Modern.az

Parlament jurnalistləri deputat Aslan Cəfərovu belə xarakterizə etdilər: “Bizə yuxarıdan aşağı baxır”

Parlament jurnalistləri deputat Aslan Cəfərovu belə xarakterizə etdilər: “Bizə yuxarıdan aşağı baxır”

10 Yanvar 2013, 09:23

Milli Məclisdə akreditasiya olunmuş KİV nümayəndələrindən deputat barədə maraqlı cavablar...

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az parlament jurnalistləri ilə deputatlar barədə sorğuları davam etdirir. Bu dəfə həmkarlarımızdan Aslan Cəfərov millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

77 saylı Astara seçki dairəsindən olan Aslan Cəfərov İqtisadi siyasət komitəsinin, eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvidir .

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirib ki, deputat Aslan Cəfərov parlamentin ən gənc deputatlardan biridir. “Özü də parlamentin foyesində daha çox rusca danışmağı ilə diqqətimi çəkir. Jurnalistlərə yuxarıdan aşağı baxır. Bir neçə dəfə ondan açıqlamaq almaq istəsəm də arxasını çevirib gedib. Əgər o bizimlə belə rəftar edirsə, iclas vaxtı parlamentin yeməkxanasında olursa, indiyə qədər iclaslarda bir dəfə də çıxış etməyibsə hansı fəallıqdan danışmaq olar? Bir insan, bir gənc kimi bəlkə də yaxşı biridir, amma bunları onun deputatlığı barədə deməyə çətinlik çəkirəm”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan deputat Aslan Cəfərovu passiv deputat kimi qiymətləndirir. Çünki indiyədək parlamentin iclaslarında çıxışlarının şahidi olmayıb.
“Elə bu səbəbdən də 2011-ci ildə Parlament Jurnalistlər Birliyinin keçirdiyi sorğuda ilin ən passiv deputatı seçilmişdi. Elə 2012-ci ilin nəticələrinə görə də yenə də parlament jurnalistləri tərəfindən ən passiv deputat kimi qeyd olunub. Seçicilərlə görüşü barədə heç bir şey deyə bilmərəm, heç bir məlumatım yoxdur. Hətta bu şəxsin mətbuatda da açıqlamalarının, mühasibələrinin şahidi olmamışam”.

“Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov elə bir deputat hələ ki tanımır. O, deputatın fəaliyyətindən də xəbərsiz olduğunu qeyd edib.  

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlının fikrincə millət vəkili Aslan Cəfərov Milli Məclisin ən gənc deputatlarından biridir. “Parlamentdə çıxışlarına tez-tez rast gəlməsəm də müəyyən məsələlərlə, xüsusilə iqtisadi mövzularda olan məsələlərlə bağlı qəzetimiz üçün ondan müsahibələr götürmüşük. Yəni onunla qəzetimizin əməkdaşlığı baxımından heç bir problem yoxdur. Deputatın seçiciləri ilə münasibətləri haqqında isə geniş məlumatım yoxdur. Amma bildiyimə görə o seçiciləri ilə mütəmadi olaraq görüşür”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bu deputat haqqında bildiyi yalnız Aslan Cəfərov Astaranın deputatıdır. “2010-cu il seçkilərində YAP-ın siyahısı ilə Milli Məclisə düşə bilib.  Plenar iclaslarda çıxışının şahidi olmamışam. Heç KİV-lə də əlaqələrdə maraqlı görünmür. Onun hər hansı müsahibəsi, açıqlamasını xatırlamıram. İqtisadi siyasət komitəsinin üzvü kimi ölkənin sosial və iqtisadi problemləri, uğurları barədə hər hansı mövqeyini oxumamışam. Seçicilərlə işindən isə məlumatım yoxdur”.

“Ann.az” saytınlın əməkdaşı Elkin Xəlilov: “Birinci dəfədir bu adda deputat eşidirəm. Sizin sayənizdə Milli Məclisin saytına girərək Aslan müəllim haqqında qısa bir məlumat öyrəndim. Ola bilər Aslan müəllim fəaldır, amma bu mənim diqqətimdən qaçıb. Amma işimiz elə bir işdir ki, burda az da olsa aktivlik kimsə görsətsə o diqqətdə olur. Çünki gündəlik ölkəni informasiya ilə təmin edən 10-a yaxın sayt izləyirəm, hələ qəzetləri demirəm. Buna görə də Aslan Cəfərovun seçiciləriylə görüşdə aktiv və ya passiv olması haqda bir söz deyə bilmirəm”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin Aslan Cəfərov adlı millət vəkilinin fəaliyyəti barədə məlumatı məhduddur. Çünki onun hansısa təşəbbüs, yaxud təkliflə çıxış etməsinin şahidi olmayıb. “Nə qanun yaradıcılığı, nə də cari məsələlərin müzakirəsi zamanı tutarlı çıxışı yadımda qalmayıb. Onun seçiciləri ilə bağlı münasibəti barədə məlumatsızam. Yəni seçicilərinin hüquqlarının nə səviyyədə müdafiə etməsi mənə bəlli deyil.  Ümumilikdə, deputat Aslan Cəfərovun fəaliyyətini passiv kimi qiymətləndirirəm”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, Aslan Cəfərov parlamentdə deputatlar sırasına daxil deyil. “Komitə və parlament iclaslarında heç vaxt müzakirələrdə çıxış edib, təkliflər verdiyini görməmişəm. Seçiciləri ilə görüşü barədə isə heç nə deyə bilmərəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev də digər həmkarları kimi deputat Aslan Cəfərovun fəaliyyəti barədə də məlumatsızdır. “Bunun onun fəaliyyətsizliyi, yoxsa mənim diqqətsizliyimlə bağlı olmasına gəlincə, məncə, birincidir. Nə parlamentdə çıxışını dinləmişəm, nə mətbuatda fikirlərinə rast gəlmişəm”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev qeyd edir ki, Aslan Cəfərov da bizim bu layihə çərçivəsində təqdim etdiyiniz digər deputatlar kimi Milli Məclisdə xüsusi fəallığı ilə seçilmir. Ümid edirəm ki, 2013-cü ildə cənab Cəfərovun təşəbbüskar çıxışlarını görəcəyik”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “Millət vəkili Aslan Cəfərov səhv etmirəmsə Astaradan olan millət vəkilidir. İqtisadi siyasət komitəsinin üzvüdür. Amma onun iqtisadi məsələlərlə bağlı, seçicilərinin hüquqları ilə bağlı parlament iclaslarında çıxışının şahidi olmamışam. Seçiciləri ilə necə işlədiyindən xəbərsizəm. Aslan müəllimi passiv deputat kimi xarakterizə edərdim. Parlamentə təsadüfən düşən millət vəkilləri kateqoriyasına aid edirəm”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu millət vəkili Aslan Cəfərovu tam fəaliyyətsiz millət vəkili kimi xarakterizə edir. İki ildən çox deputatdır, amma nə parlamentin nə plenar, nə komitə iclaslarında çıxışlarını görməmişəm. Çıxış etsə də diqqəti cəlb etməyib. Onu passiv deputat kimi xarakterizə edirəm. Jurnalistlərlə də münasibəti qeyri-normaldır. Bir neçə jurnalistlərin ona yaxınlaşdığını, lakin suallarını cavabsız qoyub getdiyinin şahidi olmuşam. Konkret seçicilərlə münasibəti haqqında isə heç nə deyə bilmərəm”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı millət vəkili Aslan Cəfərovun fəal, ya passiv deputat olduğunu birmənalı deyə bilməyəcək. Onun sözlərinə görə, seçiciləri ilə sıx təmasda olan, onların problemləri ilə maraqlanan elə Milli Məclis üzvləri var ki, onlar iclaslarda danışmağı xoşlamırlar. Bildiyim qədər Aslan Cəfərov uğurlu biznesmendir, ara-sıra məhz biznesi ilə bağlı barəsində mətbuatda bəzi məlumatlar oxumuşam. Amma parlamentin plenar iclaslarında, yaxud hansısa tədbirlərdə deputat qismində çıxış etdiyinin şahidi olmamışam”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: "Aslan Cəfərov gənc deputatlardandır. Ancaq onun fəaliyyətinə diqqət verəndə hətta gənc olduğuna şübhə edirsən. İndiyədək o deputatın nə bir çıxışının şahidi olmuşam, nə də hansısa media qurumuna müsahibəsini görmüşəm. Belə olduğu təqdirdə onun seçicilərlə necə işlədiyi barədə də fikir söyləmək çox çətindir".

APA-nın əməkdaşı Mübariz Aslanov bildirib ki, millət vəkili Aslan Cəfərov da bundan əvvəl haqqında sorğu götürdüyümüz deputatlar kimi üzdə olan deyil. “Mən belə tanıyıram. Ola bilər seçiciləri ilə intensiv görüşür və taxud görüşmür. Amma mətbuatla ünsiyyətdə o qədər də aktiv deputat kimi tanımıram. Hansısa təklifi, yaxud hansısa qanunun, qanuna dəyişikliyin müzakirəsi zamanı hər hansı təklifinin şahidi olmamışam”.

 

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?