Modern.az

Azay Quliyev: "Hər kəs istəyirdi ki, şantaj və ya hədə-qorxu yolu ilə bizdən qrant alsın" - MÜSAHİBƏ

Azay Quliyev: "Hər kəs istəyirdi ki, şantaj və ya hədə-qorxu yolu ilə bizdən qrant alsın" - MÜSAHİBƏ

Müsahibə

28 Dekabr 2012, 20:46

"Şuranın ayırdığı 5-8 min manatla ciddi bir layihələrin icrası mümkün deyil"


Modern.az
saytı Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə müsahibəni təqdim edir.

- Siz uzun müddətdir Azərbaycanın qeyri-hökumət sektorunda çalışırsınız. Xatırlayırıq, 90-cı illərdə siz fəal QHT rəhbərlərindən idiniz. Fikrinizcə, QHT sektoru son 20 ildə bizim ölkədə yerini tuta bildimi?

- Mənin şəxsi fikrimi soruşursunuzsa, “tam tutdu2 deyə bilmərəm. Yəni desəm ki, bu gün QHT sektoru tam şəkildə formalaşıb və müxtəlif istiqamətlərdə ixtisaslaşıb, bir az səmimi olmaram. Baxmayaraq biz buna çalışırıq və bu sahədə xeyli uğurlarımız var. Bunun da müxtəlif səbəbləri var. Siz 90-cı illərin əvvəllərini xatırladırsınız. Doğurdan da çox maraqlı bir dövr idi. QHT sektoru birdən–birə formalaşırdı. İki istiqamətdə QHT-lər yaranmağa başladı. Birinci istiqamətdə QHT-ni yaradan şəxslər AXC hakimiyyəti dövründə rəhbərlikdə, dövlət qurumlarında təmsil olunmuş məmurlar idi. Birdən-birə onlar dövlət sektorundan tamamilə QHT sektoruna keçdilər və bu sektorun bir növ siyasiləşməsinə rəvac verdilər. Digər bir təbəqə-bizlər isə öz axarı ilə yaranan, təbii məcrada inkişaf edən QHT-lərin təmsilçiləri olduq. Bunlar paralel olaraq bu sektorda fəaliyyətlərini qurdular.

Siyasi çəkisi, rəngi çox olan QHT-lər öz fəaliyyətlərində daim siyasi hakimiyyətə qarşı müəyyən çıxışları ilə fərqlənirdilər. Bu da şübhəsiz ki, o dövrdə müəyyən mənada konsentrasiyanın, həmrəyliyin, QHT-lərin qarşısında duran əsas vəzifələrin həyata keçirilməsinə mane olurdu. Amma bu da təbii ki, Azərbaycan reallığının göstəricisi idi. 1998-ci ildə Azərbaycan hökumətinin və BMT-nin birgə səyi ilə vətəndaş cəmiyyətinin düzənlənməsi ilə bağlı proqram imzalandı. Həmin proqram çərçivəsində QHT-lərin böyük bir koalisiyası QHT Forumu təşkil olundu. Məhz bu forumun əsas hədəflərindən biri də siyasi fikir ayrılığını aradan qaldırmaqla bütün QHT-lərin həmrəyliyini təmin etməkdən ibarət idi. Açıq şəkildə QHT-lərdən bir mexanizm kimi istifadə edib, hakimiyyət uğrunda mübarizədə iştirak etmək ənənəsinə bir növ yavaş–yavaş son qoyuldu. Hesab edirəm ki, bu, QHT sektorunuun çox böyük uğuru idi. O baxımdan dediyiniz formalaşma, oturuşma mərhələsi bir növ xeyli ertələndi. Sonrakı mərhələdə dövlətin çox ciddi dəstəyi oldu. 2000-ci ilin əvvəllərindən başlanan QHT–hökümət dialoqunun sayəsində bu sektorla bağlı yeni qanunlar qəbul olundu.

Hesab edirəm ki, 90-cı illərin əvvəllərindən başlanan bu inkişaf ziddiyətlərlə müşahidə olunsa da, sonrakı mərhələdə III sektor vahid bir platformaya sahib ola bildi. QHT–lərin siyasi hakimiyyət uğrunda mübarizədə iştirakı o qədər də nəzərə çarpmır. Halbuki, 2003-cü il prezident seçkilərinə baxsaq, o zaman ki, Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini müdafiə edənlərin siyahısında bir çox QHT-lər var idi. Sonrakı 2005-ci ildəki parlament seçkilərində, ondan sonrakı prezident seçkilərində QHT-lərin siyasi düşərgələrə bölünməsi azalan xətt üzrə inkişaf etdi. Və artıq onların sayı xeyli azalıb. QHT üçün əsas prioritet vətəndaş cəmiyyətidir. İnsanlar başa düşür ki, onların öz ideyaları, demokratikləşmə prosesinə verdiyi töhfələri vətəndaş cəmiyyəti vasitəsilə daha effektlidir.

- Bəs ölkəmizdə QHT-lərin statusunu qaneedici saymaq olarmı? Avropa ölkələrində dövlət məmuru olmaq üçün hökmən QHT-lərdə işləmək tələb olunur. Azərbaycanda isə QHT rəhbərləri, üzvləri idarətmədən kənarda saxlanılır.

- Bu çox maraqlı bir yanaşmadır. 90-cı illərdə “QHT” sözünə çox böyük bir təpki var idi. Bir çox məmurlar “QHT” deyəndə müxalifət qurumunu təsəvvür edirdilər. Yadıma gəlir, QHT Forumunun yarandığı ilk zamanlar... Bizi ümumiyyətlə rayonlara buraxmırdılar. Rayonlarda QHT deyilən bir anlayış yox idi. Bizə qarşı çox böyük bir basqı olan zamanda ulu öndər Heydər Əliyev 1999-cu ildə ATƏT–in  İstanbulda keçirilən zirvə toplantısına gedəcək nümayəndə heyətinin tərkibinə 3 nəfər QHT nümayəndəsi daxil etdi. Forumun prezidenti kimi mən, Elmira Süleymanova (o zamanlar Qadın İnkişaf Mərkəzinin sədri idi), Rövşən İsrafilov tarixi sammitdə iştirak etdik. Prezident Sarayında keçirilən müşavirədə mərhum Heydər Əliyev çıxış üçün bizə söz verdi. Bundan sonra bizə münasibətdə çox böyük bir dəyişiklik oldu. Gördülər ki, ölkə başçısı QHT-lərə belə qayğı göstərir. Yəni bunlar bir mərhələdir və biz bunu keçməliydik. 2006-cı ildə cənab prezident İlham Əliyevin Mili QHT Forumunun  6-cı qurultayına təbrik məktubu göndərməsi mühüm hadisə oldu. İlk dəfə idi ki, dövlət başçısı QHT-lərin qurultayına, qanunverici toplantısına, Ali Məclisinə təbrik göndərirdi.

Məmurlar bu mövqeyi görəndən sonra vətəndaş cəmiyyətinə qucaq açdılar. Artıq münasibətlər yavaş-yavaş dəyişməyə başladı. Dediyiniz kadr məsələsinə gəlincə, QHT sektorunun çox böyük kadr potensialı var. Bundan faydalanmaq lazımdır . QHT sektorunda doğurdan da səmimi çalışan  uğur qazanan və QHT fəlsəfəsini dərindən bilən, QHT-nin çevikliyindən faydalanan kadrlar var. Hesab edirəm ki, burada yetişən kadrlar istənilən dövlət qurumlarında yüksək səviyyədə öz vəzifələrini yerinə yetirə bilərlər. Hətta digərlərindən fərqlənə də bilərlər.

- Belə bir tendensiya var?

- Uzağa getməyək. Bu yaxınlarda QHT Şurasının bir əməkdaşı uzun müddət QHT sektorunda çalışan hüquqşünas Vüsal Quliyev Prezident Administrasiyasının İctimai-siyasi şöbəsində işə qəbul olunub. Bizim digər əməkdaşımız Nadir Adilov yeni yaradılmış Sosial İnnovasiya və Əhaliyə Xidmət üzrə Dövlət Agentliyinin Aparat rəhbəri təyin olunub. Bu artıq hesab edirəm ki, QHT sektoruna göstərilən bir etimaddır. Çox istərdim ki, indi bunların sayı çox olsun. Qeyd edim ki, dövlət qurumlarında işə düzələn bizim həmkarlarımız mütləq şəkildə öz CV-lərində QHT sektorunda iş təcrübəsinə malik olduqlarını göstərir. Artıq başlanğıc qoyulub. Bu artıq zamanla bağlı olan bir məsələdir. Gərək insanların şüurunda da bir dəyişiklik olsun.

- Adətən QHT-də əsas ictimai cəhətdən fəal insanlar cəmləşir. Sizcə, Azərbaycanda QHT-lərə maraq varmı? İnsanlar bu təşkilatlarda birləşməyə meyillidirlərmi?

- Mən hesab edirəm ki, sizin dediyiniz bu məsələ ciddi araşdırmanın mövzusu ola bilər. Düşünürəm ki, növbəti illərdə Azərbaycan ictimaiyyətinin QHT institutuna münasibəti barədə bir sorğu keçirməmiz lazım olacaq. Çoxdandır belə sorğu aparılmır. 1997-cı ildə ABŞ-ın İSAR təşkilatının keçirdiyi  bir sorğunun nəticələrinə görə, həmin dövrdə ölkə əhalisinin cəmi 7% -nin QHT haqqında məlumatı olub. 2000-ci ildə bu rəqəm bir az artaraq 14% oldu. Sonrakı proseslərdə belə bir sorğular keçirilmədi. Mən xatırlamıram. Amma düşünmürəm ki, bu rəqəm ən azı 50%-dən çoxdur.

Amma burada bilgi səviyyəsi azdırsa, hesab edirəm ki, bunun da günahı bizdədir. QHT-lər öz fəaliyyətləri, həyata keçirdikləri layihələrilə bağlı, ümumiyyətlə QHT-nin fəlsəfəsinə, mahiyyətinə malik çoxlu sayda maarifləndirmə işləri aparsınlar. Vətəndaşlar buna alışsın, öyrənsin ki, QHT-nin xidmətləri çox effektiv olmalıdır.  

- Yeri gəlmişkən, QHT-lər cəmiyyətin problemlərinin yükünün neçə faizini özündə daşıya bilir?

- Bizim bir statistika var. Bu gün Azərbaycanda QHT sektoru iki milyon əhaliyə bu və digər formada xidmət edir. QHT sektorunda 5 mindən çox könüllü köməkçi və ya üzv, dəstəkləyici formasında çalışır. Bu əlbəttə ki, az rəqəm deyil. Bu rəqəmlərlərin də müəyyənləşməsində müəyyən bir ciddi metodologiya olmalıdır. O baxımdan düşünürəm ki, bu gün Azərbaycanda elə bir problematik sahə yoxdur ki, həmin sahədə QHT-in fəaliyyəti olmasın. Ancaq qeyd edim ki, say baxımdan   korrrupsiya ilə mübarizə ilə bağlı QHT-miz azdır. Yəni o sahədə ixtisaslaşmış QHT-in sayı azdır. Ən çox sosial səhə ilə bağlı QHT ixtisaslaşıb. Bu istiqamətdə 700-800 QHT var.    

Əlbəttə, mən sizə deyərdim ki, bu gün QHT-lərdə çox bacarıqlı, işini bilən həmkarlarımız var. İstənilən tapşırığın öhdəsindən gələ bilərlər. Bu gün bütün dünyada belə bir təcrübə var ki, məsələn, sosial cəhətdən yardıma ehtiyacı olan  bütün təbəqə - əlil, yaşlı, veteran, bütün bunların hamısına dövlət qurumları tərəfindən göstərilən xidmətlər QHT-lər tərfindən həyata keçirilir. Dövlət bunu QHT-yə verməklə xeyli büdcə vəsaitinə qənaət edir.
QHT-lər sosial xidmətlərin ünvana çatdırılmasında daha uğurlu mexanizimdir.  
Biz Milli Məclisə vətəndaş iştirakçılığı ilə bağlı qanun layihəsi təqdim etmişik. Bu qanun layihəsi vətəndaşların qərar və qanunların qəbulunda iştirakı baxımından çox mühüm bir sənəd olacaq.
Amma işdən narazılıq doğuran məqamlar da var. Bu gün bir çox QHT qrant almaq naminə yaradılır. Hətta QHT-dən başı çıxmayan, fəlsəfəsini bilməyən insanlar var ki, onlar məhz qrant almaq məqsədi ilə yaradırlar. Bu doğru deyil.

- Onları müəyyənləşdirə bilirsinizmi?

- Əlbəttə ki, müəyyənləşdirə bilirik. Bəzən görürsən ki, bəziləri bizdən qrant almağa yol tapır. Sonrakı mərhələdə biz onu bilirik və bir daha onlara qrant vermirik. Bizim nə qədər QHT-miz var ki, bunların məqsədi yalnız qrant almaqdır. Görürsən ki, yaxşı ideya təklif edir, amma bilirsən ki, onu da kiməsə yazdırıb. Sonrakı mərhələdə görürük ki, bu bizim axtardığımız QHT deyil. Və burada QHT-nin konkret missiyası yoxdur. Ümumiyyətlə, QHT-nin yaradılması asan məsələ deyil. Gərək bu qrupun və ya insanların konkret missiyası olsun. Görsünlər ki, bu problemi bu gün dövlət, bələdiyyə, özəl sektor həll edə bilmir və vətəndaş müdaxiləsinə ehtiyac var. Və ehtiyac olduğuna görə burada təşkilatlanırlar. Yoxsa kimsə hardasa eşidir ki, burada qrant verirlər, mən də alım, bu doğru deyil.

- Xaricdən maliyyələşən QHT-lər cəmiyyətdə daha çox tanınırlar. Bunun səbəbi nə ilə bağlıdır?

- Xaricdən maliyyələşən bir sıra QHT-lər var ki, onlar xüsusi həssas mövzuları seçirlər və bu mövzular da həmin donorlar tərəfindən diktə olunur. Bu mövzulardan bir çox hal üçün istifadə edirlər. Məsələn, insan haqları ilə, milli azlıqlarla bağlı məsələləri bura daxil etmək olar. Yəni o mövzularla bağlı hakimiyyəti tənqid edənlər, təhqir edənlər daha tez qrant alırlar. Çünki bu mövzular həmin donorların marağındadır. Bu gün müxalif olmaq, tənqid etmək daha çox asandır və populyarlıq qazandırır. Bəzən isə insanlar onun mahiyyətinə varmadan buna maraq göstərirlər. Deyirlər ki, filankəs filan mövzuda çox tənqidi danışdı, hətta söydü də. Amma bilmir ki, bu nə qədər haqlıdır və nə qədər bunun dediyində həqiqət var. Sadə vətəndaş bunun fərqinə varmır. Buna görə də onlar daha populyar olurlar. Amma o təşkilatlar ki, doğurdan da ciddi araşdırma aparıblar, müəyyən mənada təmənnasız və xoşniyyətli donorlar ilə işləyirlər, onların doğurdan da məqsədi problemi araşdırıb, həll etməkdir, belələrinin görürsən ki, bəzən səs-sorağı tezliklə yayılmır. Əsas səbəblərdən biri də dediklərimizdir.

- Milli QHT-lərin xaricdən və Şuradan maliyyə alması baxımından balans necədir?  

- Mən bunu açıq rəqəmlərlə deyim. Keçən il QHT sektorunun illik büdcəsi 30 milyon manatdan çox olub. Bu Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikadır. QHT-lər onun yalnız 2 milyon 87 min manatını Şura vasitəsi ilə alıblar. Bu da təxminən 7% edir. Çox kiçik rəqəmdir. Biz ona görə də hökumətə təklif vermişik ki, dövlət büdcəsindən heç olmasa QHT-in illik büdcəsinin 20-25% civarında  Şuraya vəsait ayrılsın. Mən açıq deyim. Bunu biz bunu gizlətmirik. Etiraf edirik ki, Şuranın ayırdığı 5-8 min manatla ciddi bir layihələrin icrası mümkün deyil. Təbii ki, orada müəyyən təşəbbüslər dəstəklənir, müəyyən QHT-nin fəaliyyət göstərməsi üçün bu vəsait çox mühüm rol oynayır.

- Avropa Birliyi, digər beynəlxaq institutlarla əməkdaşlığınız nəzərə çarpmır. Sizin aranızda birgə işlə bağlı hər hansı “sədd” varmı?

- Bizim Şura həmişə beynəlxalq əməkdaşlığa açıq olub. Biz heç vaxt xarici partnyorlarla əməkdaşlıqdan çəkinməmişik. Çünki o fikirdəyik ki, vətəndaş cəmiyyəti quruculuğu burada ciddi səy tələb edir. Vətəndaş cəmiyyəti ilə bağlı olan bir çox universal dəyərlər var ki, bu işdə beynəlxalq partnyorların əməyindən və tövsiyyəsindən istifadə etmək vacibdir. Bu istiqamətdə bizim uğurlarımız az deyil. Məsələn, biz bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  Azərbaycandakı  nümayəndəsinin çox yaxın tərəfdaşıyıq. Xeyli uğuru layihələrimiz olub. Dünya Bankı ilə büdcə layihələri həyata keçirmişik. Hətta Açıq Cəmiyyət İnstitutu ilə də layihələrimiz olub. Amma təəssüflər olsun ki, Avropa Birliyi, Avropa Komissiyası ilə bizim əməkdaşlığımız mövcud deyil. Açığı, bunun nədən qaynaqlandığını deyə bilmərəm. Çünki Avropa İttifaqı Azərbaycanın Avropaya inteqrasiyasında  maraqlı kimi görünür. Amma onlar bu inteqrasiyanın öncül atributlarından olan vətəndaş cəmiyyətinin institutları ilə, bizim Şura ilə əməkdaşlıq etməkdə o qədər də maraqlı  görünmürlər. Bizim cidd-cəhdlərimizə, təkliflərimizə baxmayaraq həmişə müəyyən bir bəhanə ilə bu əməkdaşlığın həyata keçirilməsinə mane olublar. Bunun nədən qaynaqlandığını deyə bilmərəm. Biz ölkədə öz işlərimizi görürük və öz yolumuza davam edirik.

- Azərbaycanda kifayət qədər transmilli şirkətlər, korporasiyalar var.  Sosial layihələr dünyanın hər yerində belə qurumlar tərəfindən daha çox dəstəklənir. Bu məsələdə Azərbaycanda bildiyimiz qədər iş ürəkaçan səviyyədə deyil. Məsələnin indiki durumunu necə qiymətləndirirsiniz?

- Məncə bir neçə səbəb var. Birinci səbəb odur ki, transmilli korporasiyalar vətəndaş cəmiyyətini saya salmır, QHT-in iradlarını ciddiyə almırlar. Onlar özlərini burada o qədər rahat, sərbəst hiss edirlər ki... Bu şirkətlər hesab edirlər ki, vətəndaş cəmiyyəti institutunun burada təsir mexanizmi yoxdur. Burada eyni zamanda günah vətəndaş cəmiyyətinin özündədir. Çünki onlar bu məsələni tam gündəmdə saxlamırlar. Deyək ki, BP-Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı acınacaqlı faktları biz bilirik. Azərbaycanlı işçilərə olan münasibət xaricilərə olan münasibətdən fərqlidir. İnsan haqları ilə məşğul olan QHT-lər  gərək bu məsələni daim qaldırsınlar. Bu insanların hüquqlarını müdafiə etsinlər. İkinci səbəb, bəzi QHT-lərin öncədən zərərsizləşdirilməsidir. Bu faktı da biz nəzərdən qaçırmamalıyıq. Yəni o QHT-lərin maddi baxımdan istəklərinin təmin edilməsi, onların kobud formada desək, ələ alınmasıdır. Son zamanların müşahidəsi göstərir ki, belə faktlar var. Bax bu acınacaqlı bir haldır.

- Məsələn, siz bu Şuranın rəhbəri olaraq dediyiniz korporasiyalara məktub yazanda nə cavab verirlər
?

- Bizim onlara belə bir məktubumuz göndərilməyib. Biz sosial məsuliyyətlə bağlı tədbirlər silsiləsinə start verdik. Müəyyən bir sənədlər, təkliflər hazırlandı. Onun ictimai müzakirəsi zamanı xarici transmilli şirkətlərin iştirak səviyyəsi məni qane etmədi. Onların çoxu hər hansı bir qərar qəbul etməkdə rolu olmayan, sadəcə iştirakçı xatirinə bir şəxsi ezam etmişdilər. Bunun da heç bir effekti olmadı.

Bəlkə də bununla bağlı hökumətin ciddi bir müdaxiləsinə ehtiyac var. Əvvəla, həmin transmilli şirkətlər Azərbaycan qarşısında öhdəlik götürüblər və bununla bağlı müqavilələrdə müəyyən bəndlər var. Ümumiyyətlə isə transmilli şirkətlərin sosial layihələrlə bağlı fəaliyyətinin monitorinqinə çox böyük ehtiyac var. Görək onlar bu günə qədər hansı sosial sərmayə proqramları həyata keçiriblər? Transmilli şirkətlər olan Azərcell, Bakcell, özəl sektorun təmsilçiləri bir şeyi bilməlidirlər ki, bunların vətəndaş cəmiyyəti qarşısında bir öhdəliyi var. Bu gün vətəndaş cəmiyyətinə onların yatırımı çox aşağı səviyyədədir. Ən vacibi isə orada şəffaflıq yoxdur. Mən hesab edirəm ki, bu məsələlərin müsbət həllinə çoxdan ehtiyac yaranıb və dövlətin dövlətin hansısa müdaxiləsinə ehtiyac var.

- Son zamanlar ciddi müzakirə olunan məsələlərdən biri də QHT-lərın qeydiyyat məsləsidir. Əksər QHT-lər qeydiyyat məsələsinin sadələşdirilməsini vacib sayırlar. Bəlkə QHT-lərin sayının artımına mane olan səbəblərdən biri də qeydiyyat məsələsindəki mürəkkəbliklərdir?

- Mən bir az fərqli düşünürəm. Çünki Azərbaycanda qeydiyyat bir texniki xarakter daşıyır. Azərbaycan qanunlarına əsasən, QHT-lər leqal, yəni hüquqi şəxs statusunda və hüquqi şəxs olmadan fəaliyyət göstərirlər. İstənilən vətəndaş birlik yarada bilər. Heç kim onların fəaliyyətinə qadağa qoymur. Belə qeydiyyatsız fəaliyyətə görə, hər hansı şəxsi, inzibati, o cümlədən cinayət təqibi yoxdur. Eyni zamanda, qeydiyyatla bağlı problemlər təkcə dövlət qurumlarından qaynaqlanmır. Bu məslədə QHT-nin özündən də qaynaqlanan problemlər var. Digər tərəfdən narazıların fikrində müəyyən həqiqət var. Ola bilsin müəyyən gecikmələrə yol verilir, vaxtlında cavablar verilmir. Bütün bunların hamısının həlli məncə çox asandır. Hesab edirəm ki, qeydiyyat məsələsi sadələşdirilməli və məlumat xarakterli olmalıdır. Bir ay ərzində də bu məsələ həll olunmalıdır. Qeydiyyat təkcə Bakıda yox, Azərbaycanın digər bölgələrində də aparılmalıdır. Birdə ki, sənədlərin elektron formada təqdimatı məsələsinə keçməliyik. Biz artıq Şura olaraq hesabatları elektron formada qəbul etməyi düşünürük. Elektron formada QHT-lər layihələrini təqdim edəcəklər. Canlı kontaktımız minimuma yenəcək. Amma yenə də deyirəm, QHT-yə olan diqqətin az olmasının səbəbi qeydiyyat deyil.

- QHT-lərə Dövlət Dəstəyi Şurasına artıq 4-cü ildir rəhbərlik edirsiniz. Hansı sahələr üzrə layihələr gözləyirsiniz? Boşluqlar varmı?

- Mən ümumiyyətlə Forumun 7-ci qurultayında da demişəm. Çox təəssüflər olsun ki, biz QHT-dən gözlədiyimiz nəticəni görə bilmirik. Gözləntilər sırf ictimai əhəmiyyətli yeni təkliflərin, yeni ideyaların bizə təqdim olunması ilə bağlıdır. Sanki ideya qıtlığı yaşanır. Elə bil QHT-lər nəyin hesabına olursa olsun qrant üçün layihələr hazırlayırlar. Hətta elə QHT-lər olur ki, başqa donorlar üçün hazırladıqları layihələri dəyişiklik belə, etmədən bizə veriblər. Bu qədər də səhlənkar yanaşmaq olmaz. Təbii ki, biz belə layihələrə baxmırıq və Şuranın iclasına da çıxartmırıq. Onların arasında səs-küy qaldırıb Şuranın fəaliyyətinə kölgə salmaq istəyən QHT də olur. Xatırlayırsınızsa, Şuranın yarandığı birinci ili bununla bağlı çox böyük səs-küy yarandı. Hər kəs istəyirdi ki, şantaj və ya hədə-qorxu yolu ilə bizdən qrant alsın. Amma biz dözdük, möhkəm dayandıq və ondan sonra sakitləşdilər. Bu yollarla olmaz, zəhmət çəksinlər layihə hazırlasınlar, rəqabətə tab gətirən təkliflərlə çıxış etsinlər. İndi yavaş-yavaş bu sahə sabitləşir. Bəzən bizə irad tuturlar ki, bəzi QHT-lərə dalbadal layihələr verirsiniz. Bu QHT- lər əsasən onlardır ki, o istiqamətdə indiyə kimi hər hansı donor layihə verməyib. Məsələn, şəhid ailələrinin hüquqlarının müdafiə olunması, Qarabağ əlillərinə dəstək, Qarabağla bağlı müəyyən işlərin görülməsi, vətənpərvərlik mövzusunda və s. Bu sahədə indiyə qədər heç bir donor yardım etməyib. Həmkarlarımız, ictimaiyyət də bilsin ki, bu sahədə biz rəqabəti ciddi şəkildə tətbiq etmirik. Onlara müəyyən güzəştlər edirik. Bəzən görürsən layihələrin hazırlanmasına köməklik edirik. Fikirmcə, vətənprvərlik mövzusunda olan layihələrə layihələrə dəstək verməliyik. Amma digər sahələrdə ciddi rəqabət var. Birmənalı şəkildə QHT-lər zəhmət çəkib ictimai əhəmiyyət kəsb edən, əsaslandırılmış layihələrlə çıxış etsin. Əks təqdirdə onların bizdən inciməyə haqqı yoxdur.

- QHT hesabatlarında media üçün maraq doğuracaq informasiyalar olur. Bəzən görürsən ki, bu məlumatlar mediada böyük bir rezonans doğuran hadisələr ola bilərdi.  Amma hesabatları toz basır, çox vaxt ictimai rezonans doğurmur. Sizcə media ilə QHT münasibətlərinin həlli yolları necə ola bilər?

- Həqiqətən də QHT-lər fəaliyyətləri və ya peşəkarlıqları ilə medianın diqqətini çəkə bilmirlər. İctimaiyyətlə əlaqə işi yüksək səviyyədə qurulmalıdır ki, çoxlu informasiya burulğanında mətbuatın diqqətini cəlb etsin. İkinci səbəb isə medianın maddi maraqlarının təmin olunmamasıdır. Medianın bəzi nümayəndələri hesab edir ki, QHT xəbərləri reklamdır bunun qarşılığında pul ödəməlidir. Bunu tələb etməyə haqqı var. Amma nəzərə almaq lazımdır ki, QHT özü-özlüyündə sosial bir məfhumdur. Onun həyata keçirdiyi sosial layihələrə mətbuat kommersiya məqsədilə baxmasın. Bizim QHT sahəsində ixtisaslaşmış jurnalistlərimiz azdır.  Elə jurnalistlər olub ki, mənim onlarla 10 dəqiqə danışmağa səbrim çatmayıb. O qədər bəsit, ütülənmiş, şablon suallar verirlər ki... Bəlkə də bu suala mən min dəfə cavab vermişəm. Yəni QHT jurnalistikası olmalı, jurnalist təhqiqat aparmalıdır, araşdırmalıdır, ortalığa çıxartmalıdır. Mən sizi dəvət edirəm. Gəlin bizim hesabatlara baxın. O qədər maraqlı təkliflər, nəticələr var ki, bundan böyük bir araşdırma aoarmaq lazımdır. Deməli 3-cü əsas səbəb jurnalistikadan qaynaqlanır.

Biz öz tərəfimizdən buna çox cəhd edirik, təlimlər keçiririk, televiziyalar vasitəsi ilə verlişlərimiz olur. İctimai televiziya ilə anlaşmamız var ki, ayda bir dəfə bu mövzularda müzakirələr keçirək. Əgər QHT–də çalışanlar peşəkardırlarsa, onlar fəaliyyətin bu istiqamətini ən yüksək səviyyədə saxlamalıdırlar. Mətbuatla işə xüsusi önəm verməlidirlər. Ona görə də biz bütün layihələrimizdə, təlimlərimizdə ictimaiyyətlə əlaqənin, piar işinin qurulmasına xüsusi önəm veririk. Siz jurnalistlər də gərək xəsislik etməyəsiniz, bu sahədə olan bilik və bacarıqlarınızı QHT-lərlə bölüşdürməkdə maraqlı olasınız.  

Digər bir təklif də var. Yəqin ki, mən bunu Prezident Administrasiyasında müzakirə etməli olacağam. Biz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə qrant layihələrinin maliyyələşdirilməsini təklif etmişik. Biz Vüqar Səfərli ilə danışmışıq və razılığımız da var. Sadəcə olaraq bunu artıq bir cədvələ salmaq lazımdır .

- 2012-ci il başa çatır. Yəqin ki, deyəcəksiniz Şuranın builki fəaliyyəti uğurlu olub..

- Niyə elə düşünrüsünüz? Bunu siz müəyyənləşdirməlisiniz.

- Dörd ildir ki, Şuranın rəhbərisiniz. Gözləntiləriniz doğrulurmu?

- Mən səmimi deyirəm o suala siz cavab versəniz daha yaxşı olar. Bir anlığa 2008-ci ilə qədər olan vəziyyəti gözünüzün qabağına gətirin. Və sonrakı vəziyyətlə müqayisə edin. Az-çox yaxşı araşdırma aparan olsa, fərqi kifayət qədər hiss edə bilər. Mən öz işimizə çox tənqidlə yanaşıram. Hesab edirəm ki, biz hələ daha çox işləməliyik. Qarşımızda xeyli məsələlər var. Məsələn, biz 2013-2018-ci illər üçün QHT sektorunun inkişafı üzrə dövlət proqramının layihəsini hazırlamışıq. Hesab edirəm ki, dövlət dəstəyi konsepsiyasından sonra ən mühüm sənəd ola bilər. Dediyimiz və demədiyimiz bir çox istiqamətlərdə olan boşluqlar, problemləri məhz bu proqram çərçivəsində həll etmək olar. Bir də QHT sektorunda heç vaxt “bəsdir” sözünü demək olmaz. Bura bir dəryadır, nə qədər istəsən, üzə bilərsən. Burada başlanğıc və son yoxdur. Ona görə də heç vaxt deyə bilməzsən ki, “mən ideal vətəndaş cəmiyyəti qurmuşam. Artıq bəsdir, biz şələmizi yığıb, çıxaq gedək”. Məqsədimiz odur ki, cəmiyyətin, millətin maraqlarını əks etdirən konkret layihələr ortaya qoyaq.  Biz QHT düşərgələrinə bölünməyək , həmrəyliyə nail olaq.

- QHT həm də ideyalar davasıdır..

- Heç vaxt hər şeydən razı olmazlar. Desəm ki, bizim Şuradan hamı razıdır, bu absurd olar. Amma “hamı narazıdır” desəm, bu da haqsızlıq olar. Çünki belə deyil. Mən sizə səmimi deyirəm, hələ indiyə qədər elə bir şəxs olmayıb ki, gəlsin çox ağıllı və əsaslandırılmış bir təklif versin və buradan boş qayıtsın. Mən şəxsən bu ideyaların dalınca qaçıram. Bu cür yaxşı təklifləri qənimət kimi qəbul edirəm. Mən çox istərdim ki, bizi obyektiv şəkildə tənqid etsinlər. Xoş niyyətlə bizi ağır tənqidlərə düçar etsinlər. Biz buna ancaq sevinərik. Ona görə də buyurun bizim fəaliyyətimiz göz qabağındadır. Bilmədiklərimizi və etmədiklərimizi bizə deyin.

Xaqani Səfəroğlu
Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı