Modern.az

Deputatlar: “Suyun artması hələ Kürün daşması demək deyil”

Deputatlar: “Suyun artması hələ Kürün daşması demək deyil”

7 Yanvar 2013, 17:14

Son aylarda Kür çayında suyun səviyyəsinin artdığı müşahidə olunub. Bəzi mütəxəssislər çayın yenidən daşaraq ətraf rayonlara ciddi ziyan vuracağını deyirlər. Amma rəsmi qurumlar hər hansı bir ciddi təhlükənin gözlənilmədiyini söyləyirlər.

Modern.az Kür çayının daşma təhlükəsinin olub-olmadığını öyrənib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar bürosunun hidroloji proqnozlar şöbəsinin rəisi Vəfa Bayramova belə bir təhlükənin olmadığını bildirdi. Onun sözlərinə görə, qış ayları çaylarda az sululuq dövrü sayılır. Odur ki, bu aylarda Kür çayında heç bir daşma təhlükəsi yoxdur:

“Çayların sululuq dövrü yaz, yay aylarıdır. Mart, may ayları çaylarda sululuq dövrü sayılır. Bu vaxtlar Kürdə suyun səviyyəsi arta bilər. Ümumiyyətlə son aylarda çayda sululuq səviyyəsinin artması gözlənilmir, sabit sululuq dövrü gedir. Son iki ayda isə Kürün səviyyəsində artma əvəzinə azalma müşahidə olunub. Belə ki, Kürün aşağı Surra məntəqəsində 19 sm, Şirvanda 9, Araz çayının Oğuzlu məntəqəsində isə 2 sm azalma müşahidə olunub. Lakin Bankə qəsəbəsində 3, Salyan məntəqəsində isə 2 sm artma müşahidə olunub. Bu da təhlükəli hədd sayılmır. Odur ki, Kürdə suyun səviyyəsinin artması gözlənilmir. Kür çayı sabit sululuq dövrünü yaşayır. Hələ ki, belə bir təhlükə mümkün deyil”.

64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilən millət vəkili Rüstəm Xəlilov bu barədə məlumatlı olduğunu bildirdi. O, qeyd etdi ki, Kürün səviyyəsinin artması onun daşması demək deyil. Millət vəkilinin sözlərinə görə, Kür qırağı rayonlar adətən yaz aylarında belə bir təhlükə ilə üzləşir. Amma hələ ki belə bir təhlükə yoxdur: “ Ölkə başçısının sərəncamından sonra Kür qırağının bəndlənməsi işi davam edir. Ona görə də bundan sonra Kürün daşması mümkün deyil. Düzdür, təbii fəlakətin qarşısında hər şey acizdir. Amma hələ ki, belə bir şey ola bilməz”.

59 saylı Səlyan seçki dairəsindən deputat seçilmiş Əliağa Hüseynov da belə bir təhlükənin olmadığını vurğuladı. O, qeyd etdi ki, Fövqəladə Hallar Nazirliyi elə bir iş qurub ki, Kür sahilinin bərkidilməsi, Kürün dənizə tökülən hissəsində təmizləmə işlərinin aparılması çayda suyun səviyyəsini bir normada saxlayır. Bundan əlavə Mingəçevir su anbarında suyun səviyyəsinin normal saxlanıldığından Kürdə hələ ki, belə bir təhlükə gözlənilmir.        

Millət vəkili Fəzail Ağamalı da Kür ətrafı rayonları ciddi təhlükənin gözləmədiyini söylədi. Onun dediyinə görə, bir neçə il bundan sonra da belə bir gərginlik olmayacaq: “Çünki məlum daşqından sonra Kür ətrafındakı bəndlərin yenidən qurulması prosesi başlandı və bu iş üçün dövlətdən kifayət qədər vəsait ayrıldı. Prezidentin diqqətində olan bu məsələ Meliorasiya və su Təchizatı ASC tərəfindən kifayət qədər diqqətdə saxlanıldı. Artıq bir neçə ildir ki, Kürdə bənd vurma işləri gedir. Həmin yerlərdə təhlükə aradan qaldırılıb. Ola bilər ki, bənd vurma işləri hələ ki, bitməyib. Bəndlərin möhkəmləndirilməsi və yeni bəndlərin vurulması təhlükəni aradan qaldırır. Bundan başqa Kürün Xəzərə töküldüyü yerdə Fövqəladə Hallar Nazirliyinin gətirdiyi yeni texnikalar təmizləmə işlərini davam etdirir. Kürün daşaraq ətrafa ciddi ziyan vurmasının qarşısını alır. Kürün daşmasının bir neçə il bundan əvvəl çətinlikləri fəsadları yenidən baş verməsi gözlənilmir”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub