Modern.az

"Əjdaha ili"nə eynəksiz baxış - 2012-ci ildə Azərbaycanda nələr oldu?

"Əjdaha ili"nə eynəksiz baxış - 2012-ci ildə Azərbaycanda nələr oldu?

13 Dekabr 2012, 09:45


Artıq 2013-cü ilin astanasındayıq. Yeddibaşlı əjdaha ilin  müxtəlif vaxtlarında öz oduyla gah bizi isindirdi, gah da yandırdı. Oduna isindiyimiz zaman “Əjdaha” bizə xoş anlar yaşatdı. Vay o gündən ki, qəzəbinə tuş gəldik, “Əjdaha” mənfi enerjisini qənaət etməyib odunu üstümüzə püskürdü. Bunun da kədər, təəssüf doğuran acı izləri həyat səhifəmizin bir vərəqinə yazıldı.

Modern.az o səhifələri vərəqləyib.

Elə başlayaq birinci səhifəmizdən. 2012-ci ilin oduna isindiyimiz hadisələrdən biri də məşhur “Eurovision” mahnı müsabiqəsinin ilk dəfə Azərbaycanda baş tutması hamının yaddaşında silinməz iz buraxdı. Həmin gün mənim kimi çoxları da şappa-şup yağan rəhimsiz yağış damcılarının altında mahnı müsabiqəsini izləməli oldular.

Ağız torba deyil ki, yığasan. Məsələn, 8 ildən artıq Macarıstan həbsxanasında saxlanılan azərbaycanlı zabit Ramil Səfərovun bu il Azərbaycana ekstradisiyası hamı tərəfindən birmənalı qarşılanmadı. Amma bu hadisə də 2012-ci ilin quyruğuna yazıldı. O, Azərbaycana ekstradisiya edilən kimi Bakıda elə hava limanındaca prezident tərəfindən əfv olundu.

Qızınmadım “Əjdaha”nın istisinə, kor oldum tüstüsünə deyənlərdən biri də sabiq millət vəkili Gülər Əhmədova oldu. Belə ki, bir müddət ölkə gündəmini zəbt edən məsələlərdən biri də ABU-nun sabiq rektoru Elşad Abdullayevin eks-deputat Gülər Əhmədova ilə əlaqəli yaydığı video material oldu. Qalmaqallı videodan sonra Gülər Əhmədovanın deputat mandatlığı ləğv olundu.

Mətbuat bunu həzm etməmiş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Bakı şəhər Prokurorluğunda Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi açıldı. Bu da əjdaha ilinə növbəti möhür.

19 illik fasilədən sonra keçmiş prezident Ayaz Mütəllibov Bakıya qayıtdı. Amma bu dəfə oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün.

Əcəb məsələlərimiz var. Bir-birinə qarğış edəndə deyirlər ki, qapıvı külək açsın, külək örtsün. Amma küləkli Bakının bu il qonaqları o qədər bol oldu ki, külək əsməyə belə fürsət tapmadı. Bakı 70 ölkəyə ev sahibliyi etdi. 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700 nəfərin iştirak etdiyi İkinci Beynəlxalq Humanitar Forum Bakıda baş tutdu.

İdmançılarımız da kim sevirsə idmanı poladdan olar canı deyib Londona üz tutdular. Polad canlı idmançılarımız XXX London olimpiadasından evə əli boş qayıtmadılar. 53 idmançı ilə Böyük Britaniya paytaxtına yollanan millimiz 2 qızıl, 2 gümüş, 6 bürünclə (10 medal) geri döndü.  

Sürət həddini aşmağa isə ancaq “Formula-1” yarışlarında iştirak edənlərə icazə verdilər.

Bu il daha çox kişilərin yadında qaldı. O səbəblə ki, Rihanna, Cennifer Lopez, Şakira tənbəllik etməyib qadınlarımızın acığına Cristal Holl-da konsert verdilər. Türkiyənin arı balı pətəyi Türkan Şoray isə bakılılarda nostalji hisslər yaratdı.

Deyəsən, növbəti illərdə Azərbaycan qaz vurub qazan dolduracaq. Artıq qazanımız qaynamağa başlayır. Prezident İlham Əliyev “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” (TANAP) sazişin təsdiq edilməsi haqqında qanunu imzaladı.

“Əjdaha”nın alovu Rusiyada yaşayan həmyerlilərimizə də təsir etdi. Yetərincə tanınmış simalar – baş nazirin keçmiş müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Ağamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov bir yerə yığışaraq Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqını yaratdılar.

“Sənə əjdaha lazımdır?” deyən səhnəmizin İsrafilini “əjdaha” haqq dünyasına apardı. Amma itirdiklərimiz bununla qurtarmadı. Azərbaycanın tanınmış ictimai xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu akademik Budaq Budaqovda dünyasını dəyişdi.

Adəmi adəm eləyən paradır,
Parasız adəmin üzü qaradır.

Amma deyəsən, bu il 2013-cü ilə üzü qara getməyənlər də olacaq. Sovet əmanətlərinin qaytarılması xəbəri 2012-ci ilin 1 iyun tarixini əmanətçilərin xatirələrinə qızıl həriflərlə yazdı.  

Bu il şam deyib dad elədik. Günün günorta çağı çıraqla gəzib bir şam tapa bilmədik. Nə var, nə var “Qiyamət günü”ün yaxınlaşdığı ilə bağlı xəbərlər yayıldı. Deyirəm vallah həyətdə oturan qadınların bolluca söhbət mövzusu oldu. Amma Moşunun bir sözünü unutdular ki, “bu gözəl dünyanı dağıdan elə qadınlardır”.

Vəssalam, kitabı bağlayıram, tamam.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər