Modern.az

Ən tanınmış məktəblərin ən məşhur müəllimləri biabır oldular

Ən tanınmış məktəblərin ən məşhur müəllimləri biabır oldular

19 Fevral 2010, 18:08

Ötən il ali məktəblərə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının çətin olması barədə fikirlər hələ də ictimaiyyət arasında müzakirə olunmaqdadır.

Əksər mütəxəssislər, təhsil işçiləri, o cümlədən də bilavasitə məktəb proqramları ilə işləyən müəllimlər ötənilki qəbul imtahanlarına salınmış test suallarının əvvəlki illərlə müqayisədə azı 2 dəfə çətin olduğunu desələr də, həmin testləri tərtib edənlər sualların çətinlik dərəcəsinin artırılmadığı, əksinə, abituriyentlərin hazırlıq səviyyəsinin aşağı düşdüyü qənaətindədirlər.

Modern.az xəbər verir ki, testlərin səviyyəsi barədə deyilənlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan müəllimi” qəzetu bir eksperiment keçirib. Ötənilki qəbul imtahanlarında I ixtisas qrupu üzrə riyaziyyatdan D variantında olan və çətinlik dərəcəsi test tərtibçiləri tərəfindən orta və çətin qiymətləndirilən 2 sualı cavablandırmaq üçün ölkənin ən tanınmış iki ümumtəhsil məktəbi seçilib: Bakıdakı 6 nömrəli məktəb-lisey və Elitar Gimnaziya. Misalların həlli üçün bu təhsil ocaqlarının ən yaxşı riyaziyyat müəllimlərinə müraciət olunub.

Hər iki məktəbin müəllimlərinə təklif olunub ki, verilmiş test tapşırıqlarını mümkün qədər tez və ən qısa yolla həll etsinlər. Yeri gəlmişkən, müəllimlərin hamısı paytaxtın say-seçmələri olub. Onların arasında hətta "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, əməkdar müəllimlər də var. Eksperimentə cəlb edilən pedaqoqların həm də repetitorluqla məşğul olduqları və hərəsinin ən azı 5-10 şagird hazırlaşdırdığı bildirilir. Eksperimentə cəlb edilən müəllimlərdən yalnız 2-si tapşırıqları qəbul imtahanlarında 1 sual üçün nəzərdə tutulmuş vaxt ərzində (1,5 dəqiqə) yerinə yetirə bilib. Onların əksəriyyəti iki misalın həllinə 10-17 dəqiqə intervalında vaxt sərf edib. 2 müəllim isə ümumiyyətlə misalları həll edə bilməyib. Müəllimlərin bəzisi misalları eyni qaydada həll etsələr də, bir neçəsinin həll üsulu tamamilə fərqlənib. Nəticələr də tam eyniyyət təşkil etməyib. Bir sözlə, müəllimlərin əksəriyyəti misalların həllinə nəzərdə tutulandan xeyli çox vaxt sərf edib. Hələ üstəlik bəzi müəllimlər təklif olunan misalların həllini uzun-uzadı riyazi əməliyyatlar apararaq onlara verilən 1 vərəq ağ kağızdan əlavə bir neçəsindən də istifadə ediblər. Halbuki, qəbul imtahanı verən abituriyentin buna imkanı olmur, ona imtahana boş vərəq aparmağa icazə verilmir. O, misalı ancaq test kitabçasındakı ağ sahədə həll etməlidir. Təhsil Nazirliyi eksperimentə cəlb olunan müəllimlərin adlarını açıqlamayıb. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?