Modern.az

Kərəm Həsənov 16 işçisini cəzalandırıb

Kərəm Həsənov 16 işçisini cəzalandırıb

14 Yanvar 2013, 16:09

2012-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlarda işləyən 16 dövlət qulluqçusu etik davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək  funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunub.

Komitənin  mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 10 işçiyə töhmət verilib, 6 işçi işdən azad olunub.
Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələrində işləyən dövlət qulluqçularının xidməti davranışlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə komitənin aidiyyəti şöbələrinin əməkdaşları respublikanın şəhər və rayonlarına ezam ediliblər.

Bununla yanaşı, komitədə çalışan dövlət qulluqçuları üçün 9 və 22 dekabr 2012-ci il tarixlərində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminarlar keçirilib. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə işinin davam etdirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş etik normaları üzrə gələcəkdə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin ediləcək.

Komitənin rəsmi internet səhifəsində  “Etik davranış qaydaları” bölməsi yaradılmış və hazırda həmin internet səhifəsi vasitəsi ilə birbaşa müraciətlərin və elektron ərizələrin qəbul edilməsi imkanları mövcuddur. Eyni zamanda bildiririk ki, etik davranış qaydaları ilə bağlı müraciətlərin qəbulu, baxılması və cavablandırılmasında çevikliyi və şəffaflığı təmin etmək məqsədi ilə komitədə və tabeliyində olan qurumlarda müraciətlərin elektron poçt ünvanı vasitəsi ilə qəbulu və cavablandırılması həyata keçirilir. Etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi ilə bağlı hazırda müvafiq təhlillər aparılır və fəaliyyət planında göstərilən müddətdə icrası təmin ediləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır