Modern.az

Nərgiz Cəlilova: “Fikirləşirəm ki, vaxt gələcək mən o adamla yenə rastlaşacam...” - MÜSAHİBƏ

Nərgiz Cəlilova: “Fikirləşirəm ki, vaxt gələcək mən o adamla yenə rastlaşacam...” - MÜSAHİBƏ

Müsahibə

20 Dekabr 2012, 16:12

Modern.az-ın müsahibi tanınmış telejurnalist Nərgiz Cəlilovadır.

- Əməkdaşlarımız bir neçə dəfə müsahibə üçün sizə zəng vurdu, amma çox gec razılıq verdiniz deyəsən, mediadan qaçırsınız..

- Yox, sadəcə bəzən olur ki, mən müsahibəyə daxilən hazır olmuram. Bir də ovqat, məsələn, bir həftə bundan qabaq mənim ovqatım başqa cür ola bilərdi və müsahibə verməzdim. Söhbət ovqatıma düşməlidir, çünki  ovqatım elə olar ki, danışmaq istəməyim. Bəzən telekanallardan çağıranda da ovqatıma düşməyəndə getmirəm.

- Ovqatınız tez-tez dəyişir ki?

- Hə, tez-tez dəyişir, mən əkizlər bürcündənəm. Ovqatım dəyişsə də, sonucda xasiyyətim dəyişmir. Mən illər uzunu necə varamsa, eləyəm, amma bəzi anlarda, məqamlarda dəyişə bilər.

- İnsanlara münasibətiniz necə?

- İstədiyim insanlara münasibətim dəyişmir, nə olursa olsun, ömür boyu istəyəcəm. Mənim ən çox dostluq etdiyim, çevrəmdə olan insanlar yaradıcılıqla bağlı insanlardır. Amma heç bizim peşəyə aidiyyatı olmayan insanlar da var. Mənkiminləsə inciklikdə olanda, kini tez unuduram. Qətiyyən kinli insan deyiləm, kin məndə qalmır, çünki o mənə ağırlıq verir. Niyə mən o ağırlğı özümlə daşımalıyam ki? Müəyyən müddət o yaxşı münasibətləri yadıma salıram və kini unutmağa çalışıram və münasibətim yenidən bərpa olunur.

- Aparıcılığa gəlişiniz necə oldu?

- Biri var ki, bu işin məktəbini bitirmiş olasan, biri də var ki o Allahdan açılan cığırdır. Televizorda müsabiqə olmasını təsadüfən görmüşdüm, sənədlərimi təqdim etdim. Müsabiqədən keçəndən sonra Azərbaycan televiziyasında çalışmağa başladım. Mənə elə gəlirdi ki, hər zaman bu peşəyə doğru gedirmişəm. Bu, Allahın qismətidir. Nələrsə var imiş, Allah onların açılmasını istədi. Düşünürəm ki, başqa bir yolda olsam da, orada sıradan biri kimi yox, şəxsiyyət, seçilmiş fərd kimi olmağa can atacaqdım. Çünki, bu, mənim qanımda-canımda var.

- Uşaqlıqdan hansı peşənin sahibi olmaq istəmisiniz?

- Mənim elə bir böyük arzum olmayıb. Orta məktəbdə oxuyarkən, musiqi məktəbində də təhsil alırdım. Ona görə düşünürdüm ki, konservatoriyaya gedə bilərəm, çünki həddindən artıq incəsənətə, mədəniyyətə meyilli idim. Bir-iki dəfə bir iki mahnı oxumağım da təsadüfi deyil, çünki 10 il musiqi məktəbində təhsil almışam.
- İlk aldığınız qonarar nə qədər idi və onu hara xərclədiniz?

- 1983-cü ildən Azərbaycan televiziyasında çalışmışam. Bizdə o zaman qonarar yox idi, stavka deyirdilər. Bir stavka 4 rubl idi. İnsafa bağlı idi stavkaların yazılması. Ay ərzində yazılan həmin stavkalar toplanırdı və müəyyən məbləğə çevrilirdi. Maaşımız təzə-təzə gələndə 110 rubl idi, sonra yavaş-yavaş artdı. Heç xatırlamıram həmin pula nə aldım.

- Artıq 30 il aparıcılıq təcrübəniz var...

-  Bəli, 30 ildir ki, səhnədəyəm. Səhnədə olarkən, yaşadığın o hissi heç bir şeylə müqayisə etmək mümkün deyil. O ünsiyyət, canlı nəfəs adama elə bir ruh yüksəkliyi verir ki, bu heç nə ilə müqayisə olunacaq deyil.
Bu, bir başqa aləmdir. Onu da deyim ki, aparıcı olan şəxs hər şeydə maraqlı olmalıdır. Cəmiyyətə, bir məclisə çıxanda, bir dükana girəndə, elə küçənin özündə hər zaman özəl olmalıdır. İnsanlar onu televiziyada görürlər və düşünürlər ki, görəsən bu, həyatda necədir? Məncə böyük fərq olmamalıdır. Çünki televiziyada olarkən, yüz faiz dəyişə bilməzsən. Sadəcə, bir az insan özünü yığır.

- Bu 30 ildə heç sizə deyiblər ki, Nərgiz, bu peşədən əl çək, sənlik deyil?

- Yox elə bir hadisə olmayıb.. Kim deyə bilər ki? Onu mənə heç kim deyə bilməz, əksinə hər zaman yaxınlar, dostlar bu yolda dəstək olublar. Mən heç vaxt düşünməzdim ki, belə bir sual verilə bilsin. 

- Bəs siz aparıcılıq arzusunda olanlara demisinizmi?

- Mən tələbədə bacarıq görməyəndə dərhal söyləyirəm, çünki fikirləşirəm ki, vaxtını, zamanı, canını əsəbini bu peşəyə sərf etməsin, çünki başqa bir yerdə bundan da yaxşı mütəxəssis və peşəkar ola bilər. Niyə görə aldadım? Ümumiyyətlə, yalan danışmağı sevmirəm, həyatda ən zəhləm gedən bir şey yalan danışmaq və yalandan kiməsə ümid verməkdir.
1995-ci ildən müsabiqələr keçirirəm, uşaqları seçirəm. Mənim üçün bu çox müqəddəsdir. Hər zaman tələbələrə də deyirəm ki, çox savadlı, bilikli, jurnalistikanı bitirmiş ola bilərsiniz, xarici görünüşünüz gözəl ola bilər, bütün bu toplumun içərisində ola bilər ki, seçilməyəsiniz. Sıradan biri olarsınız. Bu peşə üçün ən vacib olan istedaddır. Allahdan verilən istedad və bacarıq olmalıdır. Bütün bu saydıqlarımızın yanında istedad yoxdursa, qeyri-mümkündür. Aparıcı üçün çox vacib olan tələffüzdür, diksiyadır, bir də səs tembridir. Mütləq bunlar olmalıdır. Hətta belə bir ifadə var ki, deyirlər “aparıcını təkcə xarici görkəminə görə yox, həm də səsinə görə tanımalıdırlar”. Səs bizim əsas alətimizdir.

- Ümumiyyətlə, aparıcı hadisələrdə öz emosiyasını bildirməlidir, yoxsa soyuqqanlı olmalıdır?

- Yəqin ki o soyuqqanlılıq bəzi məqamlarda olmaldır. Biz 90-cı illərdə, müharibənin lap qızğın vaxtlarında çalışmışıq. Bəlkə də o vaxtlar bizim soyuqqanlı olmağımız vacib idi, amma o sovet dövrünə xas olan xüsusiyyət idi. O vaxtlar çox ciddi rejim var idi, aparıcılar hətta başını tərpədə bilməzdilər, amma sonra bu stereotip sındı. Mən o qədər jestlə danışan, bir yerdə otura bilməyən insanam ki, onu mənə nə qədər demiş olsalar da, dəf edə bilmirdim. Rafiq Hüseynov onda söylədi ki, “Nərgiz Cəlilova efirə sərbəstlik gətirdi”, çünki mən hər zaman istəyirdim ki, öz sözlərimlə danışım. O qədər xoşlayırdım ki, öz sözlərimlə, daha sadə cümlələrlə fikirlərimi ifadə edim, tamaşaçı da mənim dediklərimi anlasın. Mən çalışırdım ki, hazırladığım hər bir proqramda tamaşaçıya fikrimi çatdıra bilim. Məsələn, mən  “Pəncərə” proqramında istəyirdim soruşam ki, nəyə görə yaşamağa dəyər? Mən o suala, o kulminasiya nöqtəsinə qədər qonağı gətirməli idim və sonda da çalışırdım ki, istədiyimi alım. 

- “Pəncərə”-dən söz düşmüşkən, nəyə görə bu proqram bağlandı ?

- “Pəncərə” 2 il bundan qabaq çəkilib, həftənin ikinci günləri gedirdi, sonra təkrarı verdilər. Mən onda dedim ki, təkrarı verməklə, camaatı bezdirəcəksiniz. Amma elə bir hal alındı ki, gecə vaxtı təkrarlarda verilişə daha çox insanlar baxdı. Çox böyük tamaşaçı kütləsi qazandı, çəkdiyim zəhmət hədər getmədi. O veriliş yarımçıq qalmadı, sadəcə bizim sponsorla müqaviləmiz var idi, o müddət bitdi. 

- Nərgiz xanım, sizi nə ruhdan sala bilər ?

- Elə bir söz ola bilər ki, məni ruhdan salsın. Tez də ruhdan düşə bilərəm.Amma bir yaxşı xüsusiyyətim var ki, bir balaca müddət o sözün təsiri altında oluram. Sonra unuduram. Mən ümumiyyətlə, kinli insan deyiləm. Hətta kimsə xətrimə dəyəndə fikirləşirəm ki, bir vaxt gələcək mən o adamla yenə rastlaşacam və tamamilə başqa bir söz söyləyəcək. Arxadan danışılanlara isə umumiyyətlə, fikir vermirəm, çünki o arxadadır, mən ondan bir addım irəlidəyəm. Arxadakı söz-söhbətlərə fikir versə idim, tükənərdim. Mən o adamlara nə ilə  cavab verə bilərəm, çalışmağım ilə, günü-gündən püxtələşməyimlə, peşəkarlığımı artırmağımla, öz töhfələrimlə, məsələn, mən bu gün seminarlara gedirəm, ona görə ki, bu, mənim içimdən gələn bir tələbatdır. Mən onu töhfə kimi edirəm. Bu, mənim peşəmdən qazandıqlarımı töhfə kimi gənclərə qaytarmaq istəyimdən irəli gəlir. Bilirsiniz, necə zövq alıram... 

- Depressiyada olarkən vəziyyətdən çıxış yolunu nədə tapırsınız?

- Mənim də hamı kimi çətin günlərim, problemlərim olub. Həm işdə çalışdığım zamanda, həm də ailədə. Depressiyaya düşən, özümə qapandığım vaxtlar olur. Yaxşı bir xüsusiyyətim var ki, müəyyən vaxta qədər o depressiv halım kulminasiyaya çatır. Həmin məqamda Allah elə bil ki,  mənə təzədən nəsə bir pəncərə açır. Və o məqamda mən özümü o depressiyadan çıxarda bilirəm. Çox uzunmüddətli depressiyaya düşmürəm, çünki mən hər gün çalışıram axı. Tutaq ki, mənim depressiya halımdır, axşam çıxmalıyam səhnəyə. Axşam səhnəyə çıxanda mən artıq hər şeyi unuduram. O məqamda mən heç bir şey haqqında düşünmürəm, ona görə, ən xoşbəxt məqamlar o məqamlardır. Elə unudulur ki, o bir-iki saatı sən tamamilə başqa bir aləmdə olursan. Bu peşənin də gözəlliyi ondan ibarətdir, əslində yaşamağa o ilhamı verən də odur. Hansı peşədə olursansa ol, əgər sən o peşəni dəlicəsinə sevmirsənsə, əgər sən o peşəyə tam yuz faiz aludə deyilsənsə, peşəkar olacaqsan, amma parlamayacaqsan, seçilməyəcəksən. Amma mən uşaqlıqdan, hər zaman seçilmək istəmişəm və sıradan biri olmaq istəməmişəm, hər şeydə maksimalistəm. Bəzi şeylərdə maksimum dərəcəyə çatmağa imkan yoxdursa, ona can atmaq lazımdır. İndi biz Leyli və Məcnun kimi sevə bilmərik, amma o sevgiyə can ata bilərik.

- Televiziyada olmağınız ailədə söz-söhbət yaradıb?

- Heç bir söz-söhbət yaratmayıb, ailəm mənim işimə mane olmayıb. Heç buna imkan da verməzdim. Mən bu işi sevirəm və bu işə görə heç nəyi qurban vermərəm, ümumiyyətlə nəyisə qurban verməyi xoşlamıram. Mən hər zaman bir ortaq məxrəc tapacaqdım. Necə ki indi də tapıram.

- Bir az ailəniz haqqında.

- Bir qızım var, hazırda Fransada təhsil alır. Qızım üçün darıxıram, amma “skayp”da danışıram. Bu yaxınlarda yanına gedəcəm. 25 yaşı var. Onun öz dünyası, öz yolu var. Qızım böyüdükcə,  sevgimin 90 faizini ona verirəm. Baxmayaraq ki, aylarla onu görmürəm. Elə bilin ki, o böyüdükcə, mən uşaqlaşıram. 

- Keçmişə qayıtmağı xoşlayırsınız?

- Keçmişsiz bir günüm var? Ola bilməz axı. Heç keçmişsiz gələcəyə də baxa bilmərəm. Keçmiş özəldir. “Ötən günə gün çatmaz”, bunu elə-belə deməyiblər ki... Hər zaman keçdiyin gün deyirsən ki, kaş o gün olardı.

Ümumiyyətlə, hadisələrə zaman uzaqlığından qiymət verirlər. Bu gün siz bəlkə də etdiyiniz işlərə o qədər də önəm vermirsiniz, amma, xatırlayanda tamam başqa bir məna ilə xatırlayırsan. Yaşadığım hər gün, hər hadisə, hər proqram, hər səhnəyə çıxışım həqiqətən də mənim üçün bir hadisədir.

- Bəs hansı günə qayıtmaq istərdiniz?

- Qayıtmaq istədiyim bir gün deyil axı, çoxdur. Çoxdur deyə, ayırmaq istəmirəm. Yaşadığım hər gün, o günlərin içində kədər də çox olub, amma onlar mənim günlərimdir, mənə xasdır. Kədərsiz həyatın rəngi də olmaz. Axı rənglər də müxtəlidir. Yaşadığın hər gün, hər saat, onlar da bir rəngdir. Hər şey birmənalı olanda maraqsız olur, gərək çox şeylər baş versin ki müdrikləşəsən, möhkəmlənəsən, dəyəri də həyata o gözlə verəsən.Gərək həyatı bütün rəngləri ilə yaşayasan.

Hər bir insanın getdiyi bir cığır var. Mən öz cığırımla, başqası isə öz cığırı ilə gedir. Mən çalışıram ki, öz cığırımla gedim. O cığırda mən çox şeylərlə rastlaşa bilərəm və istəyirəm də rastlaşmaq bu həyatı öyrənmək üçün. Amma cığırımı keçmək istəmərəm. Çalışıram da keçməyim. O cığırı keçəndə o artıq mən olmaya bilmərəm. Hər bir insanın özünə uyğun bir əxlaq, mənəviyyat norması var. Bax o normanı aşanda pis olur. Onda o səni incidir və sən fikirləşirsən ki, mən burada səhv etdim. Mən öz çığırıma dönməliyəm, gərək öz yolunla gedəsən, özünə sadiq olasan. Çalışıram ki, davranışıma, hərəkətlərimə bir nizam verim. İstər-istəməz içərimdə var o kompleks. Sən göz qabağındasan, sən gərək hər bir sözünlə, hər bir hərəkətinlə seçiləsən, nümunə olasan, çünki səndən onu gözləyirlər. Efirə çıxan insan üçün istedadla yanaşı, tərbiyə və mədəniyət də çox vacibdir. Əgər daxilində o mədəniyyət varsa, o insan onu tamaşaçıya ötürəcək.

- Hazırda nə işlə məşğulsunuz?

- Təlimlərdir, tədbirlərdir, televiziyadan dəvət olur. İndi prodakşında çalışdığım üçün çalışıram ki, öz layihələrimlə çıxam. İndi bir ideyam var görək həyata keçəcəkmi? Hələ ki, danışmaq istəmirəm. Uzun müddət ciddi layihələr üzərində çalışmışam, bu gün başqa bir formata köklənmişəm, başqa bir format istəyirəm. Daha əyləncəli musiqili bir format, amma bu, hələ ki bir ideyadır.

- “Shoppinq”lə aranız necədir ?

- Əla, çox xoşum gəlir. Bu prosesi xoşlayıram, getmək, seçmək, yaraşdırmaq, nəyisə uyğunlaşdırmaq. Xoşlayıram və həm də bu lazımdır.

Gənc vaxtlarımda klassikaya çox üstünlük verirdim, çünki klassik geyim elədir ki, hər zaman insanı vəziyyətdən çıxarır. Bəzən olur ki, idman geyimdə oluram, hər zaman dikdabanda gəzmək qeyri-mümkundur.

- Bəs xarici səfərlərə?

- Çox xarci ölkələrdə olmuşam. İstanbulda olanda elə bilirəm ki, vətəndəyəm. Dili, dini, imanı, insanları, adları hər şeyi bizə yaxındır. İstanbul mənim üçün başqa bir mənzərədir, o boğaz mənzərəsi.

- Ev işləri görmək sizə nə dərəcədə zövq verir?

- Gəlin burda dayanaq. Ev işləri ilə məşğul olmuram. Çox gözəl bir xanım köməkçim var, mən ona evimin sahibəsi deyirəm. 10 ilə yaxındır ki, mənimlə qalır. Bir müddət valideynlərimlə yaşamışam deyə, hər zaman anam ev işləri ilə məşğul olub. Anam rəhmətə gedəndən sonra artıq köməkçim olub yanımda. Onunla qalıram. Qətiyyən ev işlərinə həvəsim yoxdur. Vaxtım olanda da etmirəm, kitab oxuyuram, TV-yə baxıram, mən televiziyaya baxmağı çox xoşlayıram. Saatlarla televizora baxıram.

- Dostlarınız çoxdur ?

- Yaxın dostlarım, həmkarlarım var, onlarla çox gözəl münasibətlərim var. Rusların bir misalı var ki, yüz manatın olunca, yüz dostun olsun. Bu həqiqətən də belədir ki, bir çox işlər var ki, hansılar ki, pulla həll etmək olar, mən onları dostlarım vasitəsilə həll edə bilirəm. Qohumlarım, bacım-qardaşım, onların uşaqları var... 

- Hər kəsin sevgiyə baxış bucağı müxtəlifdir. Bəs sizin?

- Çox maraqlıdır ona görə yox ki, mən bu barədə danışmağı sevmirəm. Amma o qədər bu işimə aludə olmuşam ki, bütün məhəbbətimi işimə vermişəm. Hər bir insanın içərisində istək və sevgi olmalıdır. Yaradıcı insan üçün hisslərin, duyğuların olmağı çox vacibdir. İnsanların mənə verdiyi məhəbbətdən heç vaxt hayıl-mayıl olmamışam. O sevgini o qədər dolu-dolu yaşamışam ki...  Özəl məhəbbətə gəldikdə isə, təklik Allaha yaraşır, hər bir qadın, kişi istər ki, onun yarısı olsun. Olsa çox yaxşı, olmayanda da Allah necə məsləhət görürsə, elə də olsun. Hər addımbaşı sevmək də qeyri-mümkündür.

Mən çalışmışam ki, mənə heç nə mane olmasın. Mən imkan vermərəm ki, mənim ruh halım, boşluq işimə mane olsun. Sevgisiz dözərəm, amma bu işsiz mən ölə bilərəm, bu işsiz özümü təsəvvür edə bilmirəm

- Sonda sizin müsahiblərinizə verdiyiniz bu sualı mən sizə vermək istərdim: yaşamağa nə üçün dəyər?

- Mən hələ də fikirləşirəm ki, həyatımın o proqramını etməmişəm. O qədər o arzu ilə yaşayıram ki... Hələ də həyatımın o proqramına çatmaq üçün yaşayıram. Elə ona görə yaşamağa dəyər ki, o istədiklərini edəsən. Mənim üçün istədiklərim ümmandır, tükənməzdir. Hələ də həyatımın o proqramını etmək üçün yaşamağa dəyər. Bunun üçün də yaşayacağam, söz verirəm sizə.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü