Modern.az

Deputatlar qış tətilini necə keçirəcəklərini açıqladılar

Deputatlar qış tətilini necə keçirəcəklərini açıqladılar

Parlament

8 Yanvar 2013, 08:30


Milli Məclis 2012-ci il dekabrın 28-də keçirilmiş payız sessiyasının son iclasından sonra qış tətilinə buraxıldı. Parlamentin növbəti yaz sessiyası fevralda başlayacaq. Ancaq komitələrdə iclas yanvarın 15-dən başlayacaq. Bəs qış tətilini Milli Məclisin deputatları necə keçirəcəklər? Kimlər iş başında olacaq, kimlər istirahət edəcək?

Modern.az-ın əməkdaşı bu suallla deputatlara müraciət edib.

Millət vəkili Asim Mollazadə qış tətilində Bakıda, işdə olacaq. O hələlik heç bir planı olmadığını vurğulayıb.

Deputat Elxan Süleymanov sualımıza elə sualla cavab verib. “Millət vəkili istirahət edə bilər? Onun vaxtı var ki, istirahət etsin?!”.
Deputat tətil zamanı Ukrayna, Moskva, Bolqarıstana səfərlərinin olduğunu, Avropa Şurasına hazırlaşdığını bildirib. “Bundan əlavə, Şərq tərəfdaşlığı çərçivəsində Polşaya böyük nümayəndə heyətini aparacam. Bura Misir Mərdanov, eləcə də 4 rektor – Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Şəmsəddin Hacıyev, Səməd Seyidov daxildir. Ümumiyyətlə, işlər çoxdur. Hətta 4 ay öncə cərrahiyə əməliyyatına getməliyəm, amma 3 dəfə bunu işlərin çoxluğundan təxirə salmışam”.

Millət vəkili Əhməd Vəliyev isə məzuniyyətin istirahət etmək üçündür deyənlərdəndir. O hesab edir ki, yaxşı istirahət etməlidirlər ki, işə qayıdanda da yaxşı işləsinlər. Buna baxmayaraq, deputatın hələ istirahətlə bağlı planları yoxdur.

Deputat Fazil Mustafa bildirib ki, qış tətili artıq qurtarmaq üzrədir. “Qanunvericiliyə görə qış tətili yanvarın 15-də bitir və komitələrdə iclaslar başlayır. Bu müddət ərzində isə ölkənin ictimai-siyasi problemləri, seçicilərlə maraqlanmışıq. Ümumiyyətlə, bu müddətdə Bakıda olmuşam, ənənəvi iş prosesi olub. Bundan əlavə, 2 günlük Türkiyəyə işgüzar səfərim var, orada siyasi çevrələr, dostlarla işgüzar görüş olacaq. Daha sonra yanvarın 20-də Strasburqa Avropa Şurasının iclaslarına, Polşaya səfərimiz olacaq”.

Millət vəkili Aydın Mirzəzadənin xüsusi planları yoxdur. O da bir çox azərbaycanlı ailəsi kimi Yeni ili evində qarşılayıb. “Sadəcə bir günlük Quba rayonuna getdik, oranın təbiətinə heyran olduğumu vurğulamalıyam. Bu gündən işdəyəm. Ümumiyyətlə, fikirləşirəm ki, deputatın iş günü və tətili fərqlənməməlidir. O, istənilən an böyük məsuliyyət hiss etməlidir. Yanvar ayının sonunda isə qrafikə uyğun olaraq Mingəçevirdə iki gün vətəndaşlarla görüşlər həyata keçirəcəm”.

Deputat Mübariz Qurbanlı qış tətilini artıq başa vurub. “Yeni Azərbaycan Partiyasında çalışdığım üçün Milli Məclis qış məzuniyyətində olduğu halda biz partiyada işimizi davam etdiririk. Bir həftə dincəldikdən sonra artıq işdəyəm. 2013-cü il ciddi siyasi məqamlarla yaddaşda qalacaq, prezident seçkiləri keçiriləcək. “Qış tətilini harada keçirəcəm?” sualına cavabım “işdə olacağam”dır”.  

Milli Məclis üzvü Rəbiyyət Aslanova da iş başında olan deputatlardandır. Hazırda qış imtahan sessiyası dövrü başlayıb və R.Aslanova BDU-da kafedra rəhbəri olduğu üçün işləyir.

Deputat Elmira Axundova isə publisistik fəaliyyətlə məşğul olur. O, bir günlük istirahətdən sonra yanvarın 2-dən “Heydər Əliyev: şəxsiyyət və zaman” kitabının sonuncu - 6-cı cildinin üzərində işləyir.

Millət vəkili Zahid Oruc isə qış tətilindəki planları barədə bildirib: “Əgər Milli Məclisdəki ofisimə zəng etsəydiniz, iş nömrəsinə cavab verməklə işdə olduğumu müşahidə edərdiniz. Bu sübut edir ki, qış tətilində özəl istirahət planım yoxdur. Tətil edən hər bir həmkarıma can sağlığı arzu edirəm, yaxşı istirahət yaxşı işləmək deməkdir. Yanvar ayında xarici səfərim və ya Azərbaycan daxilində qısa müddətli istirahət planım yoxdur. Bərdəyə 2 günlük səfər olacaq, tədbirlər, açılışlar olacaq. Yarımçıq qalmış işlərimizi davam etdirəcəyik, faydalı intellektual işlə məşğul olacağıq”.

Deputat Nizami Cəfərov da qış tətilini Bakıda iş başında keçirən deputatlardandır. “Atatürk Mərkəzində işləyirəm, ona görə bir həftə kifayət qədər dincəldikdən sonra iş başındayam”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!