 
                                    Firuz Mustafa
 
 
 Dünya ictimaiyyəti Zəlimxan Yandarbiyevi Dudayevdən sonra Çeçenistan Respublikasının prezidenti missiyasını yerinə yetirən görkəmli siyasi xadim kimi tanıyır. O, geniş oxucu auditoriyasına həm də cəsur döyüşçü, mərd sərkərdə kimi tanışdır. Öz vətənində isə Zəlimxan bir şair və dramaturq kimi daha məşhurdur. O, özünü əsl şərqli saysa da, Şərqdəki bəzi “söz bülbülləri” kimi mədhiyyə yazan, yalançı pafosla dolu qafiyələrdazlıq edən şairlərdən deyildir. Onun misraları da atdığı güllə kimi sərrastdır, hədəfə dəyəndir. Y.Zəlimxanın pyesləri Qroznıda tamaşaya qoyulmuş, şeir və nəsr kitabıları çap olunmuşdur. 1988-ci ildə Moskvada “Sovremennik” nəşriyyatında dərc olunan məcmuədə onun “Sevirəm Qafqazı mən” adlı silsilə şeirləri dərc edilmiş, həmin poetik nümunələr oxucular tərəfindən maraqla qarşılanmışdır.
 Zəlimxan Yandarbiyevin şeirlərindən birini öz tərcüməmdə oxuculara təqdim edirəm:
MƏNİM RİYAZİYYATIM
 
 Sınaqdan keçirək – 
 biz belə edək;
 əgər hər birimiz hər bir adama
 hər gün xoş söz desə tək bircə kəlmə
 və yaxud yaxşılıq etsə bir damla
 bir ilin ərzində 365 (6)
 xoş söz və xoş əməl cəmlənə bilər.
 Gəlin bu rəqəmi artıraq indi 
 beş milyard dəfə - 
 görün bir nə boyda səadət olar!

Deyirəm qəti:
 heç bir nəhəng silah dağıda bilməz
 insanlar yaradan o səadəti.
 Bəlkə bir sınaqdan keçirək bunu?!
 “MAARİFÇİ” qəzet, 12 fevral 1997-ci il
p.s. Bu yazı qələmə alınarkən Zəlimxan Yandarbiyev sağ idi.
Zəlimxan Əbdülmüslüm oğlu Yandarbiyev (1952-2004) 1996-1997-ci illərdə Çeçenistanda Prezidentin səlahiyyətlərini icra etmişdir. O, dəfələrlə rus ordusuna qarşı döyüş əməliyyatlarında iştirak etmiş, İnterpol tərəfindən terrorist kimi axtarışa verilmişdir.
 Yandarbiyev hələ gənc yaşlarından antisovet şeirlər müəllifi kimi məşhur idi.