Modern.az

Parlament nümayəndə heyətinin İrana səfərindən xəbərlər

Parlament  nümayəndə  heyətinin İrana  səfərindən xəbərlər

Təhsil

22 Fevral 2010, 11:04

Milli Məclisin mətbuat xidməti xəbər verir ki, fevralın 20-də İran parlamentində  Milli Məclisin Sədri  Oqtay Əsədovla  İslam  Şurası Məclisinin sədri Əli Laricaninin görüşü  keçirilib.  Əli  Laricani  bu  səfəri  İran –Azərbaycan  münasibətləri  üçün  əhəmiyyətli  hadisə  adlandırıb: “İran - Azərbaycan  əlaqələri  yaxın  qonşu, qardaş və dost ölkələrin münasibətləridir. Parlamentlərarası əlaqələr bu münasibətlərin çox əhəmiyyətli istiqamətlərindən  biridir. İranın dövlət rəhbərləri həmişə Azərbaycana yaxşı münasibət  göstərirlər  və  bu  təbiidir”. İran  parlamentinin  başçısı  Dağlıq  Qarabağ  probleminə də  xüsusi olaraq toxunub: “İran  Azərbaycanın ərazi  bütövlüyünü  həmişə  dəstəkləyib və  bu  mövqeyində  qətidir. Dağlıq  Qarabağ probleminin tezliklə  həllinin  vacibliyini İrana səfərə  gəlmiş Ermənistan  nümayəndələrinin  diqqətinə  çatdırmışıq. Region ölkələri Dağlıq Qarabağ  münaqişəsinin  həlli  üçün səyləri  artırmalıdırlar. İran buna  həmişə  hazırdır”. 

Milli Məclisin Sədri  Oqtay Əsədov rəsmi  dəvətə  görə  İran  parlamentinin  sədrinə  təşəkkürünü  bildirib: “Azərbaycan  dövləti  özünün  xarici  siyasətində  İranla  münasibətlərə  xüsusi  əhəmiyyət  verir.  Bu  münasibətlər  dövlət başçılarının  müəyyənləşdirdiyi  prinsiplər  əsasında  uğurla  davam edir, ilbəil  genişlənir  və inkişaf  edir.  Azərbaycanın İranla münasibətlərində parlamentlərarası əməkdaşlığın istiqamətlərindən biri kimi  parlament  dostluq  qrupları arasında əlaqələr zəruridir. Hər iki  parlamentdəki komitələrin əlaqələrinin canlandırılması  faydalı olardı”. Qarabağ münaqişəsinin  nizama  salınması  prosesindəki son duruma  toxunan  Azərbaycan  parlamentinin  Sədri  Oqtay Əsədov  məhz  Ermənistanın qeyri-konstruktiv  mövqeyi  nəticəsində bu məsələnin düyünə düşdüyünü Əli  Laricaninin diqqətinə  çatdırıb: “ Dağlıq Qarabağ  probleminin  həlli  göründüyü  kimi nə qədər çətin olsa da  Azərbaycan heç vaxt öz torpaqlarında başqa bir dövlətin yaradılmasına imkan  verməyəcək”. Elə həmin gün Azərbaycan parlament  sədrinin  İranın milli  təhlükəsizlik üzrə  Ali Şurasının  Baş katibi Səid  Cəlili ilə görüş  keçirilib. Bu görüşdə İran – Azərbaycan  münasibətlərinin bir sıra aspektləri  müzakirə olunub. Səid  Cəlili  qeyd  edib ki, İran qonşu və qardaş Azərbaycanın  dövlət müstəqilliyinə, onun  təhlükəsizliyinə  xüsusi  əhəmiyyət  verir və hörmətlə  yanaşır. Azərbaycan  parlamentinin  sədri vurğulayıb ki, Azərbaycanın  təhlükəsizliyi  bütövlükdə  regionun  təhlükəsizliyi  üçün böyük  əhəmiyyət  daşıyır: “Azərbaycan qonşu dövlətlərin təhlükəsizliyinə hörmətlə yanaşır və bütün imkanlarını səfərbər edir ki, bölgədə münaqişələr yaranmasın, mövcud problemlər  beynəlxalq hüquq  çərçivəsində ədalətlə həll olunsun, bölgədə qarşılıqlı faydalı əməkdaşlıq atmosferi yaransın. Lakin Ermənistanın təcavüzkar  siyasəti  hələ ki, buna imkan vermir.  Azərbaycan bütün mümkün  vasitələrdən istifadə edir ki, Ermənistan  təcavüzünün hələ də  qalmaqda olan ağır  nəticələrinə ədalət  və beynəlxalq  hüquq əsasında  son qoyulsun. Bu mənada regionun  bütün dövlətləri bölgəmiz üçün vacib olan təhlükəsizliyin təmin olunmasında səylərini artırmalıdırlar”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!