Modern.az

Qarabağ münaqişəsi - Viranə SSRİ-nin uğursuz rəhbərinin mirası

Qarabağ münaqişəsi - Viranə SSRİ-nin uğursuz rəhbərinin mirası

9 Dekabr 2021, 09:03


1991-ci ilin dekabr ayının 8-də Belorusun “Viskuli” hökumət sanatoriyasında B.Yeltsin (Rusiya), S.Şuşkeviç (Belorusiya) və L.Kravçuk (Ukrayna) bir araya gələrək “Belovejsk sazişi” adlanan sənədi imzalamaqla de-yure SSRİ-nin varlığına son verdilər.  Elə təkcə Rusiyanın SSRİ-nin tərkibindən çıxması Sovet hökumətinin məhvi demək idi. Sirr deyildir ki, tarixdə Rusiyanı Avropanın jandarmı adlandırıblar. Rus imperatoru I Nikolayın (1796-1855)  şəxsi dəvəti ilə 1839-cu ildə  Rusiyaya gəlmiş fransız yazıçısı və səyyahı markiz Astolf de Kustin (Astolphe-Louis-Leonor de Custine -1790- 1857) Parisə qayıdandan sonra “Rusiya 1839-cu ildə- La Russie en 1839” adlı kitab yazmışdı. 1843-cü ildə nəşr olunan həmin kitab müəllifə dünya şöhrəti qazandırmışdı. Astolf de Kustin qeyd olunan əsərində Rusiyanı “xalqlar həbsxanası” adlandırmışdır.  (Aussi vaste que soit cet empire, ce n'est qu'une prison dont la clef est gardee par l'empereur- Bu imperatorluq nə qədər geniş olursa olsun, açarı imperatorun əlində olan bir həbsxanadır).  Hərbi qüdrəti çoxaldıqca siyasi ambisiyası daha da artan rus çarları tədricən qonşu əraziləri özlərinə ilhaq edərək faktiki olaraq günəşin heç zaman batmadığı, ucu-bucağı olmayan nəhəng imperiya qurmuşdular. Xatırladaq ki, 17 milyon kv.km ərazisi olan Rusiyanın qərbi ilə şərqi arasında 11 saat fərqi var.  


25 oktyabr (təzə stillə 7 noyabr ) 1917-ci ildə siyasi iqtidara gələn bolşeviklər iqtidarlarının ilkin mərhələsində başda Polşa və Finlandiya olmaqla bir çox ucqar yerlərə müstəqillik verdiklərini elan etmişdilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra  onlar müxtəlif bəhanələrlə öz müstəqilliklərini elan etmiş sabiq əyalətlərini yenidən bir bayraq altında birləşdirmiş və 30 dekabr 1922-ci ildə SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqının) yarandığını bildirmişdilər. Sözdə könüllülük, əslində isə zorakılıq prinsipi ilə təşkil olunmuş SSRİ-də  müxtəlif xarakterli, düşüncə tərzli, fərqli dünyagörüşlü, ayrı-ayrı dillərdə danışan və çeşidli etiqadlara sahib xalqlardan inasanların yeni tarixi birliyini — rus dilində danışan sovet xalqı yaradacaqlarını bəyan edən bolşevik təfəkkürlü strateqlər bu cəfəng ideyanı gerçəkləşdirmək üçün 1991-ci ilin 8 dekabrına qədər çalışdılar. 70 il ərzində cəfakəş sovet adamları üzərində daha hansı təcrübələr keçmədilər?


Ərzaq sapalağı, hərbi kommunizm, yeni iqtisadi siyasət, qolçomaqların bitərəfləşdirilməsi, həmkarlar ittifaqlarının yaradılması,  artellərin təşkili, təktəsərrüfatçılığın ləğvi, kollektivləşmə, kooperativləşmə, sənayeləşmə, staxanovçuluq, OSOVİAXİM-çilik (Общество содействия обороне, авиационному и химическому строительству- Müdafiəyə, aviasiyaya və kimya quruculuğuna yardım cəmiyyəti), savadsızlığın ləğvinə (likbez) qoşulma, xalq düşmənlərinə qarşı mübarizə dəstələrində iştirak, Uzaq Şərqdə Yaponiya ilə, Şimalda Finlandiya ilə vuruşmaq, 1941- 1945-ci illərdə Almaniya ilə muharibə aparmaq, 1946- 1956- cı illərdə dağıtılmış təsərrüfatın bərpası və inkişafı uğrunda işləmək, 1957- 1964-cü illərdə “xam torpaqlar” adlanan ilan mələyən səhralarda gələcəyin sinifsiz cəmiyyəti olacaq kommunizmin binalarının inşasını, nəhəng ölkənin maddi-texniki təchizatının təminatını gerçəkləşdirmək və sairə.., yazmaqla bitməyən işlərlə uğraşan insanlar  çəkdikləri əziyyətlərin qarşılığını görə bilmirdilər.

Xarici aləmdən  tikanlı məftillərlə təcrid olunmuş insanlara kütləvi informasiya vasitələri gecə-gündüz saxta, reallıqla qətiyyən əlaqəsi olmayan məlumatlar tirajlayır və sovet insanlarının dünyanın ən xoşbəxt olması barədə rəvayətlər uydururdular. Nədənsə, bu “xoşbəxt” insanlar illərlə şəxsi mənzillərə sahib ola bilmirdilər, mağazalarda ürəkləri istəyən məişət avadanlığını, sənaye, iaşə, trikotaj məhsullarına həsrət qalırdılar, telefon çəkdirmək, avtomobil sahibi olmaq üçün illərlə növbələrdə gözləyirdilər. Ən zəruri ərzaq məhsulları talonlarla satılırdı. Adambaşına bir aya üçün təyin olunmuş bir kiloqram (bəzən də yarım kilo) yağı, əti, şəkəri almaq üçün saatlarla növbələrdə durmaq lazım gəlirdi. Növbələrdəki qeyri-insani hərəkətləri təsvir etmək, sadəcə, mümkün deyil.  


Sıravi adamların müqəddəs vəzifəsi “bu gün dünənkindən, sabah isə bu günkündən daha çox işləmək” idi. İllər  keçdikcə yüksək tribunalardan publika üçün söylənənlərin gərçəkliklə tərs mütənasib olduğunu  anlayan adamlarda sosialist ideallarına inam sarsılmağa başladı. Onları rəsmi bayram tədbirlərinə- 1 May və 7 Noyabr bayramlarına- təhdid altında gətirirdilər: “Gəlməsən maaşın azaldılacaq, mükafat almayacaqsan”. Tədbir iştirakçıları nə bayram şüarlarını alqışlayır, nə də söylənənləri dinləyirdilər. Mövcud  durumdan zinhara gəlmiş xalq arasında  saysız-hesabsız siyasi lətifələr söylənilirdi. Məsələn, SSRİ rəhbərlərinin marksizmə töhfələri nədir? - sualına bir tələbənin cavabı: “V.Lenin sübut etdi ki,  xalq da dövləti idarə edə bilər; İ.Stalin inandırdı ki, bir nəfər də bu işin öhdəsindən gələ bilər; N.Xruşşov isbat etdi ki, istənilən axmaq da başçı ola bilər; L.Brejnev isə təsdiq etdi ki, dövləti idarə etməmək də mümkündür”.   


SSRİ rəhbərləri arasında bütün baxımdan ən uğursuz, ən bacarıqsız, sözləri ilə əməlləri arasında dərin ziddiyyət təşkil edən ən maymaq başçı isə Mixail Qorbaçov olub. Siyasi boşboğazlığı, gəvəzəliyi, maymaqlığı və bacarıqsızlığı ilə ad çıxarmış, özünü həyat yoldaşı Raisanın iradəsinə təslim etmiş Mişa haqqında  (arvadağız olduğuna görə xalq arasında ona hörmətlə Mişa Raykin deyirdilər) o zamanlar ən populyar olan bir lətifəni xatırlatmaq istəyirəm: Ali partiya məktəbinin müəllimi, tələbədən plakatdakı “КПСС- МИР” (Sovet İttifaqı Kommunist Partiyası- sülhün təcəssümüdür) sözlərinin nə  anlama gəldiyini soruşur. Hazırcavab tələbə dərhal cavab eərir: Əslində o yazı rus dilində sual və cavab cümləsinin baş hərfləridir- “Кто Правит Советским Союзом?- Миша и Раиса”. (Sovet İiitfaqını kim idarə edir?- Mişa və Raisa).

1985-ci ilin martında M.Qorbaçov rəhbər vəzifəyə gətiriləndə həyat yoldaşı onu belə təbrik edibmiş: “Миша, тебе сильно повезло, ты теперь муж жены Генерального секретаря СССР (Mişa, bəxtin yaman gətirib. Sən indi SSRİ-nin Baş katibinin arvadının ərisən).

(Bax:  //tvcenter.ru/biografii/raisa-gorbacheva-v-raspade-sssr/)


Əgər rus imperatoru I Nikolay (1796-1855) bugünkü Ermənistan dövlətinin xaç atasıdırsa, viranə SSRİ-nin uğursuz başçısı Mixail Qorbaçov da qanlı Qarabağ münaqişəsinin rejissorudur.  Qanlı Qarabağ münaqişəsi məhz onun mirasıdır, o uğursuzun  şah əsəridir. SSRİ-nin fəlakətli iqtisadi durumunu, mənəvi tənəzzülünü, iflic vəziyyətə düşmüş siyasi nüfuzunu qismən də olsa düzəltmək əvəzinə Mixail Qorbaçov mənfur “yenidənqurma”- perestroyka- və cəfəng “aşkarlıq” bəhanəsi ilə müttəfiq respublikaların sərhədlərinin yenidən müəyyənləşdirilməsi avantürasına başladı. Guya, İosif Stalinin zamanında bəzi xalqların, ilk növbədə, təbii ki, “məzlum və bəlakeş” ermənilərin ərazilərinün delimitasiya və demarkasiyasında tarixi ədalətsizliyə yol verilib və bu məsələ mütləq  öz həllini tapmalıdır. Guya, Rusiya Kommunist (bolşeviklər ) partiyası 4 iyul 1921-ci ildə Qarabağın Ermənistana verilməsi baradə qəbul etdiyi qərar   İosif Vissarionoviç Stalinin diktəsi ilə bir gün sonra, 05.07.1921-ci ildə Azərbaycan SSR-in lehinə dəyişdirilmişdir (Bax: Постановление Кавбюро от 4 июля 1921 года. ЦПА ИМЛ, ф. 85, оп. 18, д. 58, л. 17. Постановление от 5 июля: ЦПА ИМЛ, ф. 85, оп. 18, д. 58, л. 18  ). 


M.Qorbaçovun zamanında erməni separatizmi çox güclü vüsət aldı və sovet kütləvi informasiya vasitələri  müntəzəm olaraq birtərəfli qaydada erməniləri dəstəkləyən məlumatlar tirajlamağa başladı. 18 iyul 1988-ci ildə Qarabağ erməniləri Azərbaycanın tərkibindən çıxmaq haqqında SSRİ Ali Sovetininin Rəyasət Heyətinə rəsmi şəkildə müraciət edəndə həmin M.Qorbaçovun qəti mövqe bildirməyə cürəti çatmadı. Tərəddüdsüz bildirmək istəyirəm ki, ermənilərin  İrəvanda, Göyçədə, Basarkeçərdə, Zəngibasarda, Qarabağda bizə qarşı kütləvi şəkildə repressiyaya başlamasına, xaricdə yaşayan ekstrimistlərin  meydan sulamalarına bütün imkanları yaradan, hadisələri körükləyən də məhz o oldu. 11 mart 1985-ci ildə (Baş katib K.Çernenko öləndən cəmi 4 saat sonra ) hakimiyyətə gətirilən 54 yaşlı Mixail Qorbaçovun ilk işi özünə münasib bildiyi şəxsləri yüksək vəzifələrə gətirmək və liberallaşdırma oldu.  Onun “liberallaşdırma” planı Orta Asiyada, Şərqi Sibirdə, Baltikyanı ərazidə, Qafqazda və Moldovada etnik münaqişələrin alovlanmasına yol açdı (Bax: R.Beissinger Mark. "Nationalism and the Collapse of Soviet Communism", Princeton University, 2017 ).
İrəvanda və Xankəndindəki hadisələrə köməkçisi Abel Aqanbeqyanın baxış açısından görən M.Qorbaçov ağzının kəsərsizliyi  ilə hayları ruhlandırdı və  onların  “miatsum”  (birləşmə) hayqırtılarının daha da alovlandırdı. Müxtəlif informasiya vasitələrinə verdiyi düşüncəsiz açıqlamaları və məsuliyyətsiz  fikirləri ilə separatizmi körükləyən M.Qorbaçov bütün varlığı ilə Azərbaycana əks mövqedə dayandı, utanmadan ermənilərin haqqı tapdandığını, bu tarixi ədalətsizliyi aradan qaldırmanın məqamı çatdığını vurğuladı.


Diqqət çəkən bir faktı xatırlatmaq yerinə düşər: Sovet vaxtında Ermənistana (1920- 1991-ci illər) rəhbərlik etmiş başçılardan  yalnız bir nəfəri – S.L.Lukaşin milliyətçə erməni deyildi. O da Ermənistana cəmi bircə il (1921 aprel- 1922 aprel) rəhbərlik edib. Azərbaycanda isə Mircəfər Abbas oğlu Bağırov rəhbər olana qədər (15 dekabr 1933-cü il) 9 nəfər əcnəbi (V.İ. Naneyşvili, Y.D. Stasova, V.Y. Dumbadze, Q.N. Kaminski, S.M. Kirov, L.İ. Mirzoyan, N.F. Qikalo, V.İ. Polonski, R.Q. Rubenyan – Mkırtyan) Azərbaycan SSR-nin başçısı vəzifəsində çalışıb.  Müxtəlif yerlərdən axışıb Bakıya gəlmiş ermənilərin hamısı  dərhal şəxsi mənzillərlə təmin olunmuşdu. Məsələn, Bakıda bir nəfər də olsun erməni və ya rus kirayədə yaşamayıb.  M.Qorbaçovun əmri ilə Qorkidə təcrid olunmuş vəziyyətdə həyat sürən, dissident adıyla tanınmış fizik Andrey Saxarov (1921- 1989) 1986-cı ilin dekabrında sərbəst buraxıldı. İkinci arvadı Yelena  Bonnerin (qızlıq soyadı Alixanyan- atalığı daşnak Gevork Sarkisoviç Alixanyan 1920-1921-ci illərdə Ermənistan SSR-in birinci katibi olub) əlində oyuncaq olan akademik A.Saxarov qapı-qapı gəzib ermənilərin türklər tərəfindən təqiblərə məruz qalması haqqında nağıllar danışırdı. Yeri gəlmişkən, ermənilərin antitürk fəaliyyətlərinin güçlənməsində onun da çox “xidmətləri” vardır.


M.Qorbaçov, nədənsə, özünün bədnam  yenidənqurma (perestroyka) və aşkarlıq (qlasnost) prinsiplərinin gerçəkləşdirilməsinə  türklərdən başlamışdı. Məsələn, 1986-cı ildə Qazaxstanın birinci katibi Dinmuhamməd Günayevi (1911- 1993) vəzifədən azad edib onu Moskvan canişini Gennadi  Kolbinlə  əvəz etməsi qazaxların ciddi etirazına səbəb olmuşdu. Həmin ilin dekabr ayının 17-18 və 19 tarixlərində etirazçılara qarşı hərbi güc tətbiq edilmiş, nəticədə mülki əhalidən  xeyli sayda  adam yaralanmış, həyatını itirmiş və həbsə atılmışdı (Bax: Wayback Machine, Associated Press, 2006).

M.Qorbaçovun fövqəladə  səlahiyyət verdiyi emissarları Telman Xorenoviç Qdlyan və Nikolay İvanov Özbəkistanda “pambıq işi”ni təhqiq və Özbəkistanın mərhum rəhbəri Şərəf Rəşidovu (1917- 1983) ifşa etmək böyük kampaniya başlatmış, yüzlərcə adamı “rəşidovşina” damğası ilə damğalamış, respublikanı, sözün əsl mənasında, çapıb talamışdılar. O vaxtlar SSRİ-də Qorbaçovun sevimli  “komissar Kattanisi” sayılan Telman Xorenoviç Qdlyanın bir sözünü iki eləyən yox idi.


18 oktyabr 1987-ci ildə xeyli sayda erməni etirazçı İrəvanın mərkəzində Qarabağın və Naxçıvanın tarixi hay ərazisi olması və həmin yerlərin Ermənistana birləşdirilməsini tələb edən şüarlar səsləndirəndə güc strukturları laqeyd şəkildə etirazçılara baxırdı. M.Qorbaçov ermənilərin 20 fevral 1988-ci ildə bir həftə davam edən fasiləsiz mitinqindən sonra Qarabağ  Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşməsi barədə qərarını da sakitçə qarşıladı (Bax: Thomas de Wall. Black Garden, New York, 2003, pp.10-12  ). Bir həftə sonra 28 fevral 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə görə isə şəhərə general- leytenant Krayevin komandanlığı ilə 10 min silahlı əsgər, desantçı, tank və matros gətirilmişdi (Bax: Toronto Star. March 22, 1988 ). 28 aprel 1988-ci ilə Henri Borovikin  mərkəzi televiziyada  nümayiş etdirilən 90 dəqiqəlik verilişində hadisələr  vicdansızca və məkrli  tərzdə işıqlandırıldı,  halbuki Böyük Qarakilsədə (Quqark ), Yaqublu, Pəmbək (Vanadzor)  qətliamında dəhşətli işgəncələrlə öldürülmüş çoxsaylı Azərbaycan türkləri haqqında kütləvi informasiya  vasitələri inadla   susdu. Sumqayıt hadisələrinə görə 400-dən çox azərbaycanlı  istintaqa cəlb olundu, cəzalandırıldı, hətta  qeyd olunan işdə təqsirli bilinən Əhməd Əhmədov  haqqında ölüm hökmü çıxarıldı.


1988-ci ilin iyul ayında ABŞ Senatı ermənilərə maliyyə dəstəyi vermək üçün 2690 saylı düzəlişi qəbul etdi. 7 iyul 1988-ci ildə Avropa Parlamenti də erməniləri dəstəkləyən qərar çıxartdı. 27 sentyabr 1990-cı ildə erməni diasporunun  təsiri ilə ABŞ-da demokratiyadan dəm vuran 130 beynəlxalq hüquq müdafiəçisi, nüfuzlu elm və incəsənət xadimi Azərbaycanda yaşayan məzlum erməniləri qoruma altına almaq çağırışı ilə dünya ictimaiətinə müraciət imzaladı (Bax: //www.nybooks.com/articles/1990/09/27/an-open-letter-on-anti-armenian-pogroms-in-the-sov/).
Azərbaycanın haqq səsinə kar qalan, Azərbaycan həqiqətlərinə kor qalan  M.Qorbaçov və onun əlaltıları isə  böyük canfəşanlıqla  erməniləri əzizləməklə məşğul idilər. 1990-cı ildə M. Qorbaçovun əmri ilə Bakıya daxil olan sovet qoşunları xüsusi amansızlıqla dinc əhaliyə qarşı hərbi cinayət törətdi.  20 yanvar 1990-cı il qırğınına görə də  məhz M. Qorbaçov hüquqi məsuliyyət daşıyır.  

         
Özünü SSRİ-nin siyasi varisi elan etmiş Rusiya rəhbərliyinin hərəkətlərində  bu günlərdə eyni siyasi səhvləri təkrarlamaq əlamətləri hiss olunur. Yenə də çarizm və sovet dövrlərində olduğu kimi, ermənilərə canfəşanlıq, onları qorğalamaq, himayə etmək, müxtəlif bəhanələrlə ermənilərin şil-küt olmuş xəyallarını dirçəltmək, onlara ürək-dirək vermək, aşkar və gizli şəkildə erməniləri təchiz etmək meylləri artmaqdadır.  Bizə üzdə bir söz, onlara başqa söz söyləyib (Anadolu türkləri buna “mavi boncuk dağıtmak” deyirlər) bizim başımızı qatıb ermənilərə vaxt qazandırmaq girişimləri təhlükənin ciddiyətindən xəbər verir. Zəngəzur dəhlizinin açılması işinin gecikdirilməsinə əsla imkan verilməməlidir. Azərbaycan tərəfini sürəkli şəkildə səbrli olmağa, ermənilərə  qarşı tolerans göstərməyə  çağıranlara rus dilində  işlənən “остаться у разбитого корыта” – sınıq təknə yanında qalmaq- ( çox şey istəyib azdan da məhrum qalmaq mənasında)  ifadəsini xatırlatmaq  bu məqamda yerinə düşür.



Ramazan SİRACOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi