Modern.az

“Şəxsiyyət vəsiqəsi ilə Rusiyaya gediş-gəliş çoxdan qeyri-mümkündür” - Ekspert

“Şəxsiyyət vəsiqəsi ilə Rusiyaya gediş-gəliş çoxdan qeyri-mümkündür” - Ekspert

13 Dekabr 2012, 10:51

Rusiya Federasiyasının prezidenti Vladimir Putin parlamentin yuxarı palatası olan Federal Məclisdə illik çıxışı zamanı bildirib ki, ən geci 2015-ci ilə kimi MDB ölkələrinin vətəndaşlarının daxili pasportlarla Rusiyaya girişi qadağan olunmalıdır. Yalnız bu halda Federasiyadakı əcnəbi vətəndaşlara ciddi şəkildə nəzarət eləmək mümkün olacaq.

  Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Modern.az-a açıqlamasında bildirib ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasından kənarda Azərbaycan vətəndaşını şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının pasportudur. “Burada şəxsiyyət vəsiqəsi ilə Azərbaycan hüdudlarından kənara getmək nəzərdə tutulmayıb. Yalnız İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 1992-ci ildə imzalanmış memorandum var idi (dünən parlamentdə ləğv edildi) 2000-ci ilə qədər həmin razılaşmaya görə, Azərbaycan vətəndaşları keçmiş SSRİ pasportları və yaxud şəxsiyyət vəsiqəsi ilə və ya 9 saylı formada arayışa xüsusi içlik əlavə etməklə İran İslam Respublikasına gedə bilərdilər”.  

Ə. Əliyev qeyd edib ki, eyni zamanda bir ara Rusiya Federasiyasına da SSRİ pasportları ilə gedib gəlmək olardı. “2005-ci ildə SSRİ pasportlarının Azərbaycanda tətbiqi dayandırıldı və hazırda Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə Rusiya Federasiyasına, İran İslam Respublikasına və digər ölkələrə gedib-gəlmək nəzərdə tutulmayıb”. Ə. Əliyev deyir ki, V. Putinin bu çağırışı ola bilsin ki, Belorus və Ukrayna vətəndaşları üçün nəzərdə tutulub. “Səhv etmirəmsə, Belarusun vətəndaşları daxili pasportla heç bir maneə olmadan Rusiyanın ərazisinə daxil olurlar. Ola bilsin ki, bu Belarus və Ukrayna üçün vətəndaşlarına aiddir”. 

Aytən Əliyeva  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir