Modern.az

Məhəmməd İmanlının istintaqı daha 3 ay müddətinə uzadılıb

Məhəmməd İmanlının istintaqı daha 3 ay müddətinə uzadılıb

12 Dekabr 2012, 18:46

Bir müddət öncə rüşvət faktına görə həbs edilən Bakı Dövlət Universitetinin sabiq dekan müavini, professor Məhəmməd İmanlının cinayət işi üzrə istintaq hələ də davam edir. İstintaq 3 ay ərzində yekunlaşacaq.

Bu barədə Modern.az saytına açıqlamasında Məhəmməd İmanlının hüquqlarını müdafiə edən vəkil Muxtar Mustafayev bildirib: 

“Hazırda Məhəmməd İmanlı Kürdəxanı təcridxanasında saxlanılır. Ailəsi ilə görüşüb. Təkrar görüş üçün də qərar veriləcək ki, bu, baş tutsun”.

İstintaqın nə vaxt bitəcəyinə gəlincə, vəkil qeyd edib ki, istintaq növbəti 3 ay müddətinə uzadılıb: “Araşdırma aparılır, istintaq sirri deyilən bir anlayış var, hər şeyi açıqlaya bilmərəm axı... Böyük ehtimalla 3 aya istintaq yekunlaşacaq”.

Vəkil əlavə edib ki, Məhəmməd İmanlının müəyyən xəstəlikləri var, amma bunlar ciddi deyil. “Dindirmələr olub, amma istintaq sirri olduğu üçün hamısını deyə bilmərəm”-deyə vəkil bildirib.

Qeyd edək ki, Məhəmməd İmanlının rüşvət əməli prokurorluğun "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciət əsasında aşkar edilib. Belə ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında saxlanılıb. Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq