Modern.az

YAP-çı deputdan aksiyaçılara məsləhət: “Cəriməni ödəməsələr, daha ağır cəzalandırılacaqlar” - AÇIQLAMA

YAP-çı deputdan aksiyaçılara məsləhət: “Cəriməni ödəməsələr, daha ağır cəzalandırılacaqlar” - AÇIQLAMA

Təhsil

14 Yanvar 2013, 17:01

“Yeni qanuna görə, tətbiq olunan cərimələri ödəməyənlər müvafiq qaydada cəzalandırılacaqlar” Bu fikirləri Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, YAP-çı deputat Mübariz Qurbanlı bildirib. Deputatın sözlərinə görə, 12 yanvarda keçirilmiş “Əsgər ölümünə son!” aksiyasında saxlanılan gənclər onlara tətbiq olunan cərimələri ödəməkdən boyun qaçırarlarsa, daha ağır cəzaya məhkum ediləcəklər.

“Hər kəs qanuna əməl etməlidir. Yeni qanuna görə, tətbiq olunan cərimələri ödəməyənlər müvafiq olaraq cəzalandırılacaqlar. Kütləvi aksiyalarda qanun pozuntusuna yol verən, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu kobud şəkildə pozan şəxslər cəriməni ödəməyəcəklərsə, müvafiq cəzalar tətbiq ediləcək. Onlar cərimələri ödəməlidirlər. Əks təqdirdə qanunun o birisi tərəfi işə düşəcək”, - deyə komitə üzvü vurğulayıb.

Modern.az xatırladır ki, bu gün hakim qarşısında çıxan 12 yanvar aksiyasının iştirakçıları onlara tətbiq edilən cərimələri ödəməyəcəklərini bildiriblər.

Yeni qanunun əsasən, 15 nəfər aksiya iştirakçısı 400-600 manat arası cərimələniblər.

Xatırladaq ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən yeni dəyişikliklər 2013-cü ildən qüvvəyə minib.

Qanunda qeyd olunub ki, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (i2012-ci ilin sonunadək cərimənin məbləği 300 manatadək olub).

Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (əvəllər bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ əvvəllər 500 manat olub).

Qanunun tələbinə müvafiq olaraq tətbiq edilən cərimələri ödəməyən şəxslərin inzibati işlərə cəlb edilməsi və eləcədə müddətli həbsə məhkum edilməsi nəzərdə tutulub.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi