Modern.az

Merkelin siyasətdən gedişi Avropaya nə vəd edir? - ŞƏRH

Merkelin siyasətdən gedişi Avropaya nə vəd edir? - ŞƏRH

3 Dekabr 2021, 13:22

“Almaniya kansleri Angela Merkelin siyasətdən getməsi Qərbin "soyuq müharibə"nin bitməsindən bəri bəlkə də ən böyük uğurudur”.

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Şahin Cəfərli Merkelin siyasi karyerasına son qoymasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Almaniya Demokratik Respublikasının "komsomol" (Alman Azad Gənclik İttifaqı) təşkilatının katibi olmuş Angela Merkel beynəlxalq siyasətdə faktiki olaraq, Putinin Almaniya, Avropa Birliyi və NATO-dakı səlahiyyətli nümayəndəsi kimi özünü aparırdı.

“Rusiyanın revanşizmində, Gürcüstanı və Ukraynanı işğal etməsində, transatlantik bölünmələrdə xanım Merkelin rolu böyükdür.


Onun gedişi ilə Almaniya daha atlantikçi siyasət yeridəcək və yeni hökumət hələ fəaliyyətə başlamamış bu, artıq hiss olunur. Əlbəttə ki, Almaniyada istənilən hökumət böyük biznesin maraqlarını az və ya çox nəzərə almaq zorundadır, amma yeni dövrdə Merkel dönəmindəki qədər aşırı praqmatizm və Qərbin bütövlüyünə zərər vermək bahasına Rusiya ilə strateji tərəfdaşlığı ilk sıraya qoymağı da gözləmirəm. Koalisiya ortaqları - yaşıllar və azad demokratların (liberallar) xətti mütləq Almaniyanın xarici siyasətində özünü göstərəcək.


Bilirsiniz ki, koalisiyada Xarici İşlər Nazirliyi yaşıllara keçdi, bu vəzifəni Annalena Berbok tutacaq. (Aşağıdakı fotoda gördüyünüz xanım) Almaniyanın Avropa Komissiyasındakı təmsilçisini də yaşıllar müəyyən edəcək, bu da öz növbəsində AB-nin xarici siyasətinə təsir göstərəcək. Böyük ehtimalla yeni dönəmdə istər Rusiya, istərsə də Çinlə bağlı siyasətini anqlo-sakson dünyası ilə daha yaxından koordinasiya edəcək bir Almaniya və AB görəcəyik. (Fərqli və toqquşan maraqlar da təbii ki, ola bilər, bu, normaldır.)


Yeni siyasətin benefisiarlarından biri də Ukrayna olacaq. Yaşıllar ABŞ sistem partiyalarından sonra Ukraynaya net dəstək verən əsas Qərb siyasi institutlarından biridir. Yaşılların həmsədri, yeni hökumətin iqtisadiyyat və iqlim naziri Robert Habek seçki ərəfəsində Ukraynaya səfər etdi və cəbhə xəttinə də gedərək Almaniyanın bu ölkəyə silah satması barədə məsələ qaldıran ilk alman siyasi lider oldu. (Merkel Ukraynaya adi durbin satılmasını da qadağan edib.)


Rusiyanın son həftələr Ukraynaya qarşı təzyiqin dozasını çox ciddi şəkildə yüksəldərək birbaşa hərbi müdaxilə təhdidi ilə çıxış etməsinin əsas səbəbi də Qərb geosiyasətindəki bu yeni mərhələ ilə əlaqədardır. Rusiya bu mərhələdə Ukrayna məsələsində istədiyini əldə edə bilməsə, hər keçən gün bunun daha çətin olacağını hesablayır”,-Ş.Cəfərli bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...