Modern.az

Əşrəf Mehdiyevin oğlu: “Atam bu dünyadan iki arzusu gözündə getdi...” 

Əşrəf Mehdiyevin oğlu: “Atam bu dünyadan iki arzusu gözündə getdi...” 

Reportaj

24 Dekabr 2012, 09:19

“O, "ispalkom” işləyəndə də evimizdə hər gün sup bişirdi

Sağlığında Əşrəf Mehdiyevlə çox görüşmüşdüm. Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri olan Əşrəf müəllim mənim ən sevimli müsahiblərimdən biri idi. Amma heç vaxt onunla siyasətdən kənar mövzularda söhbət etməmişdik. Oğlu Azər Mehdizadə deyir ki, Əşrəf Mehdiyev təkcə prinsipial siyasi lider deyil, həm də gözəl ailə başçısı, qayğıkeş ata olub. Beləliklə, Modern.az saytında Əşrəf Mehdiyev oğlu Azər Mehdizadə ilə söhbəti təqdim edirik.

3 yaşı olanda atasını güllələyiblər

Əşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini “xalq düşməni” adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər. Həyat balaca Əşrəfi çox erkən yaşlarından bərkə-boşa salsa da, bəy oğlu bütün sınaqlardan üzüağ çıxıb.

18 yaşlı redaktor

Atasını uşaq yaşlarından itirən Əşrəf Mehdiyev bir qarnı ac, bir qarnı tox böyüsə də, heç vaxt dərslərini arxa plana keçirməyib. Orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən “Kolxozçu” qəzetinə redaktor müavini göndəriblər. Bu təyinatdan sonra qısa müddət ərzində qəzetin siması dəyişib. Əşrəf Mehdiyevin özünü peşəkar jurnalist kimi təsdiqləməsi onun tezliklə redaktor kürsüsündə əyləşməsi ilə nəticələnib. İkinci kursda oxuyanda “Kolxozçu”nun redaktoru təyin olunan Mehdiyev düz 9 il doğma qəzetin sükanını əldən verməyib.

Sup yeyən “ispalkom”

Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. Oğlu Azər Mehdizadə deyir ki, atası “ispalkom” işləsə də, onların maddi durumunda heç bir irəliləyiş baş verməyib: “Atam çox təmiz adam idi. Bizim evimizdə heç vaxt haram tikə bişməyib. O, “ispalkom” işləyəndə də biz çox kasıb dolanırdıq. Atam heç vaxt öz maaşını evə gətirmirdi. Bunun səbəbi vardı. Atam “ispalkom” işləyəndə Cəbrayılda 5-6 dilənçi olub. Atam bu adamların küçələrdə dilənib başqalarına pis nümunə olmalarını istəmədiyi üçün maaşını onların arasında bölürmüş. Dilənçilər atamın maaş aldığı günü onun özündən də yaxşı bilirmişlər. Hər dəfə atam maaş alanda dilənçilər onun yanına gəlib, pullarını alırmışlar. Həmin vaxt anam müəllimə işləyirdi. Biz ancaq anamın aldığı maaşla dolanırdıq. Anamın məvacibi az olduğu üçün çox kasıb yaşayırdıq. Demək olar ki, evimizdə hər gün sup bişirdi. Atam həmişə fəxr edirdi ki, “ispalkom” işləyəndə Cəbrayılda bir nəfər də dilənçi olmayıb”.


Azər Mehdizadə

Rüşvət almayan institut müəllimi

Rüşvətxorluğa qarşı amansız mübarizə aparması Əşrəf Mehdiyevlə rayonun rəhbər işçiləri arasında soyuqluq yaradıb. Təzyiqlərin artdığını görən Mehdiyev 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş “ispalkom” düz 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib.
Oğlu Azər Mehdizadə deyir ki, atası ölkənin tanınmış elm adamlarından biri olsa da, ailənin maddi durumunda nəzərəçarpan irəliləyiş baş verməyib: “Atam 25 il iki tanınmış ali təhsil ocağında müəllim işləsə də, bir qəpik də rüşvət almayıb. Həmin vaxt kənddə yaşayan qohumlarımız uşaqlarını ali məktəbə düzəltmək üşün tez-tez atamın yanına gəlirdilər. Atam onların hamısını qapıdan qovurdu. Bəzən hansısa tələbə kənddən bizə meyvə gətirirdi. Atam meyvə səbəstini həmin tələbənin qoltuğuna verib, geri qaytarırdı. O, həmişə deyirdi ki, 5-10 manat pula görə təmiz adımı ləkələyə bilmərəm”.

Övladlarını milli ruhda böyüdüb

Azər Mehdizadə atasını gözəl ailə başçısı, istiqanlı insan, sədaqətli dost kimi xarakterizə edir. Həmsöhbətim deyir ki, Əşrəf Mehdiyev ömrünün sonuna kimi övladlarına əl qaldırmayıb: “Biz ailədə 3 övladıq. Mən də, bacılarım da atamızı özümüzı dost bilib, həmişə ondan qayğı və diqqət görmüşük. Atam ömrünün sonuna kimi bir dəfə də bizə əl qaldırmadı. O, çalışırdı ki, biz yaxşı təhsil alaq. İşləri nə qədər çox olsa da, dərslərimizlə şəxsən özü maraqlanırdı. Hər axşam bizdən dərslərimizi soruşur, bilmədiklərimizi başa salırdı. Yadıma gəlir, aşağı siniflərdə oxuyanda atam bizə tez-tez Cənibi Azərbaycandan, Təbrizdən, Ərdəbildən danışırdı. Türk olduğumuzu ilk dəfə atamdan eşitmişəm. Atam Cənubi Azərbaycan mövzusunda makinada yazdığı məqalələri bizə verirdi ki, sinif yoldaşlarımızın arasında yayaq. O, təhsilimizlə yanaşı, bizim istirahətimizə də xüsusi diqqət ayırırdı. Atam bizi tez-tez gəzintiyə aparırdı. Həftədə ən azı bir dəfə sirkə gedirdik. Biz ailə həyatı qurandan sonra atam bu qayğını nəvələrinə göstərməyə başladı”.

Borc alıb toya gedirmiş

Əşrəf Mehdiyev aktiv siyasi fəaliyyətə başladığı üçün 1997-ci ildə öz ərizəsi ilə işdən çıxıb. İş yerini itirməsi keçmiş “ispalkom”un maddi durumuna mənfi təsir göstərib: “Atam heç vaxt zəngin həyat yaşamayıb. Gözü-könlü tox adam olduğu üçün həmişə azla qane olub. Hətta prezidentliyə namizəd olanda da seçicilərinin görüşünə ictimai nəqliyyatla gedirdi. Aldığı təqaüdü son qəpiyinə kimi sədri olduğu Qeyrət Partiyasının işinə sərf edirdi. Tanınmış adam olduğu üçün onu tez-tez toylara çağırırdılar. Atam heç bir toydan qalmırdı. Pulu olmayanda borc alıb toya gedirdi. Sonra isə pensiyasını alıb, borcunu qaytarırdı. İxtisasca jurnalist olduğu üçün öz həmkarlarına qarşı daha diqqətli idi. Atamla birlikdə ən azı 20 jurnalistin toyunda iştirak etmişəm”.

Əşrəf Mehdiyevin iki arzusu olub

Əşrəf Mehdiyev 2009-cu il aprel ayının 23-də vəfat edib. Onu öz vəsiyyətinə uyğun olaraq Sumqayıtda anasının yanında dəfn ediblər. Azər müəllim deyir ki, ölümündən əvvəl atasının iki arzusu olub: “Atamın ən böyük arzusu bircə dəfə Cəbrayılı görmək idi. O, yurd niskili ilə bu dünyadan köçdü. Atamın ikinci arzusu isə Ramil Səfərovla görüşmək idi. Təəssüf ki, atam bu arzusuna da çata bilmədi. Amma elə bilirəm ki, Ramil Səfərov Azərbaycana qayıtdığı gün atamın ruhu az da olsa dinclik tapdı...”.





Seymur VERDİZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi