Modern.az

Bakıda fərqli üslub ortaya qoyan “Nargis” jurnalının təqdimatı olub - FOTOLAR

Bakıda fərqli üslub ortaya qoyan “Nargis” jurnalının təqdimatı olub - FOTOLAR

14 Dekabr 2012, 09:45

Dekabrın 13-də Bakı Biznes Mərkəzində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin təntənəli təqdimatı olub. 
AzərTAc xəbər verir ki, Azərbaycan mətbuatında yeni və tamamilə fərqli bir üslub ortaya qoyan “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır.
Moda və incəsənət aləmində oxucunun əsl bələdçisinə çevriləcək bu jurnalda modaya aid hər şeyi tapmaq olar. Bu nəşrin səhifələrində mövsümün yenilikləri, dəb aləmində müasir tendensiyalar, kübar həyat, afişalar və s. tanış olmaq mümkündür.
“Nargis”in oxucuları həm də incəsənət aləmində baş verən yeniliklər barədə dolğun məlumat ala biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaq.
Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yenilik gətirən “Nargis” jurnalı baş redaktorun anası - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevanın şərəfinə “Nargis” adlanır və üz qabığında onun şəkli verilib.
Jurnalın təqdimatının dekabrın 13-də keçirilməsi də təsadüfi deyil. Məhz həmin gün Nərgiz Paşayeva öz ad gününü qeyd edib.
İlk nömrədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer alıb.
Jurnalın səhifələrində, həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.
Yeni jurnal ingilis dizaynerləri tərəfindən hazırlanıb. Lakin “Nargis” – sadəcə təsvir və mətnlər demək deyil, bu, yeni adlar, üslub və dizaynın yeni çalarları, yeni hədəf və imkanlar deməkdir.
Jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək.
“Nargis”in hər buraxılışında Azərbaycan və dünyanın məşhur ulduzları ilə eksklüziv müsahibələr, maraqlı məqalələr dərc olunacaq. Hər nömrəsi 5000 nüsxə ilə çap olunan jurnalın “Moda” (Fashion), “Mədəniyyət” (Culture), “Simalar” (People), “Sağlamlıq və gözəllik” (Health and Beaty), “Həyat tərzi” (Lifestyle) kimi rubrikalarında müvafiq sahələrə aid ən son xəbərlərlə tanış olmaq mümkündür.
Jurnalın yaradıcı kollektivi həm Azərbaycanda, həm də xaricdə mövcud olan digər nəşrlərlə müqayisədə daha üstün və qeyri-adi məhsul yaratmağı qarşısına məqsəd qoyub. Jurnalın ilk nömrəsinin təqdimat mərasimi bu məqsədə nail olunduğunu söyləməyə əsas verir.
Tədbir müasir musiqi ilə yanaşı, norveçli dizayner Kristian Aadnevikin geyim kolleksiyasının sərgisi, Bakıdakı JAN modalar evinin yeni modellərinin nümayişi, nəhayət dj Mansurun iştirakı ilə davam edib.






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir