Modern.az

“Etibar Əliyev ən sərt danışan deputat deyil” - Parlament jurnalistləri başqa adlar ÇƏKDİLƏR

“Etibar Əliyev ən sərt danışan deputat deyil” - Parlament jurnalistləri başqa adlar ÇƏKDİLƏR

Parlament

8 Dekabr 2021, 16:07

Mətbuat deputat Etibar Əliyevin sərt çıxışlarını dərc etməklə onu yenidən gündəmin əsas  mövzuları sırasına daşıyıb. Maraqlıdır ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü olan deputatın budəfəki ittihamları elə adı çəkilən nazirliyə yönəlib.
Qeyd edək ki, son illər Milli Məclisdə təmsil olunan deputatların sərt çıxışlarına çox nadir hallarda rast gəlinir. Belə çıxışlar mətbuat üçün göydəndüşmə hesab olunur.

Milli Məclisin ən sərt danışan deputatı Etibar Əliyevdirmi? Bu sırada daha kmimlərin adını çəkmək olar?

Parlament jurnalistləri bu sualla bağlı fikirlərini Modern.az-la bölüşüblər.

"Ədalət" qəzetinin əməkdaşı Nicat Novruzoğlu deyib ki, Etibar Əliyevin sosial şəbəkələrdə, mətbuata açıqlamalarında sərt ton nəzərə çarpsa da, Milli Məclisdə bunu görmək mümkün deyil:


"Vahid Əhmədov, Sabir Rüstəmxanlı və Aqil Abbas sərt danışan deputatlardır. Bu üçü sözün düzünü deyir, daha sərt tənqidlər edir. Kimlərsə düşünər ki, Aqil Abbasın adını qəzetimizin təsisçisi olduğu üçün çəkmişəm, xeyr, mən gördüklərimi deyirəm. Məsələn, Aqil Abbas dəfələrlə səhiyyəni və digər sahələri sərt tənqid edib.
Vahid Əhmədov konkret olaraq hansısa nazirliyin fəaliyətsizliyini açıb deyir, Sabir Rüstəmxalı da onun kimi.
Etibar Əliyevə gəldikdə, o, Milli Məclisdə yox, ancaq sosial şəbəkələrdə, mətbuatda sərt fikirlər səsləndirir. Obyektiv olaraq fikirlərim bundan ibarətdir".

Oxu.az saytının parlament müxbiri Aqşin Kərimovun sözlərinə görə, sərt danışmaq deyərkən müəyyən meyarlar nəzərdə tutulmalıdır:


"Sərt danışmağın xarakter və mahiyyətinin hansı meyarlarla ölçüldüyünü deyə bilmərəm. Etibar Əliyev mətbuatda sərt danışa bilir. Mənə görə söz yox, fikir qışqıran olmalıdır. Tənqid və irad hərtərəfli olmalıdır. Haqlı tənqid və iradları kimlər səsləndiribsə, onları mətbuatda tapmaq olar. Vahid Əhmədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Tahir Kərimli və Əli Məsimli sərt danışan deputatlardır. Əsaslı və faktlara söykənən tənqidləri orataya qoya bilirlər. Bir daha qeyd edim ki, sərt danışmaq deyərkən müəyyən meyarlar əsas götürülməlidir. Məsələn, bir deputat çıxıb qışqırdı ki, “elə olmasa belə edəcəm, elə edəcəm” - bu sərt danışmaq deyil, yumşaq şəkildə desək, etikadan kənar davranışdı".

"Yeni Müsavat" qəzetinin parlament yazarı Elşad Paşasoy bəzi deputatların məsələyə "az aşım, ağrımaz başım" prizmasından yanaşdığını vurğulayıb:


"Açığı, "ən sərt danışan" yanaşması ilə razı deyiləm. Milli Məclisdə tənqidçi deputatlar var. Düzdür, onların sayı azdır, amma hər halda vaxtaşırı ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı mövqelərin şahidi oluruq. Bir sıra deputatlar məsələlərə "az aşım, ağrımaz başım" prizmasından yanaşır, prinsipial əhəmiyyətli mövzulara qarışmamağa çalışırlar, "görən rəhbərlik nə deyər?" gözləntisi də öz sözünü deyir. Bəzən etdiyi çıxışa görə qınağa tuş gələn, həmçinin rəsmi xəbərdarlıq alanlar da olub, bu da deputatlara öz təsirini göstərir. Amma elə payız sessiyası dövründə, büdcə müzakirələrində bir sıra deputatların, o cümlədən Etibar Əliyevin ayrı-ayrı məsələlərlə bağlı tənqidi çıxışları oldu, bir sıra vacib təşəbbüslər səsləndi, təkliflər irəli sürüldü. Tənqid edən tərəf gərək kimdənsə asılı olmasın, sözünü sərbəst şəkildə ifadə edərkən hansısa dairələrin qınağına, tənqidinə rast gələcəyindən qorxmasın. Bu mənada özgüvən mühüm rol oynayır. Seçicisi qarşısında məsuliyyətini hiss edən deputat sözsüz ki, onun mövqeyini ifadə etməkdən sadəcə zövq alacaq. Ancaq çıxışlarını hazırlayarkən seçiciyə deyil, hansısa instansiyalara xitab edən mandat sahibləri üçün çox çətindir tənqidi fikirləri dilə gətirmək".

E.Paşasoy qeyd edib ki, təhsil sahəsinə yaxınlığı ilə seçilən Etibar Əliyev bu sektorun problemlərini yaxından bildiyi üçün belə mövzuda açıq tənqidləri səsləndirir:

"Tənqidi fikirlərin səsləndirilməsi yaxşı haldır, amma ən yaxşısı və faydalısı tənqidin obyekti olanların səslənən fikirlərə operativ, obyektiv yanaşma sərgilməsi, hətta tənqidi fikir sahibləri ilə müştərək qaydada problemlərin həlli istiqamətində səy göstərməsidir. Əks halda, deyilən sözlər elə söz olaraq qalacaq və sadəcə "ürəkdən tikan çıxartmağa" xidmət edəcək. Müvafiq qurumlar parlamentarların dediklərinə həssas yanaşma sərgiləsələr, həm vətəndaş məmnunluğuna nail olarlar, həm deputatların reytinqinin artmasına rəvac verərlər, həm də tənqid söyləməyə ürək eləməyən, yaxud tənqidi fikrin mənasızlığı qənaətində olanların da öz sözünü cəsarətlə deməsinə stimul vermiş olarlar. Yekunda qazanan dövlətimiz və millətimiz olar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?