Modern.az

Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa

Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa

6 Dekabr 2021, 23:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün davam edəcək rəsmi səfər üçün Qətərə gedib. Səfərdən əvvəl dekabrın 6-da hava limanında jurnalistlərə açıqlama verən Ərdoğan Türkiyənin Qətərlə yeni müqavilələr imzalayacağını açıqlayıb.

 

Qətərlə bu günə qədər 69 siyasi, hərbi, iqtisadi və mədəni sənəd imzaladıqlarını bildirən Ərdoğan qeyd edib ki, Türkiyə körfəzdəki digər ölkələrlə əməkdaşlığını inkişaf etdirməyə çalışır.

 

“Bölgənin ən güclü ölkələrindən biri olan Qətərlə atdığımız addımlar buna sübutdur. Rəqəmlər kiçik rəqəmlər deyil. Biz bunu ciddi sərmayələrlə davam etdiririk. Qətərin türk iş adamlarına yanaşması çox yüksəkdir. Qətərdə işlərin həcmi təxminən 15 milyarddır”, - deyə o qeyd edib.

 

Ərdoğan fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edəcəyini də xatırladıb.

 

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 7-ci Toplantısında 12 yeni müqavilənin imzalanmasının gözlənildiyini bildirib. 

 

Qətər və Türkiyə arasında münasibətlər ölkə liderlərinin şəxsi dostluğundan tutmuş, dərin iqtisadi əlaqələrə qədər uzanır.

 

1939-cu ildən bəri açıq dənizlərində neftin və daha sonra təbii qazın mövcudluğunu kəşf edən Qətər bu gün dünyada bilinən üçüncü təbii qaz ehtiyatına malikdir. “Qatargas” dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz şirkətidir. Buradan əldə etdiyi yüksək gəlirlə Qətər 1990-cı illərdə beynəlxalq bazara genişlənməsini sürətləndirdi.

 

O zamankı Qətər əmiri Həməd bin Xəlifə əl-Tani Türkiyəyə ilk səfərini 2001-ci ilin dekabrında edib. Yeni dövrdə Türkiyədən Qətərə ilk səfəri 2005-ci ildə o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan edib.

 

Səfərlərin sayı artdıqca, Qətərin Türkiyəyə sərmayələri də artıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2002-ci ildə iki ölkənin xarici ticarət həcmi 26,23 milyon dollar olub. 2005-ci ildə bu məbləğ sürətlə artaraq 132 milyon dolları ötüb. 2011-ci ildə bu, 669 milyon dollar idi. 2019-cu ildə 1,4 milyard dollara yüksələn xarici ticarət həcmi üçün iki ölkənin orta müddətli hədəfi 5 milyard dollardır.

 

Türkiyə Ticarət Nazirliyinin məlumatlarına görə, Qətərin 2019-cu ildə Türkiyənin ümumi ixracatındakı payı 0,7% olub və ən çox ixrac edilən ölkələr arasında 34-cü yerdə qərarlaşıb.

 

Həmin il Türkiyə Qətərin ixrac etdiyi ölkələr arasında 15-ci yerdə idi. Qətərin idxalında Türkiyənin payı 4,1 faiz olduğu halda, ixracatda bu pay 1,2 faiz təşkil edir. Türkiyə Qətərə idxal edən ölkələr arasında 7-ci yerdədir.

 

Yəni həm cari məlumatlar, həm də hədəflənmiş ticarət həcmi sürətli artıma baxmayaraq, hər iki ölkənin xarici ticarətində böyük yer tutmur. Ancaq investisiyalar baxımından Qətər Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.

 

Türkiyə Ticarət Nazirliyinin beynəlxalq birbaşa investisiya məlumatlarına görə, 2010-2018-ci illər arasında toplananda Qətər xarici investor ölkəsi olaraq 19-cu yerdə idi. 2018-ci ildə Qətərin Türkiyəyə sərmayələri 6,2 milyard dollar olub.

 

Yuxarıda qeyd olunan rəqəmlərin artmasının əsas səbəbi Ərəb baharı ilə strateji əməkdaşlığını artıran iki ölkənin yaxınlaşmasının ticarətdə də özünü büruzə verməsidir.

 

Qətər və Türkiyə arasında ideoloji yaxınlıq Liviya və Suriyadakı vətəndaş müharibələrində eyni qrupların dəstəklənməsi, 2011-ci ildə Misirdə 30 illik Hüsnü Mübarək rejiminin devrilməsi və 2012-ci ildə Məhəmməd Mursinin hakimiyyətə gəlməsi ilə ortaya çıxdı.

 

2012-ci ilin sentyabrında prezident seçildikdən bir neçə ay sonra Mursi AKP konqresi üçün Ankarada idi. “Reuters” xəbər agentliyinin məlumatına görə, eyni dövrdə Qətərin Misirdə yeni hökumətin infrastruktur layihələri və özəl şirkətlərin investisiyalarına verdiyi dəstək ən azı 10 milyard dollar olub.

 

2013-cü ilin iyulunda Əbdülfəttah Sisi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə dövlət çevrilişi edərək Mursini devirdi və hakimiyyəti ələ keçirdi. Çevriliş əleyhinə nümayişlərə şiddətlə cavab verən təhlükəsizlik qüvvələri çoxlu sayda insanı öldürüb və yaralayıb.

 

Liviyadakı vətəndaş müharibəsində Türkiyə və Qətər BMT tərəfindən tanınan Milli Razılaşma hökumətini dəstəkləyirdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Misirdəki Sisi administrasiyası isə Liviyada Qətər və Türkiyənin dəstəklədiyi qruplara qarşı general Xəlifə Həftərə dəstək verməyə başladı.

 

Bu əməkdaşlıq hərbi sahədə də özünü göstərdi. Qətər və Türkiyə arasında hərbi əməkdaşlıq müqaviləsi 2014-cü ilin dekabrında imzalanıb.

 

1915-ci ildə qətərlilər Osmanlı İmperatorluğuna qarşı qiyam qaldıranda İngiltərə bölgədəki tayfaları dəstəkləyirdi. Eyni dövrdə Gelibolu döyüşündə də ingilislərə qarşı vuruşan Osmanlılar strateji qərarla bölgəni Qətər və İngiltərədəki tayfa başçılarına buraxaraq, yeni bir qarşıdurma yaşanmadan geri çəkildilər.

 

Düz 100 il sonra Türkiyə bu dəfə müstəqil Qətər dövləti ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayaraq İngiltərədən qalan keçmiş hərbi bazaya qayıtdı.

 

İki ölkə arasında hərbi əməkdaşlıq 2011-ci ilin may ayında ərəb ölkələrində üsyanlar başlayandan qısa müddət sonra imzalanan müdafiə sənayesi məhsulları müqaviləsi ilə sürətlənməyə başladı.

 

O zaman xaricə 1 milyard dollara yaxın müdafiə məhsulları satan Türkiyə Qətərə də 10 ədəd “Bayraktar” pilotsuz uçuş aparatı satıb. “Hürriyət” qəzetinin xəbərinə görə, “Bayraktar” 2,5 milyon dollarlıq müqavilə Qətər ordusunun inventarına daxil olan ilk pilotsuz uçuş aparatı olub.

 

2014-cü ilin sonunda Türkiyə və Qətər müdafiə nazirləri və Baş Qərargah rəisləri arasında səfərlər baş verib. 20 dekabr 2014-cü ildə Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani Türkiyəyə səfər edib və bu dəfə iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazilərində qoşun yerləşdirə biləcəyini nəzərdə tutan hərbi əməkdaşlıq müqaviləsi imzalanıb.

 

2015-ci ilin dekabrında və 2016-cı ilin aprelində iki ölkə arasında jandarm və hərbi personalın hazırlanması, birgə təlimlər və xüsusi təyinatlıların Qətərdə yerləşdirilməsi üçün iki ayrı protokol imzalanıb. Beləliklə, Türkiyə öz ərazisindən kənarda ilk böyük hərbi bazasını qurmaq üçün hazırlıqlara başlayıb.

 

2017-ci il iyunun 5-də Səudiyyə Ərəbistanında vəliəhd kürsüsünə yenicə yüksəlmiş Məhəmməd bin Salmanın rəhbərliyi ilə BƏƏ, Misir və Bəhreyn Qətərə embarqo tətbiq etməyə başladılar. Embarqonun ləğvi şərtləri arasında Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması var idi.

 

Türkiyə ilk mərhələdə vasitəçilik etməyə çalışsa da, bir neçə gün ərzində açıq şəkildə Qətərin tərəfində mövqe tutdu. Hərbi bazanın boşaldılması tələbini “ikitərəfli münasibətlərə müdaxilə” kimi tənqid edən Ankara 2018-ci ilin sonuna kimi bazaya 3 mindən çox əsgər göndərib. Qətərə yüzlərlə zirehli maşının satışı ilə bağlı müqavilə imzalanıb.

 

Qətərə qarşı embarqodan bir il sonra, 2018-ci ilin yayında ABŞ vətəndaşı Pastor Endryu Brunson məsələsi ilə bağlı Türkiyə və ABŞ arasında yaşanan gərginlikdə ABŞ-ın Türkiyəyə qarşı məhdud da olsa sanksiya tətbiq etmə qərarı türk lirəsinin sürətlə ucuzlaşmasına səbəb oldu. Böhrandan dərhal sonra 2018-ci il avqustun 15-də Ankaraya gedən Əl-Tani Türkiyəyə 15 milyard dollarlıq birbaşa sərmayə qoymağı öhdəsinə götürdü. Eyni səfər zamanı iki ölkənin mərkəzi bankları arasında svop sazişinin imzalandığı açıqlanıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı