Modern.az

QHT sektorundan qanun layihəsinə təpki: “Milli Məclis müdrik addım atdı...”

QHT sektorundan qanun layihəsinə təpki: “Milli Məclis müdrik addım atdı...”

Təhsil

22 Dekabr 2012, 11:16

“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin parlamentdəki müzakirəsi dayandırılıb. Buna səbəb qanun layihəsində “surroqat ana” və “donor bankı” kimi mübahisəli məsələlər və bu gün Azərbaycan cəmiyyətinin bu məsələlərə hazır olmadığı göstərilir. Ölkədə fəaliyyət göstərən bir sıra qurumlar da layihənin gündəmdən çıxarılmasını dəstəkləyirlər.

Səhiyyə və Sağlam Həyat İctimai Birliyinin sədri Lətafət Əlizadə hesab edir ki, Milli Məclisin bu addımı alqışlanmalıdır: “Mən süni mayalanma, “surroqat ana” kimi məsələlərə çox pis baxıram. Düşünürəm ki, bunu yüz nəfərdən biri edə bilər. O da o zaman ola bilər ki, qadının əri internatdan uşaq götürməyə qəti razı olmasın. Süni mayalanma etməkdənsə, internatdan uşaq götürməni daha üstün tuturam, bu, həm də savab bir işdir. Nə bilirsən ki, donor kimdir, onun nəsli-nəcabəti kimdir. Həm də süni mayalanmanın sonradan da pis fəsadları olur. Belə bir qanun layihəsinin gündəmdən çıxarılması çox yaxşıdır, mən bütün hallarda uşaq götürüb saxlamağı üstün tuturam”.

Azərbaycan Həkimlər Assosiasiyasının rəhbəri Qalib Əliyev Milli Məclisin bu addımını müdrik addım hesab edir: “Milli Məclis özünün müdrik bir addımını atdı ki, o qanunun bu formada qəbul edilməsini gündəlikdən çıxartdı. Bu qanun layihəsi 2008-2009-cu illərdən müzakirə olunur. O vaxt da bildirmişdim ki, əgər sonsuzluğun profilaktikasından, onun qarşısının alınmasından, sonsuzluqdan əziyyət çəkən insanların sosial müdafiəsindən ,onların hüquqi təminatlarından maddi dəstəyindən söhbət gedirsə, bu qanunun mahiyyətini və adını dəyişmək lazımdır. Burada mentalitetdən başqa bir sıra problemlər də var. Düşünürəm ki, artıq məsələ gündəmdən çıxarılıbsa, yenidən müzakirə obyekti olmamalıdır.”

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!