Modern.az

Qənirə Paşayeva vəsiyyətnamə yazdı - HADİSƏ

Qənirə Paşayeva vəsiyyətnamə yazdı - HADİSƏ

7 Yanvar 2013, 08:20

Milli Məclisin deputatı Qənirə Paşayeva özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verdi...

Milli Məclisin deputatı Qənirə Paşayeva özünün bədən orqanlarının transplantasiya olunmasına razılıq verdi. Millət vəkili bununla bağlı vəsiyyətnamə yazıb. Modern.az saytı Qənirə Paşayevanın vəsiyyətnaməsini olduğu kimi təqdim edir.

Bu gün vəsiyyət etdim...
Orqanlarımı bağışladım...

“Bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır”
Qurani-Kərimin Maidə surəsində (Ayət 32)

Xeyli vaxtdı beynimdə götür-qoy etdiyim, qəlbimdə yer verdiyim bir məsələ var(dı). O məsələ bardə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar. Nəinki anlayışla qarşıladılar, doğru addım atdığımı qəbul etdilər..!
Söhbət orqanlarımın bağışlanması ilə bağlı qərardan gedir. Əslində bu məsələ bir sıra inkişaf etmiş ölkələrdə normal qəbul olunan hadisədir. Bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşama davam etməsinə kömək edə bilərik. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Örnəyi, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin, heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik… Çox təəssüf ki, bu sahə hələ Azərbaycanda inkişaf etməyib və hələ də vətəndaşlarımız orqan köçürülməsi üçün xarici ölkələrə üz tuturlar və təbii ki, xarici ölkələrdə sadəcə zənginlər bundan yararlana bilir. Bu məsələni hüquqi cəhətdən tənzimləyən mexanizmlərin hələ qəbul olun¬maması, əhali arasında bu istiqamətdə maarifləndirmənin demək olar, yox dərəcəsində olması əslində bəlkə də hər gün həyatını hansısa orqanın köçürülməsi ilə xilas edə biləcəyimiz birini ölümə tərk etmək deməkdir… O üzdən də mən bu qərarımı hansısa hisslər altında deyil, düşünərək atdım və həyatımın ən doğru qərarlarından biri olduğuna da inanıram! Çünki bu qərarımla həm bir insan kimi öz orqanlarımı bağışlamaq, həm də toplumda bu mövzunu müzakirə gündəminə gətirmək istəyirəm. Təkcə Avropada deyil, elə qardaş Türkiyədə orqan köçürülməsi nə qədər insanın həyatını xilas edib (xilas edir). Orqan köçürülməsi üçün Türkiyəyə gedən insanlarımızı düşünün. Ölümdən xilas ola bilənləri gözünüz önünə gətirin. İndi bir anlığa düşünün ki, əgər kimlərsə orqanlarını bağışlamasaydı, o insanları xilas etmək mümkün ola bilərdimi?!. – Xeyr! Məhz humanist insanların ölümlərindən sonra orqanlarının bağışlanması haqqında zamanında vermiş olduqları qərarlar (orqanlarını bağışlaması) hər il minlərlə insanı yenidən həyata döndürür…

Siz necə? – Bir insanı həyata döndərmək istərmisiniz?
Ölümünüzdən sonra bir neçə insanın yenidən həyata qayıtmasına kömək etmək sizə görə deyilmi, sizcə?
İnanıram, “Bəli” cavabı verəcəksiniz özünüz öz sualınıza...
Bu məsələnin dinimizlə də bağlı heç bir ziddiyyəti yoxdur. Qardaş Türkiyənin dini işlər qurumu olan Dəyanət İşləri Qurumunun bununla bağlı açıqlamasında da belə deyilir. Mən ümid edirəm ki, qısa zamanda bu məsələ ölkəmizdə də ciddi şəkildə müzakirə olunacaq, bu istiqamətdə bir neçə il əvvəl qəbul olunmuş qanunun həyata keçirilməsi istiqamətində müvafiq icra orqanları hüquqi mexanizmlər hazırlayıb qəbul edəcək, lazım olarsa qanunvericilik səviyyəsində əlavə və düşəlişlər həyata keçiriləcək, maarifləndirmə işləri surətlənəcək. Orqan bağışlama ölkəmizdə öz həllini tapmazsa orqan köçürülməsi kimi önəmli bir sahə ölkəmizdə inkişaf edə bilməyəcək. Mən əlaqədar qurumları bu mövzuya daha böyük diqqət ayırmağa çağırıram. Çünki bu istiqamətdə qanunun qəbulundan 13 il keçməsinə baxmayaraq hələ də bu istiqamətdə heç bir ciddi irəliləyiş yoxdur. Qeyd edim ki, insan organ və vəya toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunu 28 oktyabr 1999 – cu il tarixində qəbul edilmişdir. Bu qanunla orqan və vəya toxumaların transplantasiyasının ümumi müddəaları, transplanyasiya məqsədilə meyitdən və ya donordan organ vəya toxumaların götürülməsinin qaydaları və bu barədə tibb müəssisələrinin və tibb işçilərinin məsuliyyəti müəyyənləşdirilmişdir. Ayrıca Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə transplantasiya obyekti olan organ və vəya toxumaların siyahısı təsdiq edilmişdir. Bu siyahıya görə respublikamızda ürək, ağciyər, ürək – ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya ediləbilər.
ƏN BÖYÜK PROBLEM. Organ transplantasiyasının qarşısındakı ən böyük əngəl organ bağışının az olmasıdır. İnkişaf etmiş ölkələrdə də problem eynidir. Amma beynəlxalq statistikalara nəzər salsaq görərik ki, organ bağışının nisbətləri heç də hər ölkədə eyni deyil. Məsələn, bir milyon əhali başına düşən donor sayısı İspaniyada 34,6 , ABŞ – da 20,0 , Türkiyədə 2,0 , Rumıniyada isə 0,4 – dür. Qanunvericilikdəki məhdudiyyətlərlə bərabər, toplumların bu mövzudakı maariflənmə səviyyəsi əsas faktorlar kimi qarşımıza çıxır. ABŞ – da organ bağışını artırmaq məqsədilə xüsusi vergi endirimləri tətbiq olunur.

TRANSPLANTASİYA OBYEKTİ OLAN ORGANLAR. Bu organlardan bəziləri canlı donordan əldə olunabilir. Bu organlar organizmdə cüt olmalı vəya özünü yeniləmə (regenerasiya) qabiliyyətinə sahib olmalıdır (məs. böyrək, qaraciyər). Bəzi organlar isə ancaq meyitdən əldə olunabilir (məs. ürək, ağciyər, mədəaltı vəzi). Meyitdən organ əldə etmək üçün “beyin ölümünün” təsdiq olunması mütləq şərtdir. Beyin ölümünün konkret kriteriyaları mövcuddur. Bu kriteriyalar transplantasiyada iştirak etməyən həkimlər briqadası tərəfindən yazılı şəkildə təsdiq olunmalıdır.

ORGAN BAĞIŞININ PRİNSİPLƏRİ. Müxtəlif ölkələrdə əsasən 4 prinsip tətbiq olunur. Bu prinsiplər etiraz prinsipi, genişləndirilmiş etiraz prinsipi, könüllülük prinsipi və genişləndirilmiş könüllülük prinsipidir. Hal- hazırda ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə genişləndirilmiş könüllülük prinsipi tətbiq olunmalıdır. Yəni donorun özünün könüllü yazılı razılığı əsas şərtdir. Əgər bu yoxdursa yaxın qohumları vəya qanuni nümayəndəsi də buna yazılı icazə verəbilər.
DİNİ MƏSƏLƏLƏR. Organ bağışlanması və transplantasiyası İslam dininə görə caizdir. Belə ki, Qurani-Kərimin Maidə surəsində (Ayət 32) “bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır” deyə xüsusilə vurğulanır.
Bəli, əziz oxucum, mən artıq orqanlarımı bağışladım!
Bu proseduru həyata keçirəcək qurumu da müəyyənləşdirdim.
Ölümümdən sonra bəzi orqanlarımın başqa bir insanın yaşaması üçün istifadə edilməsinin savab bir iş olduğunu düşünürəm. Öldükdən sonra mən həyata yenidən gəlməyəcəm, amma ölüm ayağında olan bir neçə insanın, ağır durumda olan bir neçə insanın yaşamasına orqanlarımla yardım edə bilərəm. Onların üzünün yenidən gülməsinə, xoşbəxt olmalarına yardım edə bilərəm. Bundan gözəl nə ola bilər?!
Bəli, bununla bağlı vəsiyyətnaməmi artıq yazdım. Çünki həyat elə qəribədir ki, indi varsan, cəmi 5 dəqiqə sonra artıq həyatda olmaya bilərsən…
Sağlam atamı əlimlə yola salmışdım, bir gün sonra cənazəsini qarşıladım…
O zamandan həyatın bir an olduğunu daha yaxından hiss etməyə başladım…
Əslində “vəsiyyətnamə” yazmaqdan qorxmamalıylq. Ölümün ətrafımızda dolaşdığını və hər saniyə həyatla vidalaşa biləcəyimizi dərk edərsək yaşamaq daha asan olar insana. Nəfsimizlə mübarizəmiz, həyatı insan kimi yaşamağımız üçün...

Beləliklə, əziz dost, bu gün “vəsiyyətnamə” yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara...
Əgər bir gün hər hansı bir qəza keçirərsəm və ölüm ayağında olarsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam heç bir tərəddüt etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köşürə bilərlər və bu mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq… Son…
Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım.
Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı… Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər. O zaman bu faydalı əməldən niyə qorxmalıyıq ki…
Deyirəm, əgər kimsə yaşayacaqsa bədənimin hər hansı bir hissəsi ilə həmən versinlər..! Təki kimsə yaşasın. Təki kiminsə həyatını qurtarsın mənim canımın bir hissəsi…

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi