Yəqin ki, paytaxt sakinləri şəhərin müxtəlif küçələrindəki böyük saatları görməmiş olmazlar. Bəzən həmin saatların yanından keçəndə istər-istəməz gözümüz onlara sataşır. Təəssüf ki, vaxtı göstərən bu cihazların bəzilərinin əqrəbləri ya düz işləmir, ya da ümumiyyətlə “donub”.
Bakıda ən böyük saat Yasamal rayonunda C.Cabbarlı küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişdiyi yerdə (köhnə avtovağzalla üzbəüz) yaşıllıq təpədə quraşdırılıb. Bu saatın yanından keçəndə onun düz işləyib-işləmədiyini təyin etmək bir qədər çətindir. Əqrəbləri o qədər böyükdür ki, ya gərək ona çox uzaqdan, heç olmasa 50 mertdən baxasan, ya da səmadan tamaşa edəsən. Bir sözlə, Bakının bu ən böyük saatı sadəcə yaraşıq üçündür, deyə bilərik. Amma quraşdırıldığı məkanı nəzərə alsaq bu “yaraşığa” nə az-nə çox, düz 1 milyon manatın xərclənməsinə heyfslənməmək olmur. Maraqlıdır, həmin ərazidən keçənlər yerüstü saata baxıb vaxtı öyrənməyə cəhd edirlərmi?
Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün sözügedən ərazidə olub. Yerüstü saat düz işləməyinə düz işləyirdi, amma ərazidə bu cihaza (belə demək mümkünsə) məsul şəxsi tapa bilmədim ki, sualıma birinici cavabı ondan alam.
Bir müddət saatın ətrafında dolaşdım. Məlum oldu ki, Bakının 1 milyon manatlıq yerüstü saatının ətrafı həm də “bomj”ların məkanı imiş. Bunu əraziyə yaxın binada yaşayan Sahib Əliyev adlı sakin söylədi. Onun sözlərinə görə, yerüstü saatın ətrafındakı kimsəsizlikdən istifadə edən bir neçə “bomj” gecələr burada yeyib-içmək “məclisi” qurur, sonra da boşaltdıqları spirtli içkilərin şüşələrini, quru çörək qırıntılarını, tərəvəz qabıqlarını saatın ətrafına tullayırlar.
...Saatın qarşısından keçən piyada yolunun üstünü kəsdirib buradan keçənlərin bəzilərinin ayaq saxlamağa məcbur etdim: “Bağışlayın, siz bu yerüstü saatdan istifadə edirsinizmi?”. Hər dəfə sualımı dinləməyə məcbur etdiyim, amma cavab verməyə tənbəllik göstərən şəhər sakinləri üz-gözlərini turşudur “yox” deyirdilər. Salman Vəliyev adlı həmsöhbətimizin isə orjinal cavabı oldu: “Bu boyda saat kimə lazımdır, onu niyə quraşdırıblar bilmirəm. Əqrəbləri o qədər böyükdür ki, yanından keçəndə vaxtı təyin etmək olmur. Gərək vertalyotla yuxarıdan baxasan ki, görəsən saat neçədir”.
Rövşən NƏCƏFOV