Akif  TƏVƏKKÜLOĞLU
 Əməkdar jurnalist
Adamı həsrətmi ovudar Allah ?
 Çəkdiyim həsrətdə təsəllim də var.
 Həsrətsiz yaşamaq olmayır Vallah,
 Həsrətin nə sonu, nə əvvəli var.
Təpədən - dırnaqa həsrətdir dünya.
 Gündüz tamarzıdır ulduza-aya.
 Gecə bürünsə də, şənliyə, toya
 Zülmətin gündüzə bir həsrəti var...
Ağac həsrət qalır qışda yarpağa,
 Susuz torpaq dönməz bağçaya – bağa,
 Qalaqlanıb sinəmdə həsrət dönübdü dağa,
 Hər kəsin ötən çağa qayıtmaq həsrəti var...
Qəlbimdə çay kimi həsrət axını,
 Bürüyüb laylaya uzaq – yaxını,
 Hansını söyləyim, deyim hansını,
 Mənim dünya qədər bir həsrətim var.
Gözlərimiz yoldadır, nisgilli yurd həsrəti,
 Tülkü-çaqqalı boldur, meşəsi “Qurd” həsrəti,
 Bəhrəsiz qalan bağlar alma-armud həsrəti
 Yağmalanan torpağın azadlıq həsrəti var.
Ey həsrətdə yaşayan!
 Dərdi – qəmi daşıyan!
 Bil ki, zaman gələcək,
 Ellər yurda dönəcək!
 Nisgilimiz bitəcək!
 Həsrət sona yetəcək!