Modern.az

ABŞ təyyarəsinin sərhədboyunca uçuşunun ƏSL SƏBƏBİ

ABŞ təyyarəsinin sərhədboyunca uçuşunun ƏSL SƏBƏBİ

Dünya

7 Dekabr 2021, 13:59

İki gün əvvəl Amerika Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi  Rusiyanın Qara dəniz sərhədi bölgəsində vəziyyəti izləyib, Ermənistan və Azərbaycan tərəfə uçub. Bunun ardınca isə təyyarənin Gürcüstanın hərbi məkanına daxil olub.

 

Siyasi ekspert Asif Nərimanlı Modern.az-a deyib ki, ABŞ kəşfiyyat təyyarəsinin görünməsi o qədər də təəccüblü deyil:

 

“Çünki onların təyyarələri hər yerdə gəzirlər. Amma təbii ki, indiki vəziyyətdə Azərbaycan sərhədində görünməsi diqqət çəkir. Qeyd edək ki, həmin təyyarə daha çox Gürcüstanın Azərbaycan və Ermənistan sərhədində görünüb. Ona görə də burada əsas məsələ Gürcüstandır”.

 

Onun sözlərinə görə, məlum məsələ Rusiya ilə gərginlikdən qaynaqlanır:

 

“Burada Amerika gərginlik yaratmaq niyyətindədir. Rusiyanın da marağı ondan ibarətdir ki, “Şimal-2” axınını təsdiqləsin. Bunu da Merkel hakimiyyətdən getməmiş etmək istəyir. Onun da bu həftə son hakimiyyət həftəsidir. Amma görünür, Rusiyanın planı baş tutmur. Ukrayna ilə sərhəddə qoşun yeritməsi də Qərbi bir növ qorxutmaq xarakteri daşıyır. Çünki yeni cəbhənin yaranması Rusiya üçün problemdir. Belə bir toqquşma olarsa da, Cənubi Qafqazda Amerikanın müttəfiq kimi gördüyü ölkə Gürcüstandır. Hazırda onun təhlükəsizliyini təmin etməyə çalışır. Həm də Rusiyanın müdaxilə edəcəyi, təhlükə yaradacağı ölkə Gürcüstandır. Çünki Azərbaycan və Rusiya arasında münasibətlər qaydasındadır, həmçinin, Türkiyə faktoru var. Ermənistan isə onsuz da Rusiyanın ölkəsidir. Ona görə də Amerika bir növ Gürcüstanın təhlükəsizliyi üçün kəşfiyyat işləri aparır”.

 

Ekspert Amerikanın Cənubi Qafqaz cəbhəsində də münaqişə yaratmaq istəyini istisna etməyib:

 

“Çünki Rusiyanın iki zəif cəbhəsindən biri Cənubi Qafqazdır. Bilirik ki, Cənubi Qafqaz Amerikaya Çinlə mübarizə aparmaq üçün lazımdır. Çünki Çinin böyük layihələrindən biri Cənubi Qafqazdadır. Əgər yeni bir cəbhə açacaqlarsa, bunun bizim coğrafiyada açacaqları istisna deyil. Burada əsas məsələ Qarabağ, Azərbaycan və Ermənistan cəbhəsi deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir