Modern.az

Rusiyanın xüsusi nümayəndələri İrəvana gəldilər - Azərbaycanla sərhəddə delimitasiya başlaya bilər

Rusiyanın xüsusi nümayəndələri İrəvana gəldilər - Azərbaycanla sərhəddə delimitasiya başlaya bilər

8 Dekabr 2021, 13:55

Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələri xüsusi hərbi təyyarə ilə İrəvana gəliblər.

 

Moden.az saytı xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsinin gətirdiyi nümayəndələr bu gün İrəvandakı “Erebuni” hərbi hava limanına eniblər.

 

“Hraparak”ın məlumatına görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinə bu həftə başlanıla bilər.

 

“Demarkasiya və delimitasiya komissiyasının erməni nümayəndələrinin kim olacağı  hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək”,-deyə adı çəkilən nəşr yazıb.

 

Ermənistan Müdafiə Nazirliyinin İnformasiya şöbəsinin rəisi Qorq Altunyan jurnalistin bu məslə ilə bağlı sualına konkret cavab verməkdən yayınıb. O bildirib ki, Müdafiə Nazirliyinin funksiyalarının 90%-i məxfidir. 

 

Xatırladaq ki, noyabrın 26-da Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirilib. Görüşdə bir sıra məsələlər barədə razılığa gəlinib. Onlardan biri bu ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılıqdır.

Ermənistan və Azərbaycan liderlərinin dekabrın 15-də Brüsseldə yenidən görüşəcəyi gözlənilir.

Qeyd edək ki, delimitasiya (latınca “delimitatio”- “qeyd”) prosesi qonşu dövlətlər arasında sərhəd xətlərinin müəyyən edilməsinin birinci mərhələsidir. Delimitasiya zamanı xəritələr üzərində topoqrafik göstəricilər - relyef, hidroqrafiya, yaşayış məntəqələri və s. dəqiq göstərilir. Bu prosesdən sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır.

 

Demarkasiya (fransızca “demarcation”- “ayırma”) dövlət sərhədininin müəyyənləşdirilməsinin ikinci mərhələsidir. Demarkasiya əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhədi xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsidir.

 

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür