənə şəkilini alaraq, aşıq və xanəndələrin repertuarlarında xüsusi yer tutub. Bu baxımda Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və dövrünün digər tanınmış saz-söz ustaları ilə deyişmələri daha çox diqqət çəkir. Ağdabanlı Qurbanın yaxın dostu Aşıq Ələsgərlə Qalaboynu kəndindəki məşhur deyişməsi uzun illər Göyçə və Kəlbəcər toylarının bəzəyi olmuşdur.

Aşıq Ələsgər:

Dad sənin əlindən çərxi-kəcmadar,
Ürəyimdə min sağalmaz yaram var…
Aşıq dəyirmançı, ağa çarvadar,
Sərraf gəlsin bu bazarı dolansın.

Ağdabanlı Qurban:

Yükümüz möhnətdir, dağlardan ağır,
Ayaq altda qalıb fuğara, fağır,
Haqdan, ədalətdən bir kömək çağır,
Məzlum ellər tapsın çara, dolansın.

 Onu da qeyd edim ki, yaxın dost olan bu iki böyük sənətkar ənənəvi deyişmələrdən fərqli olaraq üz-üzə deyişmələrində qıfılbənddən, hərbə-zorbadan istifadə edib bir-birilərini sınağa çəkmirlər. Onlar bu dərdləşmələrində dövrdən, zəmanədən, xalqın başına gələn müsibətlərdən şikayətlənərək, Tanrıdan nicat diləyirlər. Bu isə onların bir-birinə qarşılıqlı ehtiramının, dərin hörmətinin daha bir göstəricisidir. 

Azərbaycanın ilk qadın aşıqlarından olan Aşıq Bəsti də yaşadığı dövrdə Ağdabanlı Qurbanın yaratdığı «Qurban bulağı»nın yaxın iştirakçılarından olmuş, məşhur Aşıq Ələsgər və Ağdabanlı Qurbanla birlikdə məclislərdə iştirak etmişdir. Hər iki ustad sənətkar Aşıq Bəstiyə böyük hörmət bəsləmiş, onun sənətinə yüksək qiymət vermişlər. Təsadüfi deyil ki, Ağdabanlı Qurban ona ünvanladığı şeirində aşıq-şairənin cəmiyyətdəki mövqeyini də real boyalarla təsvir etmişdir:

Bağça bülbülüsən güllər eşqinə,
Nəğməlisən-şirin dillər eşqinə.
Sənətkar olubsan ellər eşqinə,
Şöhrətin yayılıb hər yana, Bəsti .

Elə Aşıq Bəsti də dövrün ədalətsizliyindən cana yığılanda, qəm ona üstün gələndə dərdini özünə yaxın sirdaş saydığı Qurbanla bölüşür:

Bu yazıq canımı gətirdi cana,
Ədalətsiz divan, zalım zamana.
Atəşə pərvanə, oxa nişana,
Piltəyə şam oldu canım, a Qurban!.

Ağdabanlı Qurbanın poeziyası hələ öz sağlığında lazım olduğu dəyəri almış, o, böyük söz ustası kimi yüksək qiymətləndirilmiş, şeirlərinə çox sayda nəzirələr yazılmışdır. Təsadüfi deyil ki, Aşıq Bəsti Ağdabanlı Qurbanı elin danışan dili, aşıqlar sultanı adlandırıaraq onun ölümünü böyük faciə kimi qarşılamışdır:

Kəpəzə, Qoşqara nəğmə qoşardı,
Bizim bu dağların Qurbanı getdi.
Daha gəlməz səsi eldən, obadan,
Getdi, aşıqların sultanı getdi .

Ağdabanlı Qurban özündən sonra zəngin bir sənət irsi qoyub getsə də, təəssüflər olsun ki, onun yaradıcılığı hələ də layiq olduğu araşdırma dəyərini almamışdır. İnanırıq ki, yaxın illərdə bu dəyərli irs öz layiq olduğu qiyməti alacaqdır.

İlham Məmmədli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi