Modern.az

Əhməd Cavad xatirələrin dili ilə - Bir şeirin tarixçəsi... - II Hissə

Əhməd Cavad xatirələrin dili ilə - Bir şeirin tarixçəsi...  - II Hissə

Ədəbi̇yyat

22 Dekabr 2012, 11:09

“Şükriyyə, taleyim şükür Xudaya...”

“Şükriyyə” Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şairlə yaxın dostluq münasibətində olub, dövrünün el ziyalısı sayılan Paşa Hüseynov öz xatirələrində yazır: “1908-1912-ci illər idi. Əhməd Cavadla qonşu idik. Keçmiş Zərdabi küçəsində kirayədə qalırdı. Sənət məktəbində oxuyurdu. Tay-tuş idik. Sözümüz-söhbətimiz tuturdu. Bilirdim ki, gözaltısı var. Acar qızını sevir. Xəlvəti şeir yazırdı. Çoxu da sevgidən, məhəbbətdən. İlk vaxtlar demirdi, oxumurdu heç kəsə. Nəsə gizlədirdi. Utanırdı, yaman həyalı, çəkingən idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim. O zaman hələ çoxunun tanımadığı şairin toyunda iştirak etdim. Yığcam bir sağlıq da söylədim. Hər görəndə deyirdi ki, lələ, sən də əməlli şairsənmiş.

Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə aparır. Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə qonaq qalır. Sonra onlar yenidən Gəncəyə qayıdırlar”.

Şükriyyənin atası sərt, ötkəm adam idi. Qızına vaxtında xeyir-dua verməmişdi. Lakin aylar-illər keçdikcə ata ürəyi dözmür. Süleyman bəy 20 ildən sonra – 1936-cı ildə qızının sorağı ilə Gəncəyə gəlir. Şükriyyə xanımla, kürəkəni Əhməd Cavadla, nəvələri ilə görüşür. Bir neçə gün Gəncədə qonaq qalandan sonra evinə qayıdır. Beləcə yollar açılır, gediş-gəliş başlanır. Amma bir ildən sonra Əhməd Cavad həyatla vidalaşmalı olur.

Atası Əhməd Cavad ailəsi ilə yaxın dostluq münasibətində olan başqa bir şəxs Gəncə sakini Hamlet Allahverdiyev də bu xatirələrə toxunur: “Eşitdiyimə görə, Batumda Süleyman bəylə tanış olan Cavad onun Şükriyyə adlı qızına aşıq olur. Qız da şairi sevir. Cavad utanır özü Süleyman bəydən Şükriyyəni istəməyə, yaxın dostu Əli Səbridən məsələni Süleyman bəyə açmağını xahiş edir. Dostunun elçiliyini edən Əli Səbri Süleyman bəydən soruşur: “Cavad əfəndi nasıl biridi? İyi oğlandırmı?” Qız atası: “İyi, iyi. Gözəl şeirlər də yazıyor”. Süleyman bəyin müsbət cavabından ürəklənən elçi Şükriyyəni Cavada istəyir. Amma Süleyman bəy “qızılbaşa qız verməm”, – deyir. Çünki onlar sünni, Cavad isə şiə idi. Süleyman bəy qızı verməsə də, Şükriyyə Cavad əfəndiyə qoşulub qaçır. Qızı Batumdan Gəncəyə dayım Məşədi Ağanın evinə gətirir. Anam danışardı: “Bir gün Cavad əfəndi 15-16 yaşında hündürboylu, ağbəniz, alagözlü, qıvrımsaçlı çox gözəl bir qızla bizə gəldi. Qızı Batumdan qaçırmışdı. Beş gün bizdə qalıb sonra getdilər”. Həmin ev indiki Heydər Əliyev prospektində idi. 1945-ci ildə o evi uçurdular. 
Anam Cavad əfəndini də çox tərifləyərdi. Çoxları Əhməd Cavada ortaboylu deyir. Amma anam danışardı ki, o, hündürboylu, qonurgözlü, yaraşıqlı kişi olub. Şükriyyə ilə bir-birilərini çox sevərmişlər".

Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olur. Şükriyyə şairə beş övlad bağışlayıb. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də "Şükriyyənamə" indi də dillər əzbəridir. Şükriyyə xanım da Əhməd Cavad repressiyaya uğradığı vaxt əsil qadınlıq mücəssəməsi nümayiş etdirir. Şairdən heç vəchlə imtina etmir. O, uşaqlarından təcrid edilərək Qazaxıştana sürgün edilir.

Bir şeirin tarixşəsi...

1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan sonra şair yoldaşından bir xahiş edir...

Deyir ki, indi sənə bir şeir verəcəm, onu oxu, əzbərlə və cır. Zamanı gələndə üzə çıxar. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir, kağızı cırır. 1937-ci ildə Əhməd Cavadı tuturlar. Və bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”ylə güllələnir...

Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovetlər dağılmayıb. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. “Susmaram!!!” bu dəfə oğulun hafizəsinə köçür .

90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul – Fazil Məmmədov şeiri yaddaşından dilinə ötürüb, ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur. 68 ildən sonra üzə çıxan şeir budur:

Susmaram!!!

Mən bir qulam, yük altında
         əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
         ahu-zardır sirdaşım...

Damğa vurub, zəncirləyib
         tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər
         məskən olmuşdur mana...

Mənə «dinmə, sus!» - deyirsən,
         nə vaxtacan susacam?
Böhranların, hicranların
         məhbəsində qalacam?!

Niyə susum, danışmayım,                                                                          
         insanlıqda payım var,
Mənim ana Vətənimdir
         talan olan bu diyar?!

Niyə susum, danışmayım,
         türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların
         Vətənində kimdir bax!

Susmayacam!!! Qoy atsınlar
         yük altında ölüncə
Təhqirlərə dözə-dözə
         düşmən mənə gülüncə...

Süd verərkən doğma anam
         belə demişdir mənə:
Səni qurban bəsləyirəm
         türk yurduna-- Vətənə!

Bu dünyada azadlığı
         şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
         rəzilliyi sən unut!

Sənin sevgin Vətən olsun,
         millət olsun, mən olum,
Südüm sənə haram olsun
         xəyanət etsən, oğlum!

Necə susum, danışmayım,
         mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
         di harada qaldı millət?!

Mən bir qulam, yerim altun,
         suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
         elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa
         mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi
         ciyər vərəmdir-vərəm...

Koramal tək sürünməkdə
         denən varmıdır məna?
Nə vaxtacan çörək üçün
         girək hər alçaq dona?

Mən Azəri övladıyam,
         dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə
         gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var,
         məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
         əzilsəm də SUSMARAM!!!

Fikrimizcə, bu şeir ona görə yaşadı ki, indi də bizə  “Susmamaq dərsini” öyrətsin.

Elmin Nuri

***
Həmçinin oxu

Dahilərdən seçmələr - “Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm" - Əhməd Cavad - I Hissə

//modern.az/articles/32247/1/
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi