Modern.az

Baş Prokurorluğun “qanlı verilişlər”lə bağlı komissiyası - Telekanalların xəbəri yoxdur

Baş Prokurorluğun “qanlı verilişlər”lə bağlı komissiyası  - Telekanalların xəbəri yoxdur

22 Dekabr 2012, 10:49

Bir müddət əvvəl Baş Prokurorluqda televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılacağı bəyan edildi. Komissiyanın yaradılması üçün əsas kimi kriminal veriliş və xəbərlər zamanı müəyyən qanun pozuntuları – təqsirləndirilən şəxsi günahkar kimi təqdim etmək, onlar haqqında məcburi videoçəkiliş aparmaq, qəza nəticəsində ölən şəxslərin meyitinin açıq şəkildə göstərilməsi və s. göstərildi. Modern.az məsələ ilə bağlı TV-lərin mövqeyini öyrənib.

AzTV telekanalının mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, Dövlət Televiziyasına belə bir bildiriş daxil olmayıb: “AzTV-də kriminal verilişlər getmir, yalnız güc strukturlarının hazırladığı verilişlər efirə verilir. Hər hansı bir hadisə ilə bağlı bülleten yayılır. Bundan başqa, Dövlət Televiziyasında efirqabağı nəzarət komissiyası var. Bu komissiya verilişlərə nəzarət edir və proqramın qanuna uyğun gəlib-gəlmədiyi haqqında rəylər verilir”.

“Xəzər” TV-nin xarici xəbərlər şöbəsinin müdiri Aqşin Kamal bildirib ki, məsələ ilə bağlı “Xəzər”ə heç bir müraciət daxil olmayıb: “Bu barədə bizə rəsmi bildiriş daxil olmayıb, ona görə də heç nə deyə bilmərəm”.  

“Azad Azərbaycan” telekanalının xəbərlər redaksiyasının baş redaktoruVaqif Aydınoğlu: “Bu məsələdən xəbərim yoxdur, bilmirəm ki, bunun bizə aiddiyatı var, ya yox. Biz Teleradio Şurasının qanunu çərçivəsində hərəkət edirik, amma bizdə qan izlərindən tutmuş, azyaşlıların üzünü göstərməklə bağlı qadağalara qədər qaydalara riayət olunur”.

ANS-in ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədov qeyd edib ki, məsələdən xəbərsizidir “Belə bir komissiya olsa, yaxşı olar, hər halda qaydalara riayət etmək lazımdır“.

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov qeyd edib ki, İTV-yə məsələ ilə bağlı heç bir müraciət daxil olmayıb: “Həm də İctimai Televiziya qanlı, insanların əsəblərinə toxuna biləcək səhnələr göstərmirik. Biz tamaşaçının görmək istədiyi kadrların verilməsində maraqlıyıq”.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı