Modern.az

“Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir”

“Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir”

Qarabağ

8 Dekabr 2021, 11:33

“Ermənistan tərəfi mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində rəsmi mövqeydən çıxış etmir”.


Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

Nazir müavini deyib ki, Azərbaycan ilk əvvəl minalanmış ərazilərin təmizlənməsi üçün Ermənistandan mina xəritələrini tələb edib:

“Ermənistan digər məsələlərdə olduğu kimi, bu məsələdə də çox qeyri-səmimi mövqedən çıxış edib. Ermənistan tərəfi bu məsələnin şərh edilməsindən ümumiyyətlə imtina edib. İkinci mərhələdə isə ümumiyyətlə mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürməyə başladı. Bu ilin iyun-iyul ayında isə Ermənistan xüsusi şərt irəli sürərək bir neçə rayonun mina xəritələrini verəcəyini dedi və Azərbaycanda saxlanılan cinayət törətmiş ermənilərin qeyd-şərtsiz Ermənistana qaytarılmasını istədi. Halbuki, beynəlxalq konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycan verməlidir”.



E.Məmmədov xatırladıb ki, iyun-iyul aylarında işğaldan azad edilmiş Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycan da saxlanılan erməni əsilli şəxsləri azadlığa buraxdı. 

 

Nazir müavini bildirib ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında əsas vəsatəti Azərbaycanda saxlanılan cinayət törətmiş şəxslərin dərhal və qeyd-şərtsiz buraxılmasıdır:



“Məhkəmədə dinləmələr zamanı Ermənistan tərəfi özlərinə ayrılmış vaxtın böyük əksəriyyətini bu məsələyə həsr edib. Bu tələbi Azərbaycanda həmin şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olması ilə əlaqələndirməyə çalışıblar. Tərəfimizdən saxlanılan şəxslərə qarşı bütün ittiham aktları, faktlar beynəlxalq məhkəməyə təqdim edilib. Nəticədə beynəlxalq məhkəmə Ermənistanın Azərbaycana qarşı qaldırdığı bu vəsatəti tamamilə rədd edib. Vəsatəti rədd etməklə beynəlxalq məhkəmə Azərbaycanda saxlanılan ermənilərlə bağlı gedən prosesə öz hörmətini göstərib və müdaxilə etməyib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!