Modern.az

İsa Hüseynovun “Məhşər” romanı məhşərə çəkildi - roman haqda fərqli RƏYLƏR

İsa Hüseynovun “Məhşər” romanı məhşərə çəkildi - roman haqda fərqli RƏYLƏR

Mədəni̇yyət

14 Dekabr 2012, 14:32

Modern.az daha bir yeni rubrikasını sizlərə təqdim edir. “Şedevr” adlanan bu rubrikada Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, ədəbi-bədii fikrə parlaqlıq gətirən ,bir sözlə nəşri ilə yeni bir ictimai-sosial və ədəbi hadisəyə toxunan əsərlərə, nəsr əsərlərinə müraciət ediləcək. Məqsəd  ədəbi təfəkkürümüz üçün əvəzsiz sayılacaq həmin əsərləri bir daha sevdirmək və oxucu kütləsinin diqqətinə çatdırmaqdır.

İlk olaraq İsa Muğannanın (Hüseynov) “Məhşər” romanı haqqında danışacağıq. “Məhşər” tarixi-fəlsəfi romandır. XİV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, Şərqin böyük filosofu Fəzlullah Nəiminin və böyük hürufi şairi İmadəddin Nəsiminin insan və insanlıq uğrunda qeyri-adi mübarizələrindən bəhs edir. Əsərdə həmçinin maraqlı siyasi konfliktlər, siyasi maraqların toqquşması və bu maraqların insan mənəviyyatının məhvi məsələsi çox böyük ustalıqla təsvir edilir.

“Məhşər” haqqında fərqli rəyləri Modern.az oxucularına təqdim edirik.

Vaqif Yusifli (filologiya elmləri doktoru, ədəbi tənqidçi): ““Məhşər” ən yaxşı romanlardan biridir. İsa Hüseynov tarixi romanda çox şeyləri sübut etdi. Orada bəzi səhnələr var ki, bəlkə də tarixdə bunlar olmayıb. Yəni tarixi mənbələr onları təsdiq etmir. Məsələn, Nəsimi ilə Əmir Teymurun görüşməsi yalnış “tarixi fakt”dır. Amma burada rəmzi olaraq iki fərqli qüvvənin görüşü əsərə əlavə rəng qatır. Nəsimi ölüb gedib, amma o böyük ideya qalıb. İ. Hüseynov da əsərdə məhz bunu yarada bilib. Nəsimini zaman və məkan kontekstindən çıxara bilib.

Aydın Xan (yazıçı-kulturoloq): “İsa Hüseynov - Muğannanın “Məhşər” tarixi romanı ötən əsrin ikinci yarısında Azərbaycan SSRİ kimi güclü dövlətin tərkibində olanda qələmə alınmış kitab-manifestdir. Nəsimi obrazı altında Azərbaycan insanının həm orta əsrlərdə, həm də SSRİ kimi bir imperiyanın tərkibində hər zaman can atdığı milli və mənəvi azadlığının simvoluna çevrilən bu əsərdə müxtəlif qatlar var: tarixilik, milli sivilizasiya sirləri və şifrələri, İslam dininin intellektual tərəfi, sufizm, hürufizm təriqəti fəlsəfəsi, milli azadlıq hərəkatı, Təbriz, Şirvan, Ərdəbildəki gizli cəmiyyətlər, yadellilərə qarşı müqavimətdə insanlarımızın səfərbər olunması, Bütöv Azərbaycan, ədəbiyyatımızın ana dilinə üz tutması, ilahi poeziya və s. Belə bir yükün altına yalnız İsa Hüseynov - Muğanna girə bilərdi. Düzdür, sovet senzoru o romanın daha da kamil yaradılmasına, oradakı fikirlərin, xalqın arzularının mətnin alt qatında deyil, birbaşa yürüdülməsinə heç cür icazə verə bilməzdi, odur sənətkar daha estetik-kulturoloji üsullardan bəhrələnmişdi. Bu roman həm də Azərbaycan tarixi haqqında ədəbiyyatımızda çox möhtəşəm bir söz abidəsidir. Eləcə də ilk intellektual Azərbaycan romanlarından sayıla bilər.

Vaqif Bayatlı Odər (şair): “Əvvəla, düşünürəm ki, “Hüseynovu” ümumiyyətlə deməyək. İsa Muğanna, vəssalam. “Məhşər” çox möhtəşəm əsərlərdən biridir. İsa Muğanna həm bu əsərdə, həm də digər romanlarında təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, hətta dünya ədəbiyyatı üçün də yeni sayılacaq manevrlər etdi. O bu əsərdə bəşəriyyəti xilas edəcək məsələləri çox böyük ustalıqla göstərə bildi. Burada bəşəriyyəti xilas edə biləcək məqamlar var. Təkcə bir regionun yox ümumi dünyanın dərdləri burada göstərilib. İsa Muğanna yaşının bu vaxtında da bu işlərlə məşğuldur və mən bunu alqışlayıram.  

Niyazi Mehdi (fəlsəfə elmləri doktoru, professor): “Yaxşı roman kimi yadımda qalıb. Oradakı etimoloji spekulyasiyalar elmi deyil, bədiidir. Hərçənd yazarın özü deyəsən, onları elmi sayır”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?