Modern.az

Qənirə Paşayeva: “Ailəmdən ancaq mənəvi qızım Firuzə vəsiyyətimə qarşı idi” - MÜSAHİBƏ

Qənirə Paşayeva: “Ailəmdən ancaq mənəvi qızım Firuzə vəsiyyətimə qarşı idi” - MÜSAHİBƏ

11 Yanvar 2013, 11:46

Millət vəkili Qənirə Paşayeva orqanlarının köçürülməsi ilə bağlı vəsiyyətnamə yazdıqdan sonra mətbuatın diqqət mərkəzindədir. Bunu nəzərə alaraq Modern.az onunla müsahibəni oxuculara təqdim edir.

– Maraqlıdır, necə öz orqanlarınızın köçürülməsi ilə bağlı qərarı necə verdiniz?

– Mən ixtisasca həkiməm. Yəni tibb sahəsinin içərisindən gəlmişdim. Xeyli həkim dostlarım var. Bu qərarı verməmişdən öncə onlarla bu məsələni dəfələrlə müzakirə etmişəm. Bu məqam da məni insan öldükdən sonra orqanının bağışlanması məsələsinin həlli üzərində düşünməyə sövq edib. Bu məsələ həllini tapmalıdır. Axı öldükdən sonra orqanlarım mənimlə bərabər torpağın altında niyə çürüsün? Həyatdan vidalaşanda öz orqanlarımızla bəlkə də ən faydalı işi görə bilərik. Bizim orqanlarımızla bir neçə insan yenidən həyata qayıda bilərsə, o zaman niyə biz bu faydalı işi görməyək? 

– Ananız bu qərarı necə qarşıladı?

– Vəsiyyət etməmişdən öncə bunu ailəmlə məsləhətləşdim. Əlbəttə, əsas anamın bunu qəbul etməsi əsas idi. Çünki belə hadisələrdə ailə psixoloji şok yaşaya bilər. Anamla, bacımla, yaxınlarla çox rahat müzakirə etdik. Müzakirədən sonra əleyhimə olmadılar. Ailəmdən ancaq mənəvi qızım Firuzə buna qarşı idi. Amma indi bilir ki, geriyə yol yoxdur. Əvvəl deyirdi ki, yox, mən sənədi gizlədəcəyəm. Deyirdim ki, necə gizlədəcəksən? Sənədi gizlətmək olmur axı? Amma artıq o da qəbul elədi. 

– Vəsiyyət çap edildikdən sonra dost-tanış bunu necə reaksiya verdi?

– Mənə çoxlu mesajlar, zənglər gəldi. Dedilər ki, bu addımı atmaqla doğru iş görmüşəm. Onlar da bu haqda düşündüklərini dedi.

– Bu qərarınız ictimaiyyətlə birmənalı olaraq qarşılanmadı. Sizcə, bu nə ilə bağlıdır?

– Mən sadəcə bir insan kimi belə düşünürəm və özüm örnək olaraq belə addımlar atmaq istəyirəm. Heç vaxt başqaları nə edəcək, nə düşünəcək deyə bir fikirdə olmamışam. Doğru saydığımı edirəm və açıqlayıram. Yəni cəmiyyətdə bütün sahələrdən tanınan insanlar bu addımı atanda maarifləndirməyə kömək edə bilərlər. Onlar əhaliyə özləri örnək olurlar. İnsan özü bu istiqamətdə addım ataraq, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə daha çox kömək etməlidir. Mənim bu qərarı ictimailəşdirməyimin məqsədi bu idi. Bu mənim insan kimi qərarımdır. Biri də var ki, bu mənim ictimai insan kimi qərarım. Bunu ictimailəşdirmək oldu. Çünki, mən dedim ki, bunu ictimailəşdirsəm bu hansısa bir çevrələrdə müzakirə olunacaq. İnsanlarımızın içərisində humanizm duyğuları çoxdur. Bu da bir humanizm aksiyasıdır əslində. Ona görə hesab edirdim ki, bunu insanlar müsbət qarşılayacaq. Mənim addımım kimi yox, mövzunu müsbət qarşılayacaqlar. Mən özümü bu mövzuda sadəcə parça görürəm.  

– Orqan transplantasiyası haqqında qanun olsa da, qanunun işlək olması üçün addım atılmayıb.

– Milli Məclis bununla bağlı qanunu 1999-cu ildə qəbul edib. Bu qayda-qanunların prinsipləri gərək işlənsin. Əgər işlənən zaman qanunvericilikdə haradasa boşluq yaranarsa, təklif olunacaq ki, bu əlavə edilsin. Qonşu ölkələrdə artıq bu məsələ öz həllini tapıb. Amma bizdə gərək ən yaxın adam orqan köçürə bilər. Uzaq adamdan orqan almaq ticarət hesab olunur. Məsələn, mən bir məqamı sizə deyim. Jurnalistlərdən birinin bacısı dünyasını dəyişib. Onun himayəyə götürülmüş övladı böyrək problemləri ilə iki il yarımdır ağır vəziyyətdədir. 13 yaşlı uşağın böyrəkləri tamamilə çürüyüb və onun həyatı dializ aparatlarına bağlıdır. Əgər bu uşağa böyrək köçürülməsə, onun ömrünün sonuna az qalıb. Onun yaxın qohumları da çox azdır. Həmin qohumlar içərisində uşağa donor olmaq istəyənlər uyğun gəlmir, bəziləri də böyrəyini vermək istəmir. İndi bu ailə neynəməlidir? Bu ailə başqasından böyrək xahiş etməlidir. Bugünkü qaydalara görə də yaxın qohumlardan kənarda olan insan böyrəyini verə bilməz. Mən bu məsələ ilə bağlı bir çox insanlarla danışmışam. Amma deyirlər ki, bu ola bilməz. Hüquqi cəhətdən düzgün deyil, orqan cinayəti sayılır. Dünyadan köçən insanların orqan bağışlanması sistemi isə Azərbaycanda oturuşmayıb ki, onlar bu imkandan istifadə etsinlər. İndi də uşaq ölümə məhkum vəziyyətdə ortada qalıb. Çünki orqan bağışlamaq sistemi yoxdur.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub