Modern.az

Müsavatdan AXCP-yə cavab gəldi: “Fuad Qəhrəmanlı bunun tənbehini Əli bəydən alacaq”

Müsavatdan AXCP-yə cavab gəldi: “Fuad Qəhrəmanlı bunun tənbehini Əli bəydən alacaq”

22 Dekabr 2012, 11:25

Müsavat başqanı İsa Qəmbərin vahid namizədlə bağlı son çıxışı müxalifət düşərgəsində narazılıqla qarşılandı. İsa Qəmbərin vahid namizədi Şaxta baba ilə müqayisə etməsi müttəfiq AXCP düşərgəsində də birmənalı qarşılanmadı. Belə ki, müttəfiqlər arasında artıq bir neçə gündür sosial şəbəkələrdə “söz atışması” yaranıb. Tərəflər bir-birlərinin ünvanına qarşılıqlı ittihamlar səsləndirməklə yanaşı, partiya liderlərinə sərt ismarıclar göndərməkdən belə,  çəkinmirlər.

AXCP-nin sədr müavini Fuad Qərhəmanlının Müsavat başqanın ünvanına səsləndirdiyi iradlar qarşı tərəfdə cavabsız qalmadı. Müsavat başqanının müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında Fuad Qəhrəmanlıya adekvat cavab verərək onu müttəfiqlik şərtlərinə boyun qaçırmamağa çağırıb.

“Fuad Qəhramanlının yazdıqlarından belə məlum olur ki, o hələ müxalifətin vahid namizədi ilə əsas namizədi arasındakı fərqin nədən ibarət olduğunu ayırd edə bilməyib. Əgər onun Azərbaycanda özünü müxalifət hesab edən partiyaların, birliklərin, ictimai təşkilatların, ziyalıların arasından vahid namizəd seçmək, müəyyənləşdirmək və ya razılaşdırmaq kimi xüsusi bir bacarığı varsa buyursun. İsa Qəmbər 2003-cü ildə xeyli enerji sərf etsə də, sonda bunun alınmadığının canlı şahididir. Fuad Qəhrəmanlı isə seçkilərdə iştirak haqqında qərar vermədən seçki mühütünün yaxşılaşdırıla bilməsi kimi absurd ideyanı təbliğ etməklə məşğuldur. Əgər İsa Qəmbərin söylədiklərini lazımı səviyyədə qəbul edə bilməyibsə, müttəfiq kimi bunu sosial şəbəkələrdə yaymaq yox, gəlib bir daha bizdən soruşmalı idi. İsa bəyin sözlərindən söz oyunu düzəltməyin tənbehini Əli bəydən alacağına şübhəm yoxdur. Müttəfiqlik cətin işdir. Şərtləri yerinə yetirmək hər kəsin boynunun borcudur. Bunu heç kim unutmasa yaxşı olar”, -deyə G.Aslanlı Fuad Qəhrəmanlıya iradını bildirib.

Qeyd edək ki, F.Qəhrəmanlı Müsavat başqanının müxalifətin vahid namizədi ilə bağlı “Azadlıq” radiosuna verdiyi açıqlamanı tənqid edərək vahid namizədin Şaxta baba ilə müqayisə edilməsinin yalnış olduğunu deyib. O, həmçinin prezident seçkilərinə partiya daxilində qatılan namizədlərin qalib gəlmək şansının olmadığını vurğulayıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır