Modern.az

Sabiq deputat Dünya Türk Gəncləri Birliyinin sədri seçilib - FOTO

Sabiq deputat Dünya Türk Gəncləri Birliyinin sədri seçilib - FOTO

Aktual

21 Dekabr 2012, 18:11

Dünya Türk Gəncləri Birliyinin (DTGB) təşkilatçılığı ilə qurumun 20 illik yubileyi çərçivəsində dekabrın 16-dan 19-dək İstanbulda XV Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirilib.  

Qurultayın açılışında DTGB-nin sədri, 3-cü çağırış Milli Məclisin üzvü Əkrəm Abdullayev çıxış edib, türk gəncliyinin həm daxili inteqrasiyanı təmin etmək, həm də beynəlxalq aləmdə baş verən proseslərdən kənarda qalmamaq baxımından görülən işlərdən danışıb. Qeyd olunub ki, birliyin türk gəncliyinə verdiyi önəm bir tərəfdən daxili inteqrasiyanı təmin etmək, digər tərəfdən beynəlxalq aləmdə baş verən proseslərdən kənarda qalmamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında 20 illik yubileyini qeyd edən DTGB-nin türk dünyasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması işinə töhfələrindən danışaraq, ölkəmizin bu işə xüsusi diqqətlə yanaşdığını vurğulayıb. Türk xalqlarının problemlərindən bəhs edən İ.Babayev Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalını diqqətə çatdıraraq, problemlərin həllində türk dünyası birliyinin və həmrəyliyinin ümumi işə verə biləcəyi töhfələrdən danışıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı,  İraq parlamentin üzvü Fevzi Əkrəm Tərzi, Bolqarıstan Haqq və Azadlıq Hərəkatının partiyasının rəhbəri və 37-38 dönəm Bolqarıstan Parlamentinin üzvü Güner Tahir, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər Fondunun müşahidə şurasının üzvü Məzahir Əfəndiyev Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi, səfir Fikrət Akçura, İstanbul Valisinin müavini Harun Kaya və digərləri çıxış edərək türk dünyasının inkişafında, türkdilli xalqların inteqrasiyasında DTGB-nin mühüm rolunu vurğulayaraq, son vaxtlar bu istiqamətdə türk dövlətləri başçılarının atdığı addımların ictimaiyyət nümayəndələrinin də fəallaşmasına təkan verdiyini bildiriblər.

Azərbaycan, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Mirhəsən Seyidov DTGB komissiyalarının iclasındakı çıxışında DTGB-nin üzərinə düşən vəzifələrin həyata keçirilməsində türkdilli xalqların gəncləri arasında həmrəylik və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib, birgə atılan addımların daha səmərəli olacağını vurğulayıb.

Digər nümayəndə heyətlərinin rəhbərləri də çıxış edərək türkdilli xalqların gəncləri arasında həmrəylik və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından türk gəncliyinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

Sonda Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Seyidova DTGB-nin fəaliyyətindəki xidmətlərinə görə “Hizmət ödülü” mükafatı təqdim olunub.

Qurultayın son iş günündə nümayəndə heyətlərinin qərarlarına əsasən Əkrəm Abdullayev yenidən DTGB-nin sədri seçilib.

Türk Dünyası Gənclik Günləri və Qurultayı çərçivəsində İstanbulda Dünya Türk Gəncləri Jurnalistləri Birliyinin və ilk dəfə olaraq  Qadınlar Şurasının zirvə görüşləri də təşkil edilib. Qadınlar Şurasının zirvə görüşündə qəbul edilən qərarlara əsasən, DTGB-nin nəzdində Dünya Türk Qadınları Təşkilatının yaradılması üçün komitə təsis olunmuşdur. Birliyin Qadınlar Şurasının zirvə görüşündə Azərbaycanı təmsil edən Nərmin Kərimli komitənin üzvü seçilib.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın maddi və qeyri-maddi irsinə qarşı erməni vandalizmi” adlı layihə çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Ankarada işıq üzü görmüş “Bir qış gününün vəhşəti: Xocalı” kitabının təqdimatı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi idarə heyətinin rəhbəri Hikmət Ərən və başqaları çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının acı nəticələrindən danışıb, vəhşicəsinə qətlə yetirilən günahsız insanların qanlarının yerdə qalmayacağını bildiriblər. Qeyd olunub ki, ingilis dilinə çevrilməsi nəzərdə tutulan “Bir qış gününün vəhşəti: Xocalı” kitabı artıq Türkiyədə bütün universitetlərə və vilayət kitabxanalarına paylanılıb.

Türk Dünyası Gənclik Günləri və Qurultayında türk xalqlarını təmsil edən sənətçilər tərəfindən bədii-musiqili gecələr də keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XV Türk Dünyası Gənclik Günləri və Qurultayına bir çox türk xalqlarının təmsilçiləri ilə yanaşı, ilk dəfə olaraq buryat və mari xalqlarının nümayəndələri də qatılıblar.

Tatarıstanın Kazan şəhərində 1992-ci ildə əsası qoyulan DTGB 18 ölkədən 36 türkdilli xalqın 40-dan çox təşkilatını özündə birləşdirir. DTGB-yə rəhbərlik 2009-cu ildən etibarən Türkiyədən Azərbaycana keçib.



Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı