Modern.az

Gənc yazarlar Ramiz Rövşəni belə xarakterizə etdilər: “O, bu məmləkətin şairi olaraq çox şeyə dözür” - RUBRİKA

Gənc yazarlar Ramiz Rövşəni belə xarakterizə etdilər: “O, bu məmləkətin şairi olaraq çox şeyə dözür” - RUBRİKA

8 Dekabr 2012, 11:24


Bu günkü Azərbaycan poeziyası məhz , Ramiz Rövşəndən keçərək durulan bir poeziyadi. Çağdaş şeirimiz bu gün Ramiz Rövşən dünyasına bürünərək öz mövcudatini qoruya bilir. Vaxtilə telejurnalist Mirşahin Ağayev onun haqqında çox gözəl bir fikir demişdi: ”O, sadəcə olaraq Azərbaycan poeziyasının ən Ramiz Rövşən şairidi”.
Çağdaş sözümüz bu gün Ramiz Rövşən işığında daha parlaq əks olunur. Azərbaycan sözü bu gün nə yaxşı ki, Ramiz Rövşəndən keçdi. Onun işıqlı dünyasına qərq oldu. Söz özünü Ramiz Rövən şəxsiyyətində daha yaxsi ifadə edə bildi. Söz bu gün Ramiz Rövşəni yaşadır. Ona görə yaşadır ki, onun timsalında öz mövcudatini sübut edə bilsin. Və edir də...

Beləliklə, Modern.az saytının “Ustadlar gənclərin gözü ilə” rubrikası davam edir. Qonağımız isə sadəcə olaraq Ramiz Rövşəndi...

Əkbər Qoşalı (Dünya gənc türk yazarlar birliyinin sədri): “Ramiz Rövşəndən böyük Ramiz Rövşən olmaq olmaz...”

- Ramiz Rövşən Azərbaycan ədəbiyyatına öz möhürünü vurmuş şairdi. Onun əsas özəlliyi gələnəksəl Azərbaycan şeiri üzərində özünəməxsus gedişlər etməsi, sözün müsbət anlamında, qeyri-səlis axımlar yaratması ilə səciyyələnir. Ramiz Rövşəndən sonra ədəbiyyata gələnlərin bir xeyli hissəsi onun yolu ilə getdi, getmək istədi yaxud getmək istəyir... Ancaq unutmaq lazım deyil ki, hər yazar məhz özü olmaqla, özümlü olmaqla maraqlıdı. Necə deyərlər, Ramiz Rövşəndən böyük Ramiz Rövşən olmaq olmaz... Ən salamatı öz yolunu müəyyənləşdirmək, öz zirvəni yaratmaqdı. Necə ki, Ramiz Rövşən məhz belə edib.

Tərlan Növrəsli (fəlsəfə doktoru, ATİ-nin müəllimi): “Ramiz Rövsən modern şeirin dühasıdır”

- Ramiz Rovsen modern  şeirin, çağdaş dünyamızın sərbəst şeir ustadıdır. Onun şeirlərində qulaq qafiyəsi iç qafiyəyə elə vasvasılıqla seçilib yazılır ki, sanki qızıl üzüyün üzərindəki qaşlardı. Ramiz Rövsən modern şeirin Dühasıdır. Sərbəst vəzndə sətirlərdə misraların ölçüsü, hecaların sayı və qafiyələrin düzülüşü nə qədər  sərbəst olsa da, hər bir şeirin özünə məxsus qafiyəsi var. Onun səpkili şeirlərinin sərbəst şeirdən çox fərqi var və zənnimcə Ramiz Rövşən şeirinin vəzn baxımından sərbəst şeir olaraq qələmə vermək də düzgün deyil, bu Ramiz Rövşən vəznidir..

Habil Yaşar (gənc şair): “Bu dünyanın əsrarəngiz sehrinə dalırsan”

- Ramiz Rövşən milyonlarla insanın ən çox oxuduğu və ən çox sevdiyi şairlərdən biri olduğu kimi, mənim də ən çox sevdiyim və oxuduğum böyük şairlərdəndi. Ramiz Rövşən yaradıcılığı həm mövzu rəngarəngliyi, həm də bədii təsvir vasitələrinin mükəmməlliyi baxımından olduqca zəngin və diqqətəlayiqdir.
Şairin şerlərini nə qədər oxusan da ondan doymaq olmur. Görəsən nədədir bunun sehri?
Əlbəttə ki, Ramiz Rövşən qələminin gücündə, Ramiz Rövşən sözünün ölməzliyindədir. Şairin yaradıcılığını hər dəfə mütaliə edəndə sanki yeni bir dünya kəşf edir, eyni zamanda bu dünyanın əsrarəngiz sehrinə dalırsan. Biz gənc şair və yazarlar daim Ramiz Rövşən yaradıcılığına müraciət etməli, onun fikir selindən yetərincə bəhrələnməliyik. Mən də bir gənc şair olaraq öz növbəmdə Ramiz Rövşən yaradıcılığına mütamadi müraciət edir və onun yaradıcılığından bəhrələnməyə çalışıram”

Rüfət Əhmədzadə (tərcüməçi, yazar): ”İstərdim ki, Ramiz bəy "əzgin ziyalı" obrazından çıxsın”

- Bir çox yazar onun kimi olmaq istəyir. Hərdən elə olur ki, kiminsə hansısa şeirindən Ramiz Rövşənin ruhu hiss olunur. Özümdə də hərdən olur, belə deyənlər tapılır. Kimsə hansısa şeirimdə Ramiz Rövşən izi tapır. Bu gözəldir. Sadəlik, amma gözəllik. Lakin hərdən düşünürəm ki, Ramiz Rövşən sanki qəsdən özündə bədbinlik obrazı yaradıb. Mənim tez-tez işlətdiyim bir ifadə var: "Ramiz Rövşən "bağışla"sı". Bu, içini yandıran ayrılığın halallaşmasıdır, barışması deyil. Ona aid bir ifadə də işlədə bilərəm: "Allahla küsüb-barışan şair". Ramiz Rövşən Allahla küsüb-barışan şairdir. Öz Allahını yaşayır, onunla yaşayır. Lakin gənc yazarlarımızdan Ramiz Rövşən ruhu duyduğum kimi, Ramiz Rövşəndən də Xəlilrza Ulutürk ruhu duymaq istərdim. Bəlkə də, yanlış müqayisədir. Amma istərdim ki, Ramiz bəy "əzgin ziyalı" obrazından çıxsın. Ahıl vaxtında daha mübariz və çılğın imiclə gündəmə gəlsin.

Qabil Ədalət (gənc şair, “Bayat” ədəbi birliyinin sədri): “Ramiz Rövşənin sadəliyinin ən başlica nümunəsi onun xalq şairi fəxri adını almamasıdır”

- Ramiz Rövşənin sadəliyi, səmimiliyi, insanlığı onun əsərlərində özünü açıq- aşkar biruzə verir. Şairin xalq tərəfindən qəbul edilib sevilməsinin səbəbi də məhz, onun təvazökarliğıdır. Ramiz Rövşəni oxuyarkən oxucu istirahət edir mənəvi qida alır. O, oxucunun nə istədiyini, zamanın tələbini qələmə alan şairlərdəndir.
Ramiz Rövşənin sadəliyinin ən başlica nümunəsi onun xalq şairi fəxri adını almamasıdır. R.Rövşən xalq şairi adı almasa belə, xalqın şairidir. Buna heç kimin şübhəsi olmasin.

Zümrüd Yağmur (gənc yazar): “Şairə dözə bildiklərinə dözmək əzmi arzulayıram”

- Adətən yaradıcı insanların şəxsiyyəti deyil, onun yazdıqları, yaratdıqları daha çox maraqlı olur oxucu, dinləyici üçün. Çünki dünya ədəbiyyatında, sənət tarixində elələri  var ki, onların yaratdıqları, insanlara çatdırmaq istədikləri mesaj öz mahiyyətindən, onun insan kimliyindən  artıq olur. Bəzən həyatda bəlkə də kimsənin sevmədiyi bir kişiliyə sahib olan öz yazdıqları ilə dünyanı heyrətə salır.
Amma bəzən insani kimlik yaradıcılıqla eyni şəkildə böyük, sadə və mahiyyətə sahib olur. Ramiz Rövşən məhz,  insan kimliyi  və yaradıcılığı ilə böyük, sadə və sözünə sadiq bir  şairidir.  Sözünə sadiq qala bilmək, ideyalarının ardından gedə bilməksə hər kəsə nəsib olmur. Şair bir şerində deyir ki, “hər bir şeyə dözən adam, heç bir şeydən dəli olur”. Ramiz Rövşən də bu məmləkətin şairi olaraq çox şeyə dözür, bu bəllidir. Bu ölkənin şairi, yazarı olmaq və sözünə sadiq qalmaq çox cətidir çünki... Ramiz Rövşən bunu indiyə qədər bacara bilib və bundan sonra da şairə dözə bildiklərinə dözmək əzmi arzulayıram.

Az da olsa şair haqqında gənc yazar dostlarla danışdıq. Söhbətin finalında “görkəmli”, “böyük”, “dahi” kimi sözləri işlətmək istəməzdim. Çünki Ramiz Rövşən ifadəsi o sözlərin hamısını tək-tək yox bütövlükdə özündə ehtiva edir. Odur ki, o, Azərbaycan şeirinin bu gün “ən Ramiz Rövşən şairdi!”

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır