Modern.az

Almaniyada yeni hökimətin prioritetləri nə OLACAQ?

Almaniyada yeni hökimətin prioritetləri nə OLACAQ?

Dünya

8 Dekabr 2021, 22:08

Almaniyada Olaf Şolzun başçılıq etdiyi koalisiya hökuməti Bundestaqda and içərək rəsmən fəaliyyətə başlayıb. Koalisya müqaviləsinə əsasən hökumətdə yeddi yer social demokratlara, beş yer yaşıllara və dörd yer azad demokratlara veriləcək. Yaşıllar partiyasının bir müddət əvvəl parlayan “ulduzu” Annalena Baerbok ölkənin xarici işlər naziri təyin edilib. Partiyanın digər nümayəndəsi, türk əsili Cem Özdemir isə kənd təsərrüfatı naziri vəzifəsini icra edəcək.

 

Ekspertlər deyir ki, yeni seçiləcək hökumət sayəsində Almaniya bir az da “yaşıllaşacaq”. İqlim dəyişikliyi ilə mübarizə məsələsi koalisiya sazişinin bir çox yerində qeyd olunub. Nəqliyyat, sənaye, tikinti, kənd təsərrüfatı və təbii ki, enerji kimi bir çox mövzu ətraf mühit və iqlimlə bağlı müqaviləyə daxildir.

 

Digər diqqət çəkən məsələ “rəqəmsal transformasiya”dır. Bu kontekstdə tədqiqat və inkişaf işlərinin əhəmiyyətindən bəhs edilir. Bunlara əlavə olaraq demoqrafiya, ixtisaslı kadrlar, immiqrasiya, inteqrasiya, qaçqınlar, irqçilik kimi bir çox problemlərin idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı məsələlər də hökumətin gündəmindədir. NATO-ya sədaqət və onun üzərinə düşən vəzifələri yerinə yetirmək üçün öhdəliklərə də müqavilədə geniş yer verilib.

 

Çərşənbə axşamı mətbuat konfransında Şolz Qərbdə hazırda Rusiya Federasiyası ilə bağlı olan ən aktual mövzulardan birini - Rusiya hərbçilərinin Ukrayna sərhədi yaxınlığında hərəkətini şərh edib.

 

“Ukraynadakı vəziyyəti çox diqqətlə izləyirik. Biz bilirik ki, vəziyyət çox, çox ciddidir. Ona görə də aydındır ki, biz birmənalı olaraq bizim üçün vacib olanı – sərhədlərin toxunulmazlığını müdafiə edirik”, - deyə o qeyd edib.

 

Yeni kansler, həmçinin Donbassdakı vəziyyətin həlli üçün Normandiya formatının (Rusiya, Ukrayna, Almaniya, Fransa) növbəti dəfə effektiv alətə çevrilməsinin tərəfdarı olduğunu bildirib və əlavə edib: “Ukraynanın qaz üçün tranzit ölkə kimi qalmasını qarşımıza məqsəd qoymuşuq. Gələcəkdə də bunun üçün çalışacağıq”.

 

Jurnalistlərə danışan Şolz, həmçinin ABŞ prezidenti Co Baydeni demokratiyalar birliyini gücləndirdiyinə görə tərifləyib və komandasının bütün dünyada demokratiyalarla birlikdə çalışacağına söz verib. Yeni kanslerin vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfərini Parisə edəcəyi də xarici siyasət prioritetlərindən xəbər verir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir