Modern.az

Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK?

Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK?

5 Dekabr 2021, 15:31

Geridə qoyduğumuz noyabr ayı regionda önəmli hadisələrin baş verməsi baxımından yaddaqalan oldu. Azərbaycan xalqı Vətən müharibəsində qazanılan qələbənin ildönümünü, Zəfər gününü qeyd edərkən qonşu Ermənistanda insanlar qəbirstanlıqlara axın etdilər. Tarix boyu təxribatlarla məşğul olan, qonşularına qarşı qırğınlar törədən ermənilərin belə əməllərdən dönməyəcəyi aydın idi.

 

Daha sonra İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuranın ən ali mükafatı ilə təltif olunması və üzv olan dövlətlərin başçılarının Azərbaycanı şanlı Zəfər münasibəti ilə təbrik etməsi bölgəmizdə bütün proseslərin dövlətimizin xeyrinə dəyişdiyinin sübutu oldu.

 

Noyabrın son günləri isə bizim üçün daha önəmli hadisələrlə yadda qaldı. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə 2021-ci il noyabrın 26-da keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündə əldə edilmiş üstünlüklərlə bir daha təsdiqləndi. Görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir.

 

Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.

 

Hazırda isə mediada növbəti görüşün - dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan başçılarının bir araya gəlməsinin nəticələri haqqında proqnozlar yer alır.

 

Brüssel görüşü haqqında danışan siyasi şərhçi Zaur Məmmədov hesab edir ki, görüşü Avropa İttifaqı öhdəsinə götürsə də, əslində ABŞ-ın istəyi əsasında təşkil olunacaq:

 

“Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Brüssel görüşü zamanı humanitar məsələlərin müzakirə olunacağını gözləyə bilərik.

 

Siyasi məsələlərin isə gündəmdə olmayacağını düşünürəm. Sərhədlərin demarkasiyası və delimitasiyası və eyni zamanda nəqliyyat logistika xətlərinin açılması, bu görüşün prioriteti deyil. Amma əslində Qərb ölkələrinin özlərinin də təşəbbüsü olmalı idi. Bir zamanlar ABŞ da Avropa da Zəngəzur dəhlizinin açılmasında maraqlı idilər. 90-cı illərin geosiyasi proseslərinə nəzər yetirsək, məhz bu nəqliyyat qovşağının açılması məsələni elə Qərbin də maraqları daxilində olan məsələ olduğunu görərik.

 

Vətən müharibəsindən sonra dəhliz məsələsində Avropa və rəsmi Vaşinqton bu məsələdə özlərini yad kimi göstərməyə çalışırlar. Ola bilər ki, buna səbəb üçtərəfli noyabr bəyannaməsində Rusiyanın və Türkiyənin əsas iştirakçı olmaları Qərbi bir müddət gözləmə mövqeyi tutmağa vadar edib”.

 

Politoloq Ənvər Haqverdiyev isə düşünür ki, Brüssel görüşünə verilmiş razılıq eyni zamanda da prosesin həllində iştirak edən aktual iştirakçıların məsələyə daha ciddi yanaşması üçün də işarə kimi başa düşülməlidir:

 

Ənvər Haqverdiyev: “Brüsseldə görüş hələ keçirilməyib lakin hadisələr nəticələrin olduğunu deməyə əsas verir”


“Regionda yaradılmış yeni reallıq əməkdaşlıqda bütün tərəflərin iştirakını vacib amil kimi irəli sürməkdədir. Azərbaycan milli və dövlət maraqları kontekstində bütün tərəflərlə əməkdaşlıq etmək arzusunda olduğunu bir daha Brüsseldəki görüşdə iştiraka razılıq verməklə nümayiş etdirmiş oldu.
Ümumi ictimai rəy ondan ibarətdir ki, Brüssel görüşü ciddi heç nə vəd etmir. Lakin mən hesab edirəm ki, hər görüş sülhyaratma istiqamətində bir addımdır. Münaqişənin aradan qaldırılması üçün gələcəkdə birbaşa görüşlərin keçirilməsinin, rabitənin qurulmasının böyük əhəmiyyəti vardır. Azərbaycanla İran arasında anlaşılmazlığın aradan qaldırılmasını və Ermənistanın Türkiyə ilə münasibətləri qurmaq arzusunu da nəzərə alaraq deyə bilərik ki, regionun gələcək inkişafında müsbət yeniliklər gözlənilir”.

 


Brüssel görüşünün məntiqli nəticəsi kimi mina xəritələrinin verilməsinin vacibliyini irəli sürən siyasi şərhçi Tural İsmayılov deyib ki, xəritələr verilməyəcəyi təqdirdə Qərbin təşkil etdiyi bu görüş Soçi görüşünün kölgəsində qalacaq:

 

“Nəzərə almaq lazımdır ki, uzun müddət tərəflərin müzakirə etdiyi və eyni zamanda Azərbaycanın Rusiyanın və regionun güclü dövlətlərinin marağında olan bir sıra məsələlərin Soçi görüşündəki bəyanatda həll edilməsi Brüssel bəyanatında növbəti yeni bir addımın atılmasını tələb edir. Soçi və gerçəkləşəcəyi gözlənilən Brüssel görüşü Rusiya prezidenti Putin və Avropa İttifaqının sədri Şarl Mişel arasındakı danışıqlar da əsas mövzulardan biri olub. Bu baxımdan növbəti dəfə Brüsseldəki görüşdə yeni bir addım atılmalıdır”.

 

Ekspert onu da əlavə edib ki, mina xəritələri məsələsində Qərbin, o cümlədən regionda layihələr həyata keçirməkdə marağı olan digər güclərin Paşinyana təzyiqlər göstərməsi gözləniləndir.

 

Aysel Aslan

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır