Modern.az

“Özüm ərizə yazaraq Heydər Əliyev Fondundakı vəzifəmdən ayrıldım” - AÇIQLAMA

“Özüm ərizə yazaraq Heydər Əliyev Fondundakı vəzifəmdən ayrıldım” - AÇIQLAMA

Parlament

12 Yanvar 2013, 23:45

Son günlər bəzi media orqanları millət vəkili Qənirə Paşayevanın Heydər Əliyev Fondunda tutduğu vəzifəsindən azad edildiyi barədə xəbərlər yayıb. Bu xəbərlərdə iddia edilir ki, Q.Paşayevanın Fondun İctimaiyyətlə əlaqələr departamentinin rəhbərliyindən uzaqlaşdırılmasının səbəbi son zamanlar öz reklamına həddən artıq diqqət ayırmasıdır.

Modern.az məsələ ilə bağlı Qənirə Paşayevanın mövqeyini təqdim edir.

Deputat belə xəbərlərin yayılmasına görə, Azərbaycan jurnalistikası üçün ciddi üzüntü keçirdiyini vurğulayıb.

”Çünki bu xəbərləri yayanların heç birisi bu xəbərləri yaymazdan öncə qarşı tərəf kimi mənimlə əlaqə saxlayıb, heç bir dəqiqləşmə aparmaq və mənim fikirlərimi dinləmək niyyətində olmayıblar. Mən bu xəbərlərdən sadəcə yayıldıqdan sonra xəbər tutmuşam. Həmin şəxslər nə zəng edərək, nə də müraciət edərək yazdıqlarının nə qədər doğru olub-olmadığını yoxlamağa belə ehtiyac duyublar. Bu jurnalistika deyil! Çox təssüf ki, bu gün jurnalistikaya aid edilən qurumların böyük bir hissəsi siyasətlə, bir hissəsi reketçiliklə, çox az hissəsi isə həqiqi jurnalistika ilə məşğuldur”.

Q.Paşayeva bildirib ki, o, 2005-i ildə hələ millət vəkili seçilməzdən öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə dəvət edilib və bu dəvəti müsbət dəyərləndirib.

”Dövlətimiz və insanlarımız üçün bu qədər böyük işlər görən Mehriban xanımla və Fondun kollektivi ilə işləmək mənim üçün böyük zövq idi və bu gün də bu əməkdaşlıqdan çox məmnunam. 2010-cu il parlament seçkilərindən sonra təxminən bir il əvvəl mən Azərbaycanı əvvəlki kimi bir yox, iki beynəlxalq qurumda- həm AŞPA-da, həm də AVRONEST PA-da təmsil etməyə başladım. İkinci bir beynəlxalq təşkilatda da nümayəndə heyətinin üzvü olmağım, bir sıra yeni və ölkəmiz üçün vacib parlamentlərarası dostluq qruplarında təmsil olunmağım xarici ölkələrə səfərlərimi mütəmadiləşdirdi, tədbirlərin, toplantıların, görüşlərin sayını daha da artdı. Bu isə Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən heç bir zaman hansısa kiçik də olsa narazılıqla deyil, tam əksinə, həmişə böyük dəstəklə müşahidə olundu. Bəzən bir ayın yarısını, bəzən ən azı on gününü daşıdığım digər vəzifələrlə bağlı xarici səfərlərdə olmağa başladım. Heydər Əliyev Fondu isə bu gün Azərbaycanda ən böyük bir nazirliyin işindən də bəlkə daha böyük fəaliyyətə malikdir və bu təşkilatda İctimaiyyətlə əlaqələr departamentinin, onun rəhbərinin də üzərinə böyük vəzifələr düşür. Bunun üçün bu vəzifəni daşıyan insanın daha çox ölkə daxilində olması, burdakı işlərlə mütəmadi məşğul olmaq üçün günün böyük bir hissəsini işdə olması, üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirməsi vacibdir. Bunu isə xüsusilə son bir ildə mənim beynəlxalq təşkilatlarda artan təmsilçiliyimlə əlaqədar, üzərimə düşən vəzifələrlə bərabər yüksək keyfiyyətlə yürütmək çox çətin idi və getdikcə daha da çətinləşirdi. Təbii ki hər zaman, xüsusilə xarici səfərlər zamanı belə məsuliyyətdən doğan narahatlıq insanı tərk etmirdi. Bütün bunları nəzərə alaraq, mən təxminən yarım il əvvəl bütün bu illər ərzində mənə hər zaman böyük dəstək olmuş, fəaliyyətimdə, həyatımda hər zaman örnək götürdüyüm və çox şey öyrəndiyim hörmətli Mehriban xanıma Əliyevaya müraciət edərək, departament rəhbərliyi ilə başqa həmkarımızın daha intensiv məşğul ola biləcəyini deyib, mənim bu vəzifədən getməyimə icazə verilməsini istədim, özüm ərizə yazaraq bir neçə ay bundan əvvəl həmin vəzifədən ayrıldım. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun bütün kollektivi ilə gözəl münasibətlər də, əməkdaşlıq da davam edir, bu gün də Heydər Əliyev Fonduna məxsus binada əvvəlki otağımda otururam. Ümid edirəm ki, bu açıqlamam "dostları" və məni özlərinə düşmən elan edənlərin "narahatlıqlarını" aradan qaldıracaq. Hansısa siyasi məqsədlər güdərək, məni müəyyən oyunlarına çəkmək istəyənlərə isə demək istəyirəm ki, mən sizin düşündüyünüz adam deyiləm! Mənim bir üzüm var! Bu məlumatları yayanların arxasında duranları, jurnalistika pərdəsi arxasında öz çirkin oyunlarını oynayanların kimlər olduğunu və niyyətlərini də çox yaxşı bilirəm və demək istəyirəm ki, mən sizin kimilərin çirkli oyunlarında heç zaman iştirak etməyəcəm! Özünüzü çox yormayın...”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar