Modern.az

Qüdrət Həsənquliyev: «İvanişvilinin ağzının üstündən tərs şillə vurmağın zamanı çatıb» - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: «İvanişvilinin ağzının üstündən tərs şillə vurmağın zamanı çatıb» - MÜSAHİBƏ

Müsahibə

25 Dekabr 2012, 18:10

“Azərbaycanda islahatların aparılması zəruridir”

«İslahatları yuxarıdan aparmaqla xalqı inkişaf etdirmək, onu daha üstün bir cəmiyyət qurmaq üçün formalaşdırmaq lazımdır»

Modern.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir.

- Qüdrət bəy, artıq 2012-ci ilin başa çatmasına bir neçə gün qalıb. Necə düşünürsünüz, yola saldığımız il yaddaşlarda nə ilə qalacaq?

- Hesab etmirəm ki, 2012-ci il Azərbaycanın tarixində müsbət mənada yadda qalan il kimi qeyd olunacaq. Biz daha bir il Qarabağın işğal altında qalması ilə hesablaşaraq, məğlubiyyətlə barışaraq yaşadıq. Bir milyon soydaşımız isə daha bir ili öz yurd-yuvalarından uzaqda, torpaq həsrəti ilə başa vurdu. Bu Azərbaycanın çox böyük bir faciəsidir. Və yaşadığımız bu faciənin fonunda sosial-ictimai həyatda və digər sahələrdə əldə edilən uğurlar, yaxud üzləşdiyimiz uğursuzluqlar əhəmiyyətsiz görünür.

- Yəni, ölkədə demokratik islahatların həyata keçirilməsi də əhəmiyyətsidir?

- Əlbətdə, bu, son dərəcədə önəmli bir məsələdir. Lakin bu məsələni torpaqlarımızın işğaldan azad olunması ilə müqayisə etmək doğru olmazdı. Qüruru olan bir millət üçün Torpaq və Vətən anlayışları bütün dəyərlərdən yüksəkdə dayanır. Bununla yanaşı, demokratik islahatların aparılmasını, idarəetmə sisteminin təkmilləşdirilməsini bir millətin dünyagörüşünün, mədəni və intellekt səviyyəsinin nümayiş etdirilməsi baxımından olduqca əhəmiyyətli sayıram. Eyni zamanda qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi də hansısa mərhələdə müəyyən mənada məhz ölkənin demokratikləşməsinin səviyyəsindən asılı olacaq. Ona görə ki, demokratikləşmə ölkədə iqtisadi inkişafa təkan verəcək, cəmiyyətdə şəffaflığı və aşkarlığı genişləndirəcək, həyatın bütün sahələrində – elmdə, təhsildə, iqtisadiyyatda ciddi rəqabət mühiti yaradacaq. Təbii ki, bütün bunlar ölkənin potensialının daha da artmasına rəvac verəcək. Bu potensial da imkan verəcək ki, biz torpaqlarımızı işğaldan azad edək.

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, 2012-ci ildə biz bu istiqamətdə də irəliləyişin şahidi olmadıq.

Hər halda ümid edirəm ki, 2013-cü ildə seçkiyə qədər olmasa da, heç olmazsa seçkidən sonra bu islahatlara start veriləcək. Çünki bu islahatların aparılmaması son nəticədə Azərbaycan cəmiyyətinə arzulamadığımız təlatümlər yaşada bilər.

Uzun illərdir siyasətdə olan bir adam kimi ölkədə və dünyada baş verən prosesləri təhlil edərək belə qənaətə gəlmişəm ki, Azərbaycanda islahatları aparılması zəruridir. Bu addımlar atılmasa daha öncə qeyd etdiyim kimi, arzuolunmaz neqativ nəticələrlə qarşılaşa bilərik.

- O zaman nə üçün atılmır bu addımlar?   

- Şübhəsiz ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəla ölkə müharibə vəziyyətindədir. Digər tərəfdən, təəssüf ki, xalqımızın da indikindən daha yüksək standartlara cavab verən cəmiyyət formalaşdırmaq, dövlət qurmaq imkanı yoxdur.

- Əgər xalqımızın belə bir potensialı yoxdursa, o zaman islahatların zəruri olması barədə dediklərinizi necə izah edərdiniz?

- Mən həmişə o fikirdə olmuşam ki, xalqın içərisindən müəyyən qrup insanlar öz intellektual səviyyələrinə, dünyagörüşlərinə və təcrübələrini görə seçilirlər, önə çıxırlar. Bəzi hallarda xalq onları seçir, yaxud proseslər onları önə çıxarır. Məhz bu insanlar onlara verilmiş bu şansdan, yaranmış tarixi şəraitdən istifadə edərək, yuxarıdan islahatlar yolu ilə cəmiyyəti çəkib irəli aparmalıdırlar. Necə ki, Mustafa Kamal Atatürk Türkiyədə parlamentli bir respublika modeli yarada bildi. Bunun nəticəsidir ki, Türkiyə bu gün digər müsəlman dövlətllərindən  tam mənada olmasa da, ən azı seçkilərin azad və ədalətli keçirilməsi baxımından fərqlənir.

Buna görə də hesab edirəm ki, islahatları yuxarıdan aparmaqla xalqı inkişaf etdirmək, onu daha üstün bir cəmiyyət qurmaq üçün formalaşdırmaq lazıdır.

Biz bunun yolunu da təklif eləmişik. Hələ 2007-ci ildə Konstitusiya islahatlarının aparılmasının zəruriliyini vurğulamışıq və bununla bağlı iqtidara və cəmiyyətə müvafiq layihə də təqdim etmişik. Ölkədə mütləq Konstitusiya islahatları həyata keçirilməli, məhkəmə islahatları, siyasi islahatlar aparılmalıdır. Dövlət siyasi partiyaların inkişafı üçün daha əlverişli şərait yaratmalıdır. Çoxpartiyalı sistem inkişaf etməli, vətəndaş cəmiyyəti institutları güclənməlidir ki,  biz bununla Qərb standartları səviyyəsində olmasa da, bu standartlara yaxın cəmiyyət formalaşdıra bilək. Əlbətdə, Azərbaycanda bu istiqamətdə hər hansı bir prosesin getmədiyini söyləmək də ədalətsizlik olardı. Azərbaycanda çoxpartiyalı sistemin, vətəndaş cəmiyyəti istitutlarının, iqtisadiyyətın və digər sahələrin inkişafı istiqamətində müəyyən proseslər gedir. Fərqi yoxdur ki, bu proses neft faktoruna, yaxud digər səbəblərə söykənir. Hər halda bu inkişaf var və göz qabağındadır. Sadəcə olaraq, indiki sürətlə uzun illər lazımdır ki, biz yeni bir mərhələyə qədəm qoya bilək. İqtidar bu prosesi sürətləndirməlidir. Çünki bu prosesin sürətləndirilməməsi hansısa zaman kəsiyində xoşagəlməz proseslərə, vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Bizim vəzifəmiz  isə baş verə biləcək hər hansı neqativ prosesin, yaxud proseslərin qarşısının alınması üsün cəmiyyəti öncədən xəbərdar etməkdir.

- Bəs xarici siyasətlə bağlı necə? 2012-ci il Azərbaycan üçün bu sahədə nə ilə yadda qalacaq?

- Hesab etmirəm ki, bu il Azərbaycan xarici siyasətdə çox önəmli uğurlar, nailiyyətlər əldə edib. Doğrudur, Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi faliyyətə başlayıb, amma bunu o zaman böyük nailiyyət kimi qiymətləndirmək olardı ki, bu hadisə torpaqlarımızın işğaldan azad olunmasına bu və ya digər şəkildə öz töhfəsini vermiş olsun. Amma 2012-ci ildə, xüsusilə də 2012-ci ilin ikinci yarısında Dağlıq Qarabağ probleminin tənzimlənməsilə bağlı danışıqlar demək olar ki, dondurulub. Rusiya bu prosesdən çıxıb. Azərbaycanın da Minsk qrupuna həmsədrlik edən ölkələrin qarasınca danışmaqdan başqa əlindən bir iş gəlmir. Yəni bizim onları daha ədalətli olmağa dəvət etməyimiz heç bir nəticə vermir. Biz onları vasitəçilik missiyalarını ləyaqətlə yerinə yetirməyə məcbur edə bilmərik. Ona görə ki, onlar dünyanın super gücləridir. Bizim əgər elə gücümüz olsaydı elə ermənilər öz torpağımızdan qovardıq…
Əgər ermənilərə təzyiq edə bilmiriksə, dünyanın super güclərinə təzyiq etməyimiz mümkün deyil. Biz məğludiyyətin acısı ilə, mili qürurumuzun aşağılanmasıyla yaşamağa davam edirik… Bu reallıq insanlarımızın ürəyini paramparça edir. Xalqımız bu ağrını, bu acını yaşamaq məcburiyyətindədir və bu dünyada gücsüzlüyün, çarəsizliyin gətirdiyi ağrıdan ağır heç nə yoxdur…

…Təəssüf ki, bu gün qonşu dövlətlərlə münasibətlərimiz də bir o qədər ürəkaçan deyil. Rusiya ilə münasibətlərdə gərginlik yaranıb. İranla münasibətlərə gəldikdə isə, hesab etmirəm ki. 2012-ci ildə vəziyyət yaxşılığa doğru dəyişib. Əksinə bir az da pisləşib. Ermənistanla məsələ aydındırYeganə normal münasibətdə olduğumuz ölkə Türkiyədir. Türkiyə ilə də zaman-zaman aramızda bu və ya digər məsələlərlə əlaqədar olaraq fikir ayrılıqları, ziddiyyətlər yaranır. . Gürcüstanla isə münasibətlər İvanaşvili hakimiyyətdə gəldikdən sonra pisləşməyə doğru davam eləyir…  
Hesab edirəm ki. Azərbaycan hökuməti İvanaşvili ilə bağlı məsələdə son dərəcədə ehtiyatlı siyasət yürüdür. Bizim bu ehtiyatlı adlandırdığımız, amma reallıqda qorxaq xarici siyasətimiz həmişə öz mənfi nəticələrini verib. Bir məsələni - Kremlin köməkliyi ilə Azərbaycan torpaqlarnı işğal edən Ermənistan da öz dövlət müstəqilliyini elan etdiyini mən həmişə ürək ağrısıyla xatırlayıram. Azərbaycan öz dövlət müstəqilliyini elan etmək üçün Gürcüstandan və Ermənistandan sonra özündə cəsarət tapdı. Bu ötən əsrin əvvəllərində də belə olmuşdu…

Azərbaycan İvanaşvili ilə onun başa düşdüyü dildə danışmalıdır. Vaxtilə bizim partiyanın da bu barədə bəyanatı olub. Mən o zaman söyləmişdim ki, əgər Azərbaycan düzgün siyasət yürütsə və Gürcüstandakı siyasi qüvvələrlə ciddi əlaqələr qursa, mən əminəm ki, 2013-ci ilin iyun ayınadək tamamilə ifşa olunacaq və onun Gürcüstanın deyil, Rusiyanın maraqlarından çıxış edən bir iş adamı olduğu üzə çıxacaq. Yeri gəlmişkən onu da deyim ki, çox nadir hallarlda biznes adamından yaxşı siyasətçi çıxır. İvanaşvili  seçki kampaniyasına xeyli vəsait xərcləyib. Görünür dövlət işinə də, siyasi fəaliyyətə də bir biznes əməliyyatı kimi baxır və fikirləşir ki, xərclədiyi pulları Gürcüstandan çıxarmaq çətin olacaq. Buna görə də xərclədiyi pulları Azərbaycan almaq istədiyi payla kompensasiya etmək fikrinə düşüb. Amma onun yerinə otuzdurulması üçün hansısa nazirliyin mətbuat katibi, yaxud hansısa şirkət rəhbəri səviyyəsində yox, daha yüksək səviyyədə, xarici işlər naziri səviyyəsində, ondan daha yüksək səviyyədə bu insanın ağzının üstündən tərs şillə vurmağın zamanı gəlib çatıb. Psixi problemləri olan xəstələrə, xüsusilə də isteriya vəziyyətə düşən şəxslərə bəzən qulağının dibinə bir sillə vururlar ki, özünə gəlsin. Düşünürəm ki, İvanaşvinili də özünə gətirməyin vaxtıdır. Əks təqdirdə bizim yürütdüyümüz ehtiyatlı siyasət İvanaşvilininin indikindən daha səfeh iddialarla çıxış etməsinə zəmin yarada bilər.

- Sizcə qonuşlarla bağlı necə siyasət yürüdülməlidir?

- Düşünürəm ki, Azərbaycan qonşularla bağlı daha açıq siyasət yürütməlidir. Biz qonşularla aramızda yaranmış problemlərlə bağlı açıq danışmaqdan çəkinməməliyik. Eyni zamanda özümüzdə qonşulara açılmalıyıq. Məsələn, mən İranın Azərbaycan sərhədlərinə yaxın ərazilərində, 45 km.-lik məsafədə yaşayan vətəndaşları üçün vizasız gəliş-gedişlərinin ləğv olunmasını tamamilə yanlış hesab edirəm. Bilirsiniz ki, bura ərazilərdə əsasən  azərbaycanlılar yaşayırlar. Bu Naxçıvan Muxtar Respublikasındakı, digər həmsərhəd bölgələrdəki ərazilərimizdə yerləşən iştimai-iaşə obyektlərinin, otellərin və digər biznes strukturlarının, turizm sektorunun fəaliyyətinə mənfi təsir göstərəcək. Azərbaycanda dünyəvi bir dövlət quruluşu olduğu üçün İran İslam Respublikasının vətəndaşları, bizim güneyli qardaş və bacılarımız şənbə və bazar günləri və bayramlarda öz istirahətlərini qurmaq üçün ölkəmizə gəlirlər. Məsələn, əgər güneydən gələnlər olmasa Naxçıvanda kimdi gedib oteldə qalan. Bakıdan gedənlərin də böyük əksəriyyətinin orada ya özlərinin, ya da qohum-əqrabalarının evləri var. Naxçıvandakı otellər demək olar ki, İrandan gələnlərin hesabına gəlirlə işləyirdi. İctimai-iaşə obyektləri də həmçinin. Digər tərəfdən, o taydan soydaşlarımız öz vətənlərinə gəlirdilər. Burada ad günlərini, ailə bayramlarını keçirirdilər. İnsanlarımızla ünsiyyətdə olurdular, bir az da doğmalaşırdılar. Əksinə, vizasız gedih-gəliş üçün nəzərdə tutulan məsafəni daha da artırmaq lazım idi. İmkan yaratmaq lazım idi ki, Təbrizdə, Urmiyədə və digər ərazilərdə yaşayan soydaşlarımız Azərbaycan Respublikasına vizasız gedib-gələ bilsinlər.

Maraqlıdır, görəsən bu viza rejiminin tətbiqi kimə və nəyə lazımdır? Çox təəssüf ki, Milli Məclisdə bu barədə çıxışım zamanı mənim fikirlərimin əleyhdarları bildirdilər ki, Çox təəssüf ki, Milli Məclisdə bu barədə çıxışım zamanı mənim fikirlərimin əleyhdarları bildirdilər ki, viza rejimi narkotik qaçaqmalçılığının qarşısının alınması, ölkənin mili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunur. Amma bu arqumentlərin heç bir əsası yoxdur. Çünki təxribatçı insanlar viza ilə də Azərbaycana gələ bilərlər. Digər tərəfdən viza ilə gələni də, vizasız gələni də sərhəddə yoxlayırlar. Eyni prosedur istisnasız olaraq hamıya tətbiq olunur. Bu baxımdan, vizasız gediş-gəliş rejiminin ləğvindən daha çox bizim vətəndaşlar ziyan görəcəklər. Çünki onlar gəlib burada pul xərcləyirdilər, alış-veriş edirdilər.

- Türkiyə ilə də viza rejimimiz var…

- Elədir. Maraqlıdır ki, Gürcüstandan Türkiyəyə, Türkiyədən Gürcüstana vizasız, hətta şəxsiyyət vəsiqəsi ilə gedib gəlirlər. Amma biz qardaş dediyimiz ölkə ilə viza rejimini hələ də aradan qaldırmamışıq. Çox təəssüf ki, Azərbaycan qapanır və bu qapanma da ölkənin nüfuzuna heç də müsbət təsir göstərmir. Bundan başqa beynəlxalq təşkilatlarla da münasibətlərimiz inkişaf etdirilməlidir. Bəzi insan haqlarını müdafiə təşkilatlarının hazırladığı hesabatlarda Azərbaycanda insan haqlarının pozulması ilə bağlı məqamlar yer alır. Onları birdəfəlik düşmən elan etməklə iş düzəlmir. O mənada ki, biz nə qədər gedib beynəlxalq təşkilatlarda Azərbaycandakı vəziyyətin həmin hesabatlarda yazıldığı kimi olmadığını desək də onlar bizim söylədiklərimizi yox, məhz oturuşmuş, formalaşmış insan haqlarını müdafiə təşkilatlarının hesabatlarını nəzərə alırlar. Və bunun əsasında öz mövqelərini müəyyənləşdirirlər. Mən çox istərdim ki, Yeni İl ərəfəsində beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi şəxslər azadlığa buraxılsın. Vaxtilə dövləti cinayətlər törətmiş, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış etmiş insanları belə biz əhv eləmişik, hətta onların xarici ölkələrdə gedib yaşamalarına şərait yaratmışıq. Ona görə də adları siyasi məhbus kimi hallandırılan hüquq müdafiəçilərini, jurnalistləri və digər şəxsləri azad etmək lazımdır ki, bədxahlarımız bütün bunlardan ölkəmizə qarşı istifadə edə bilməsinlər.

2012-ci illə bığlı bir məqama da toxunmaq istəyirəm. Bu il ərzində Bakıda nəqliyyatın vəziyyəti daha da pisləyib. İnsanlar paytaxtın hər hansı bir yerinə getmək üçün böyük vaxt itkisinə məruz qalır, stress, əsəb gərginliyi yaşayırlar. Bu vəziyyət də düzəlmir. Baxın, biz Bakı şəhərində yaradılan sənaye parkına görə vergidən azad etmək barədə qanun qəbul edirik. Bu nəyə gətirib çıxaracaq? Gəncədən, Mingəçevirdən, Sumqayıtdan və Azərbaycanın digər bölgələrindən iş adamları gəlib həmin vergidən azad olunmuş sənaye parkında iş qurmağa çalışacaqlar. Nəticədə isə onsuz da yüklənmiş Bakı şəhəri daha artıq yüklənəcək. Neçə illərdir ki, mən məsələ qaldırıram və bildirirəm ki, bu cür vergi güzəştləri dünyanın bütün ölkələrində regionlara, xüsusilə də ucqar bölgələrə tətbiq olunur ki, həmin ərazilər inkişaf etsin. İnsanlar öz evlərini tərk etməsinlər. Azərbaycanda da belə güzəştlər paytaxt Bakıda yox, digər ərazilərdə, xüsusilə də ucqar rayonlarda tətbiq olunmalıdır ki, kapital və işçi qüvvəsi həmin ərazilərə istiqamətlənsin. Amma biz Bakını yükləməkdə davam edirik. Digər tərəfdən belə sənaye müəssisələrini, yaxud sənaye və emal müəssisələrinin yerləşdiyi xüsusi parkları  ölkənin digər bölgələrində salmaq lazımdır. Bakıda onsuz da hərəkət eləmək mümkün deyil və böyük bir əzab-əziyyətə çevrilib. Bu da göstərir ki, hökumətin bu məsələlərlə bağlı aydın siyasəti yoxdur. Bakıda yolların, körpülərin inşasına başlayanda biz hətta seçki platformamızda qeyd etmişdik ki,  Bakıda tramvay xətlərini bərpa və inkişaf etdirmək lazımdır. Çünki digər ictimai nəqliyyat vasitələri də tıxaclardan əziyyət çəkir. Bu səbəbdən də tramvay kimi maneəsiz hərəkət marşurutuna malik olan nəqliyyat vasitələrinə üstünlük vermək, metro tikintisini sürətləndirmək və inkişaf etdirmək lazımdır. Bakının mərkəzi küçələrindən bir-ikisini təmin etməklə iş bitmir. Əhalinin, kapitalın paytaxtdan kənara yönləndirilməsi üçün ciddi islahatlara, məqsədyönlü maliyyə-kredit və vergi siyasətinin həyata keçirilməsinə ehtiyac var.

- Qüdrət bəy, 2013-cü ildən nə gözləyirsiniz?

- 2013-cü ildə iqtidarın siyasətində ciddi dəyişikliklərin baş verəcəyinə inanmıram. Ciddi gözləntilərim yoxdur. Mənim ümidlərim yalnız onadır ki, iqtidar bütün səylərini 2013-cü ildə keçiriləcək prezident seçkilərini beynəlxalq standartlara ən azı yaxın səviyyədə keçirilsin. Seçkilərin legitimliyi heç kim tərəfindən şübhə altına alınmasın. Seçkilərdən dərhal sonra isə ölkədə qeyd elədiyim siyasi, iqtisadi, sosial və digər  sahələrdə islahatlara başlanılmalı, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Bizim insanlar bilməlidir ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədalətli həlli yoxdur. Azərbaycanın qəbul etdiyi Madrid prinsipləri də Azərbaycanın ərazi bütövlüyünə təminat vermir. Ona görə də, Azərbaycan bu prinsiplərdən imtina etməli və tez bir zamanda peşəkar ordu formalaşdırmaqla torpaqlarımızı işğaldan azad etməlidir.

- Xalqımıza 2013-cü ildə nə arzulayırdınız?

- Xalqımıza, xalqımızı idarə edən insanlara cansağlığı və uğur arzulayıram. Qoy 2013-cü il Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün ciddi qərarların qəbul ediləcəyi bir il kimi tarixə düşsün. Allah bu işdə bizə yardımçı olsun!

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü