Modern.az

80 yaşlı Xalid Əlmirzəyev: “Müxalifət həqiqi müxalifətdirsə, vahid namizədlə seçkilərə getməlidir” - MÜSAHİBƏ

80 yaşlı Xalid Əlmirzəyev: “Müxalifət həqiqi müxalifətdirsə, vahid namizədlə seçkilərə getməlidir” - MÜSAHİBƏ

14 Dekabr 2012, 13:11

“Mən həyatdan yaxın dostlarım, qələm yoldaşlarım kimi getmək istəmirəm...”

Modern.az
saytının müsahibi filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyevdir. X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib. 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.
Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Onun 80 yaşı tamam olur.

– Azərbaycanın ictimai-siyasi proseslərində hər zaman yaxından iştirak etmiş insanlardan, aktiv siyasətçilərdən olmusunuz, amma bu gün nədənsə ziyalı, ağsaqqal sözünə ehtiyac duyulan bir anda arxa plandasınız. Bu nə ilə əlaqədardır?

– Bu, ilk növbədə səhhətimlə bağlıdır. Ayaqlarım ağrıyır, yaxşı gəzə bilmirəm, çox vaxtı müalicədə oluram. Fiziki cəhətdən çətinlik çəkdiyim üçün ictimai-siyasi proseslərdə fəal iştirak edə bilmirəm, heç yana gedə bilmirəm. Hər halda radiodan, televizordan mənə tez-tez suallar verilir, mənimlə əlaqə saxlanılır və mən də bir ziyalı kimi mülahizələrimi verirəm. İndi daha çox evdə olduğum üçün elmi işimlə məşğulam. Son 10 ildə 11-dən yuxarı monoqrafiya və kitablarım çıxıb. Həmin kitablarda qoyulan problemlər ictimai həyatımız, tariximiz, milli varlığımız, azadlıq, demokratiya məsələləri, dövlətçilik məsələləri ilə bağlıdır. Açıq meydanlarda, mitinqlərdə fəal iştirak edə bilməsəm də yazımla, qələmimlə bu sahədə yenə öz fəaliyyətimi davam etdirirəm.

– Azərbaycanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz, ölkədə milli həmrəyliklə bağlı təhdidlər varmı?

– Hesab edirəm ki, milli həmrəylik mütləq olmalıdır. Çünki çətin vəziyyətdən çıxmağımız, mürəkkəbləşmiş problemlərin həlli də ümumi rəyin nəticəsində əldə etmək olar. Bu cəhətdən onun tərəfdarıyam ki, həm iqtidarda, həm müxalifətdə olan siyasi qüvvələr çox yaxşı olardı ki, üz-üzə oturub o məsələləri müzakirə etsinlər. Hazırkı dövrün tələbləri, dünyanın indiki vəziyyətindən çıxış edərək ölkədəki problemlərin həlli haqqında müəyyən qərarlar qəbul etsinlər.

– Bəs ölkədə vətəndaş həmrəyliyi ilə bağlı hansısa problemləri görürsünüz, bu vəziyyəti necə qiymətləndirirsiniz?

– Çox vaxtı həm iqtidar, həm müxalifət qüvvələri arasında anlaşılmazlıq olur, müəyyən məsələlərdə həmrəylik yoxdur. Ümumi məqsəd ətrafında müəyyən nəticələrə gələ bilmirlər. Bu əlbəttə, yaxşı hal deyil. Bu, həm ölkə daxilində gərginlik yaradır, insanların narahatlığına səbəb olur, digər tərəfdən, ölkədə yaranan müəyyən anlaşılmaz vəziyyət beynəlxalq miqyasda da yaxşı qarşılanmır.

– Prezident seçkilər yaxınlaşır, amma müxalifət düşərgəsində hələ də müəyyən fikir ayrılığı var, vahid namizəd irəli sürmək fikrinə gələ bilmirlər. Bu barədə fikirləriniz maraqlıdır.

– Müxalifət özünü həqiqi müxalifət hesab edirsə, o zaman birləşməlidirlər, eyni mövqedən çıxış etməlidirlər və mübahisələr aparmadan, bir-birinə ittihamlar sürmədən vahid namizəd məsələsində də razılığa gəlməlidirlər. Çox yaxşı olar ki, vahid namizəd ətrafında birləşsinlər, platformalarını elan etsinlər və seçkilərə getsinlər.

– Bir müddət təhsil nazirinin birinci müavini işləmisiniz, bu gün təhsillə bağlı müəyyən narahatlıqlar var. Problemlərin olduğu qeyd edilir. Sizin bu barədə qənaətləriniz nədən ibarətdir?

– Bu gün təhsilimiz gözlədiyimiz və ümid etdiyimiz səviyyədə deyil. Ali məktəb müəllimiyəm, bunun canlı şahidiyəm. Həm son illərdə qəbul olunmuş tələbələrin səviyyəsi, həm dərslərin səviyyəsi, həm dərsliklər, proqramların səviyyəsi-ümumən təhsilimizə olan münasibət xoşəgələn vəziyyətdə deyil. İldən-ilə vəziyyət daha da mürəkkəbləşir. Əlbəttə təhsil məsələsində çox ciddi islahatlar keçirilməlidir. Burada vahid sistem olmalıdır: sadədən mürəkkəbə, adidən adiyə doğru. İndi o prinsiplər pozulur. Kim harada və necə istəsə proqramlar tərtib edir və aləm bir-birinə qarışıb. Təhsil ölkənin, millətin taleyini həll edən strateji məsələdir. Buna həm dövlət səviyyəsində, həm ümumi ictimaiyyət səviyyəsində çox ciddi baxmaq lazımdır və bu cəhətdən gələcəkdə ciddi işlər görməli olacağıq.

– Dekabrın 16-da 80 yaşınız tamam olur. Hansı hisslər keçirirsiniz, ötən zaman ərzində baş verənlərdən yadda qalan nələr olub?

– Yadda qalan çox şey olub. Məsələn, özümün şəxsi taleyimlə bağlı, ali məktəbə daxil olmağım, elmi müdafiələrim, universitetdə müəllim işləməyim, müəllimlərim o dövr hər zaman xatirimdədir. İkincisi, 1988-ci ildən başlayaraq milli azadlıq hərəkatı başlandı. Biz böyük nailiyyətlər əldə etdik, müstəqilliyimiz əldə etdik. Əlbəttə, bunlar çox fərəhləndirici haldır. Özüm də Hərəkatının fəal iştirakçılarından olmuşam. Həyatımın ən mənalı, ən əziz günlərini hesab edirəm ki, o dövrdə keçirmişəm. Bununla da fəxr edirəm ki, o mübarizədə qalib gəldik, respublikamız müstəqillik əldə etdi və indi o müstəqilliyin bəhrələrini görmək lazımdır, o müstəqillikdən istifadə edib ölkəmizi dünya standartlarına uyğun səviyyəyə qaldırmaq lazımdır. Ən böyük arzum o olub ki, xalqımız millətimiz dünyanın inkişaf etmiş xalqları səviyyəsində dayansın, azad demokratik həyat qursun. Bu 80 ildə şüurlu həyatımın hamısını xalqımızın, dövlətimizin tərəqqisi yolunda mübarizəyə həsr etmişəm, həmişə həqiqəti deməyə çalışmışam. Həqiqəti demək kişilikdir, amma həqiqətin acısını çəkmək ondan da mərdlikdir.

– 80 yaşınızda nələr hiss edirsiniz?

– Sadəcə fiziki cəhətdən bir az zəifləmişəm. Amma arzum, idealım, ağlım hamısı yerindədir. Heç hiss etmirəm ki, 80 yaşım var. 80 yaşı ancaq fiziki ağırlıq nəticəsində hiss edirəm ki, qocalmışam, yaşa dolmuşam. Qalan hisslər, duyğular hamısı öz yerindədir. Elmə, mədəniyyətə olan məhəbbət, sevinc, dövlətimin xalqımın taleyi ilə bağlı hisslər hamısı öz yerindədir.

– Nəvələrinizlə vaxt keçirirsiniz?

– Sözsüz, mənim elə böyük sevincim, fərəhim də onlardır. İnsanın iki böyük həyatı var: bir onun ailə həyatı, uşaqları, nəvələri, nəticələri, bir də onun ictimai həyatı. Xoşbəxt insanam ki, hər iki sahədə olmağı Allah mənə nəsib edib.  

– Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

– Heç yarım saatlıq boş oturan adam deyiləm. Ya oxumalıyam, ya yazmalıyam. Son vaxtlar çox böyük kitablarım çapdan çıxıb, təzəlikcə pyes yazmışam və sağlıq olsun yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyəm. Yəni boş oturmuram, qələm əlimdədir. Musiqinin böyük həvəskarıyam, xüsusilə muğamların. Elə bir muğam konserti yoxdur ki, ona qulaq asmayım, baxmayam. Ümumiyyətlə həm klassik musiqini, həm bizim müasir mahnılarımızı, muğamları çox sevirəm.

– İlk təbriki kimdən gözləyirsiniz və sizin üçün 80 yaşınızda ən böyük hədiyyə nə ola bilər?

– Ən böyük hədiyyə odur ki, millətimiz firavan, sülh şəraitində yaşasın. Böyük problemlərimiz var, özümün taleyimlə, ailəmlə bağlı qayğılarım var, onlar həyata keçsin. Ən böyük arzum və qayğım odur ki, bizim böyük dərdimiz olan Qarabağı azadlığını görüm. Yaxın dostlarım, qələm yoldaşlarım Qarabağ həsrəti ilə bu dünyadan gedib. Mən də o cür getmək istəmirəm. Ona görə də Qarabağla bağlı böyük pyes, ssenari yazmışam. Arzum birinci vətənimizin torpaqları qayıtsın, əvvəlki kimi sərhədlərimiz bərpa olunsun və həm də daxildən bu çəkişmə didişmələrə son qoyulsun. Həm müxalifət, həm dövlət arasındakı qüvvələr razılıq tapıb ölkənin idarəsini daha yaxşı qursunlar. Elə ən çox məni narahat edir ki, təzədən ölkədə münaqişələr, qan tökmələr olmasın. Hər şeyi sakit, ağılla dünya standartlarına uyğun həll edək.  

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi