Modern.az

Şəmsəddin Hacıyev: ““Narxoz” adı ilə çoxdan qurtarmışıq” - MÜSAHİBƏ

Şəmsəddin Hacıyev: ““Narxoz” adı ilə çoxdan qurtarmışıq” - MÜSAHİBƏ

Parlament

29 Dekabr 2012, 11:45

"Korrupsiyaya qarşı bizdə “cihad” gedir"


Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru  Şəmsəddin Hacıyev Modern.az saytına müsahibə verib. Deputat müsahibədə xeyli maraqlı məqamlara toxunub və son vaxtlar universitetin ünvanına yönələn xoşagəlməz fikirlərə münasibət bildirib.

- Şəmsəddin müəllim, uzun zamandır ki, rəhbəri olduğunuz komitənin hazırladığı “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihələri Milli Məclisin plenar iclasına çıxarılmır. Hətta buna mane olan qüvvələrin olduğu da bildirilir. Sizcə bunlara mane olan nədir, kimlərdir?

- “Elm siyasəti haqqında” Qanun layihəsi hazırdır. Bu sənəd yanvar ayının ikinci yarısında komitədə müzakirəyə çıxarılacaq. “Ali təhsil haqqında” qanun layihəsinin üzərində isə iş gedir. “Təhsil haqqında” Qanunda məsələlər necə əks olunubsa, burada da məsələlər həllini o şəkildə tapacaq.

- Bu günlərdə Azərbaycanın təhsil portalı olan telebe.az saytı ölkədəki ali təhsil müəssisələri ilə bağlı sorğu keçirib. Ali məktəb tələbələri arasında keçirilən sorğunun nəticələrinə görə, 2012-ci ildə Azərbaycanın ən korrupsioner universiteti kimi sizin rəhbəri olduğunuz Dövlət İqtisad Universitetinin adı birinci çəkilib. Buna münasibətiniz necədir?

- Bunu qətiyyən qəbul edə bilmərəm. Açığı bizim bu məsələdn xəbərimiz yoxdur. Deyərdim ki, korrupsiyaya qarşı bizdə “cihad” gedir. Buna tam əmin ola bilərsiniz. Hesab edirəm ki, belə sorğular məqsədli şəkildə həyata keçirilir.

- Maraqlıdır, bu tədris ilində neqativ hallara görə universitetinizdən neçə müəllim uzaqlaşdırılıb?

- Sentyabrdan bəri təxminən 12 müəllim işdən çıxarılıb və səbəb də dediyiniz məsələlərlə bağlıdır. Onu da bildirim ki, indi bizim universitetdə tələbə-müəllim arasında hər hansı xoşaglməz hadisə baş verərsə, o zaman ciddi ölçü götürülür. İmtahanlar tam şəffaf şəraitdə keçirilir. Keyfiyyətli təhsil mühiti yaratmaq lazımdır. Məqsədimiz bundan ibarətdir. Başqa yolumuz yoxdur.

- Sovetlər zamanında universitetiniz “Narxoz” adlanırdı və etiraf edək ki, ali təhsil ocağında “açıq bazar” idi. Hətta son illərə qədər ad dəyişsə də, insanlar arasında “Narxoz” ifadəsi işlənilir. Sizəcə bu ifadədən nə zaman qurtarmaq mümkün olacaq?

- Bu adla çoxdan qurtarmışıq, indi bura İqtisad Universitetidir.

- Bu tədris ilində universitetinizdən nə qədər tələbə xaric olunub?

- Bunun sayını dəqiq deyə bilmərəm. Amma çox təəssüf ki, belə hallar var və bu məni çox qayğılandırır. Onu deyə bilərəm ki, bizim universitetdən xaric olunanların sayı olduqca çoxdur.

- Buna əsas səbəb nədir?

- Müxtəlif səbəblər var. Universitetin tələblərini yerinə yetirə bilmirlər. Təhsil haqqı, davamiyyət məsələləri də var. Qeyd etdiyim kimi, ən əsası tələbələr sadə testlərdən keçə bilmirlər. Mən jurnalistlərə müraciət edirəm, buyursunlar, gəlib istənilən dərsdə otursunlar, istənilən imtahanda müşahidəçi qismində iştirak etsinlər. Bizdə necə şəffaflıq olduğunu özləri görəcəklər.

- Şəmsəddin müəllim, universitetiniz sizin universitetin Dağıstan filialı var və bu filialın daha çox köçürmələr üçün fəaliyyət göstərildiyi deyilir.

- Vaxtilə belə hallar olub. Amma 3 ildir ki, bircə nəfər də tələbə oradan bura köçürülməyib.

- Orada kimlər təhsil alır və qəbul qaydaları necədir?

- Əsasən yerli gənclər təhsil alırlar. Qəbul isə Rusiya qanunlarına uyğun olaraq həyata keçirilir. Təhsil bizim proqramla həyata keçirilir.

- Hazırda həmin fililaınızda neçə tələbə təhsil alır?

- Təxminən 700-800 tələbə. Onların 90 faizi yerli adamlardır.

- Azərbaycanlılar nə qədərdir onların içində?

- Orada təhsil alanların əksəriyyəti azərbaycanlılardır. Yalnız Dağıstanda deyil, Rusiyanın digər ərazisində yaşayan azərbaycanlılar da orada təhsil alırlar. İndi orada 1000 bnəfərlik tələbə üçün kampus tikilib. Deyərdim ki, bu kampus dünya standartlarına cavab verir. Dərbənddə Aəzrbaycan dilində orta məktəb də açacağıq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar