Modern.az

Qarabağı unutmayaq!

Qarabağı unutmayaq!

Dünya

5 Dekabr 2012, 13:03

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

İndiyə qədər müxtəlif mövzularla bağlı məqalə yazmaqla bir necə dəfə “Deputat-Tələbə” layihəsində həvəslə iştirak etmişəm. O ki, qaldı mövzular Qarabağla bağlı olduqda daha fəxrlə bu layihəyə qoşuluram. Çünki, Qarabağın taleyi biz gəncləri də narahat edir. Çünki, Qarabağı murdar düşmən tapdağından təmizləmək, yad nəfəslərdən qorumaq hər birimizin borcudur. Bu layihədə iştirak etməyimiz hansımızınsa qalib gəlib mükafat almasından asılı olmayaraq Qarabağ haqqında fikirlərimizi bildirməyimiz üçün biz gənclərə verilən bir fürsətdir. Bu fürsətdən istifadə edib bəlkə də fikirlərimizi bildirmək istəyirik ki, Qarabağ iztirabı bizi təhsildə, əməldə, düşüncələrimizdə daha mübariz, prinsipial olmağa öyrədir. Və bizim dönməzliyimiz düşməni vahiməyə salaraq, tezliklə elə bu gənc yaşımızda Qarabağda bir pedaqoq, bir vətənsevər insan kimi çalışmağımıza zəmin yaradacaq. Bu bizim arzumuzdur. Axı biz dünyaya göz açdıqda, bizimlə bərabər arzular da yaranır qəlbimizdə. Öz-özümə fikirləşirəm ki, əgər Qarabağ torpaqlarımız əsarətdə olmasaydı, yəqin ki, biz gəncləri arzular başqa - hər bizimizi bir səmtə aparardı. Bu gün isə hamımız ürəyimizdən keçən vahid bir arzu biz gəncləri birləşdirir. Bu arzu Qarabağımızı azad görmək... Bu arzu “Cəngi”, “Koroğlu” uvertürasının yaradıcısı dahi Üzeyir bəyin, ədəbiyyatımızı bizə sevdirən Vaqifin, qəzəllərinə ruh verən Natəvanın ruhları dolaşan Şuşanın, Qarabağın yenə də yeni istedadlar yetişdirdiyini görmək. Bu arzu – bu gün elimizin müxtəlif guşələrində məskunlaşmış məcburi köçkünlərimizin doğma ev-eşiklərinə, doğma torpaqlarına tezliklə qovuşduğunu görməkdir. Bəli, biz gənclər arzu və ümidlərlə yaşayırıq. Və biz bu arzuların gerçəkləşməsi üçün bütün bilik və bacarığımızı qurub yaratmaq qüvvəmizi səfərbər etməliyik. Ancaq Qarabağ torpaqlarımızı həyasızcasına mənimsəyərək, o torpaqlarda yaşayıb, yaratmaq elə həmişə xəyal,  xülya olaraq qalacaq. Çünki, bu torpaqların adı da özü də, ünvanı da bizik. 20 ildən artıqdır ki, Qarabağ torpaqlarımız hüzn içindədir. 20 ildən artıqdır ki, torpaq yarası bizim ürəyimizi didir. Və bu torpaq yarası biz gənclərin təbii ki, ümumi və birinci dərdimizdir. Biz bu torpaq yarasını heç vaxt unutmamalıyıq. Humanistliyi dünyaya bəlli olan bir xalqın övladlarıyıq biz. Bizim hesabımızda öldürmək, asıb-kəsmək, dava-dalaş, qan tökmək yoxdur – mənfur düşməndən fərqli olaraq. Bu səbəbdən biz düşmənlərə gəncdə olsaq müdrikliyimizlə, təhsil, elm, qurub-yaratmaq sahəsində qazandığımız qələbələrlə cavab verməliyik. Çünki, hər qələbəmiz üç rəngli bayrağımıza göylərə qaldırır, himnimizi bütün dünyaya eşitdirir. Bu him Qarabağa bağlıdır. Çünki bu himnin yaradıcısı – dahi Üzeyir bəy o torpaqdan alıb öz ilhamını. Çünki, o himnin sədaları Qarabağı yaşadır. Çünki, o himn Qarabağın Azərbaycanın bir parçası olduğunun sübutudur. Qələbəsi ilə o himni dünyaya yayan hər bir Azərbaycan gənci “Mən Qarabağlıyam” deyərək düşməni sarsıdır. Düşməni silahsız, ağıl və bacarığımızla sarsıtmaq xüsusiyyəti də bizə Dədə Qorquddan yadigar qalıb. Necə ki, bu əsərin bir boyunda Qazan xandan intiqam almaq istəyən yağı, onun xanımını tapmaq üçün, kimdir Burla Xatun? Sualına 40 qadından “mən, mən” cavabını aldıqda sarsılır. Buna əsasən ölkəmizin hər hansı zonasında doğulub yaşadığımızdan asıl olmayaraq bizim hər birimiz “Mən Qarabağlıya” – deyə səsimizi ucaltmalıyıq. Bunun üçün, biz gənclər irəli – ancaq irəli getməli və bu yolda yorulmadan, usanmadan çalışmalıyıq, qələbələrimizin sayını çoxaltmalıyıq. Bu əlbəttə, bizim silahsız mübarizəsiz cavabımız olar. Bir torpaqdakı, mənimlə eyni dildə - doğma dilimdə danışan xalq yetişib, o torpaq mənim deyilmi?! Bir torpaqdakı, musiqini, incəsənəti, ədəbiyyatı biz gənclərə sevdirən Üzeyir bəy, Natəvan, Vaqif, Bülbül kimi ölməz sənətkarların adları Azərbaycana bağlıdır – o yurd mənim yurdum deyilmi?! Bir torpaqdakı, ecazkar səsləriylə doğma dilimdə Qarabağ şikəstəsinin dünyaya tanıdan Qarabağ bülbüllərinin musiqisi dolaşır, O torpaq mənim deyilmi?!  Bir torpaq ki, simi, kökü Qarabağ torpağına bağlı, el bayramlarımızın yaraşığı olan kamana, tara nəfəs verib, o torpaq mənim deyilmi?!

            Bu gün biz gənclər Qarabağa getməyi, Şuşanı görməyi, Cıdır düzünü gəzməyi çox istəyirik. Ancaq təkcə gəzib görmək arzusu ilə deyil, həm də Üzeyir bəyin, Natəvanın, Vaqifin və bir çox başqa sənətkarlarımızın ruhları dolaşan o torpaqları əzizləyib oxşamaq, o torpaqlarda qurub yaratmaq, o torpaqların ecazkarlığının ancaq bizə aid olduğunu bütün dünyaya göstərmək istəyirik. Bizim yaşımızdan da artıq illəri əsarətdə keçən doğma Qarabağimizin dərdinə biganə yanaşmayaq. Biz dərslərimizi təkcə qiymət xatirinə deyil, tariximizi, Qarabağı daha yaxından tanıdan, Qarabağ faciəsini anladan tarixi öyrənmək, yaddaşlarımıza həkk etmək üçün oxumalıyıq. Bizə Qarabağ şöhrətini, şanını, istedadını, aşılayan əsərləri daim oxumalı, gənc olsaq belə bizdən sonra gələn yeniyetmə nəslə müdrikcəsinə aşılamalıyıq. Biz müstəqil, sülhsevər bir xalqın gəncləri olduğumuz üçün həqiqətlə dost, yalan, iftira ilə düşmənik. Biz müdrik, dözümlü bir xalqın gəncləri olduğumuz üçün dostluğa “bəli”, savaşa “xeyr” deyirik. Biz igidliklərinin şəninə dastanlar yazılmış necə-necə qəhrəman övladı olan Azərbaycan adlı elin gəncləriyik, lazım gələrsə düşməndən Qarabağımızı geri almaq üçün, vətənimiz üçün, bayrağımız üçün, anamız üçün canımızdan keçməyə hazırıq. Biz gənclər Şuşanı, Qarabağı  görməsək də, o torpaqları Azərbaycanın bir parçası olduğunu bilirik. Sevindirici haldır ki, biz Azərbaycan gəncləri təkcə müasir musiqinin arxasınca qaçmırıq. Bu gün bizim dinləmək istədiyimiz Xan Şuşinski, Bülbülün nəğmələri sübut edir ki, biz Qarabağı tanıyırıq, biz Qarabağı unutmuruq. Qarabağa həsr olunan mahnılar bu gün dilimizdə səslənir:

 

                        Anadır arzulara hər zaman Qarabağ,

                        Danışan dil-dodağı tar-kaman Qarabağ.

                        Qarabağ, ay Qarabağ, Ana yurdum!

 

Kim bilir, bəlkə də mənim kimi, yüzlərlə gəncin fikirləri, yazıları erməni gənclərini sarsıdacaq. Üzümü onlara tutub deyirəm: bizim hər birimiz Qarabağlıyıq. O torpağın hər bir izi, hər bir naxışı bizim simamızdadır. Biz indi gəncik. Gənclik isə ömrümüzün payını düşən ən gözəl illərdir. Bizim üçünsə o gözəl gənclik illəri Qarabağımızın azad nəfəs alacağı, doğma elimizə qovuşacağı gündən başlayacaq. Biz gənc olsaq da kədər nədir? – bilirik. Biz gənc olsaq da müharibə nədir? – bilirik. Biz gənc olsaq da “Şəhid” acısını yaşamağı öyrənmişik. Bütün bunlar isə bizə Qarabağa daha çox bağlanmağı sövq edir. Bütün həmyaşıdlarıma müraciət edərək deyirəm:

                       

Torpağı dərdlərini gülən üzləri,

Bacarıq coşqununu, ölkəmizi, millətimizi

Qarabağımızı sevək biz.

 

Paşazadə Aysel

Bakı Slavyan Universiteti, Pedaqoji fakültə II kurs

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi