Modern.az

Böyrək xəstəliyinin fəsadları - Ehtiyatlı olun

Böyrək xəstəliyinin fəsadları - Ehtiyatlı olun

Aktual

15 Yanvar 2013, 08:43

Böyrəklər orqanizmdə olan başqa orqan və sistemlərlə əlaqəlidirlər. Buna görə orqanizmin ayrı-ayrı funksional sistemlərində olan xəstəliklər böyrəklərin də fəaliyyətinin pozulmasına səbəb ola bilir. Böyrəklərin sidikyaradıcı funksiyasının pozğunluqlarının səbəbləri çoxdur ki, əsas yerlərdən birini tutan pielonefrit xəstəliyidir. Pielonefrit böyrəklərin parenxima və kasacıq-ləyən sistemində gedən qeyri-spesifik iltihabi xəstəlikdir. Əhali arasında yayılmasına görə tənəffüs sistemi xəstəliklərindən sonra ikinci yeri tutur. Xəstəliyin xüsusi diqqət çəkən bir xüsusiyyəti var. Vaxtında diaqnoz qoyulub müalicə aparıldıqda belə, xəstəlikdən tam sağalma faizi yüksək olmur və əksərən xroniki formaya keçir. Ona görə də belə xəstələr sonradan (ilkin müalicə olunduqdan sonra) poliklinika həkimi tərəfindən dispanser qeydiyyatına götürülməli və vaxtaşırı müalicə kursları qəbul etməlidirlər.

Pielonefrit - polietioloji xəstəlik olub, əsasən qram(+) və qram(-) bakteriyalar (göy-yaşıl irin çöpləri, eşerixiya koli, qızılı stafilokok, streptokokklar) tərəfindən törədilir. Bakteriyalardan əlavə viruslar da böyrəkləri zədələyə bilir. Bu da əsasən qrip epidemiyaları zamanı uşaqlar arasında daha çox müşahidə edilir.

Patogen mikrobların böyrəyə keçməsi əsasən hematogen yolla baş verir, yəni infeksiya əvvəl qana, daha sonra isə böyrəklərə keçir. Belə ki, böyrək ləyəni və toxumasının hematogen yolla infeksiyalaşması insan orqanizmində gedən hər hansı bir iltihabi prossesin nəticəsində baş verir. Məsələn, buna xroniki tonzillit, xroniki pnevmoniya, xroniki xolesistit, xroniki haymorit, kariesli dişlər, qadınlarda və kişilərdə cinsiyyət sistemində olan xroniki irinli proseslər və dərinin xroniki xəstəliklərini səbəb olur. Mikroblar böyrəyə sidik yolları vasitəsilə də qalxa bilir. Bu, sistit və uretritlər zamanı baş verir.

Pielonefritin inkişafına ağır fiziki iş nəticəsində əmələ gələn yorğunluq, soyuqlama, immunitetin zəifləməsi, avitaminoz, ağır travmalar, sidik yollarında anomaliyaları kimi amillər də təkan verir. Kəskin pielonefritin klinikasında temperaturun 39-400C-dək yüksəlməsi, üşütmə, bel nahiyyəsində olan küt ağrılar, ürəkbulanma, qusma, dizuriya, baş ağrıları, halsızlıq, iştahasızlıq, ağızda quruluq kimi hallara rast gəlinir.

Diaqnozu dəqiqləşdirmək üçün obyektiv olaraq Pasrenatski simptomunun (+) olması, palpasiyada böyrəklər nahiyyəsində ağrının olması, əzələ gərginliyi, qanın ümumi müayinəsində EÇS-in yüksəlməsi, leykositoz, aneozinofiliya, neytrofiloz kimi simptomlara fikir vermək lazımdır. Sidiyin ümumi müayinəsində leykositlərin, bakteriyaların, eritrositlərin və zülalın miqdarının artmasını; qanın biokimyəvi müayinəsində isə qanda sidik cövhəri, kreatinin, azot qalığı, turşu-qələvi müvazinəti göstəricilərilərini müəyyənləşdirmək məqsədəuyğundur. Bundan əlavə funksional müayinələr - USM, rentgenoloji müayinə, obzoruroqramma, radioizotop skaynerləmədən geniş istifadə olunur.

Pielonefriti olan xəstələr ilk mərhələdə mükəmməl həkim müalicəsi almalı, sonrakı dövrlərdə isə yuxarıda deyildiyi kimi, dispanser plana uyğun vaxtaşırı müalicə olunmalıdırlar. Kompleks müalicələrin aparılmasında bitki yığıntılarının yerini də xüsusilə qeyd etmək lazımdır. Belə ki, Urotea, Oksalitin, Uralitin və Fosfalitin çayları ilə yanaşı aşağıdakı bitki yığıntılarından da istifadə etmək olar. Ümumiyyətlə pielonefrit xəstəliyində də digər xəstəliklərdə olduğu kimi profilaktik tədbirlərə ehtiyac vardır, belə ki, buna şəraityaradıcı amillərin aradan qaldırılmasınin, immunitetin möhkəmləndirilməsinin, xroniki iltihab ocaqlarının imkan daxilində aradan qaldırılmasının əhəmiyyətini qeyd etmək olar.

Pielonefritin müalicəsində bir neçə dəmləmədən istifadə edilir:

Dəmləmə I

Meşə çiyələyi (yarpaq) 10,0

İkievli gicitkən (yarpaq) 20,0

Tozağacı (yarpaq) 20,0

Zəyərək (toxum) 50,0

Gündə 3-4 dəfə 1/4 – 1/3 stəkandan ilıq şəkildə qəbul edilir.

Dəmləmə II

Ortosifon (ot) 20,0

Ayıqulağı (yarpaq) 10,0

Çöl qarırquyruğu (ot) 10,0

Şirin biyan (kök) 15,0

Gülümbahar (çiçək) 15,0

Aptek çobanyastığı (çiçək) 15,0

Böyük bağayarpağı (yarpaq) 15,0

Xroniki pielonefrit zamanı gündə 3-4 dəfə 1/4 – 1/3 stəkandan qəbul edilir.

Dəmləmə III

Qara qəndəlaş (çiçək) 25,0

Dazıotu (ot) 25,0

Aptek çobanyasığı (çiçək) 15,0

Cökə (çiçək) 25,0

Böyrək və sidik yollarının iltihabi xəstəlikləri zamanı 1-2 stəkan ilıq şəkildə gecə yatmazdan əvvəl qəbul edilir.

AZƏR Salehli,
Azərbaycan Tibb Universitetinin tələbəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır