Modern.az

Pandemiyadan sonra ilk seçkilər - GECİKMƏNİN SƏBƏBLƏRİ

Pandemiyadan sonra ilk seçkilər - GECİKMƏNİN SƏBƏBLƏRİ

Aktual

12 Dekabr 2021, 17:29

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yaxın vaxtlarda Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçiriləcəyini açıqlayıb.

 

 

Qeyd edək ki, hazırda parlamentdə 5 deputat yeri boş olduğundan 125 seçki dairəsindən 120-si təmsil olunur.

 

 

Milli Məclisə təkrar seçkilərin prosedur qaydaları Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib.

 

 

Həmin maddəyə əsasən, Dairə seçki komissiyası və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir.

 

Həmçinin, deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməzsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

 

 


Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb.

 

 

Prezident hətta Milli Məclisin hazırkı çağırış müddətinin bitməsinə qədər təkrar seçkiləri təyin etməyə bilər. 

 

 

Bu barədə Modern.az-a danışan Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev xatırladıb ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı bəzi dairələr üzrə seçkilər baş tutmamış və etibarsız hesab edilmişdi. Seçki Məcəlləsinin tələblərinə görə, həmin dairələr üzrə təkrar seçkilər həyata keçirilməli idi:

 

 

"Lakin COVID-19 pandemiyası zamanı bir sıra məhdudiyyətlər tətbiq olunduğundan və insanların sağlamlığı üçün ciddi təhlükə yarandığından belə bir halda seçki keçirilməsi və seçicilərin öz iradəsini nümayiş etdirməsi üçün şərait olmadı.

 

 

Daha sonra Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildi ki, Azərbaycan Respublikası Seçki Məcəlləsi və Konstitusiyaya görə, fövqəladə vəziyyət, yaxud müharibə vəziyyətində seçkilərin keçirilməsi mümkün deyildi. Çünki Seçki Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, yalnız ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz. 

 

 

Məlumdur ki, 2020-ci il 28 sentyabr saat 00:00-dan 12 dekabr 2020-ci il saat 00:00-a qədər Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Milli Məclisin boş qalan deputat yerlərinə seçkilər yalnız hərbi vəziyyət ləğv ediləndən 3 ay sonra - yəni martın 12-dən sonra keçirilə bilərdi. Amma həmin dövrdəki pandemiya şəraiti də seçkilərin keçirilməsinə imkan vermədi.
Hazırda Azərbaycan Respublikasının parlamentinə 5 yer üçün seçkilər keçirilə bilər. Maraqlıdır ki, vəfat etmiş şəxslərə görə, əlavə seçkilərin təyin edilməsi, digər tərəfdə isə etibarsız sayılan dairələr üzrə seçkilərin keçirilməsi var. Bu baxımdan boş qalan yerlərə seçkilərin keçirilməsi üçün müvafiq aktın qəbul edilməsi vacibdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür