Modern.az

Parlament jurnalistləri xanım deputatı xarakterizə etdilər: “Onu hələ tam kəşf etməmişik”

Parlament jurnalistləri xanım deputatı xarakterizə etdilər: “Onu hələ tam kəşf etməmişik”

17 Yanvar 2013, 08:52

"Sevinc Fətəliyeva bu vəzifədə sabiq deputat Gültəkin Hacıbəylini əvəz etməliydi"

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az parlament jurnalistləri ilə deputatlar barədə sorğuları davam etdirir. Bu dəfə həmkarlarımızdan Sevinc Fətəliyevanı millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

30 saylı Suraxanı birinci seçki dairəsindən mandat alan Sevinc Fətəliyeva Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvidir .

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deputat Sevinc Fətəliyevanın parlamentdə fəallığını görmədiyini bildirib. “Yəni çox az çıxışlar edib ki, bu da hansısa qanun layihəsinin təqdimatı ilə bağlı olub. Amma özüm ondan dəfələrlə müsahibə almışam. Çox savadlı, intellektli və vətənpərvər bir xanım deputatdır. Avropa Şurasında Azərbaycanı layiqincə təmsil edən millət vəkilləri sırasında Sevinc Fətəliyevanın da adını çəkmək olar”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan deyir ki, deputat Sevinc Fətəliyeva Milli Məclisin iclaslarında fəallıq göstərmir. “Bir-iki dəfə Səməd Seyidov iclasda olmayanda onun əvəzindən hansısa beynəlxalq sazişi deputatlara təqdim edərkən görmüşəm. Qalan vaxtlarda hansısa məsələnin müzakirəsində iştirak etməyib. Bu mənada onu da passiv deputatların sırasında görürəm. Seçicilərinə diqqət göstərib-göstərməməsi barədə məlumatım yoxdur. Milli Məclisin saytına baxmasam, heç onun hansı rayonun deputatı olduğunu da bilməzdim. Hərdən bir mətbuatda həmkarımız Kamil Həmzəoğluna açıqlamalar verdiyini müşahidə edirəm”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy deputat Sevinc Fətəliyevanı hələ kəşf etmədiyini bildirib. “Ola bilsin seçiciləri ilə aktiv işləyir, amma Milli Mıəclisdə onun fəaliyyətinin görməmişəm və belə fəaliyyətsizliyi fonunda onun parlamentə seçilməsi gözlənilməz oldu və buna inanmadım”.

“Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov qeyd edib ki, deputat Sevinc Fətəliyeva Azərbaycan parlamentində ən gənc deputatlardandır. “Eyni zamanda o, Azərbaycanı Avropa Şurasında daha aktiv şəkildə təmsil edir. Seçicilərlə də aktiv işləyir, onların propblemlərini dinləyir. Ümumiyyətlə, S. Fətəliyeva elm xadimi və deputat kimi aktiv fəaliyyət göstərir”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı da deputat Sevinc Fətəliyevanın fəaliyyətini müsbət qiymətləndirən parlament jurnalistlərindəndir.
“Milli Məclisdə beynəlxalq məsələlər, xarici siyasətlə bağlı çıxışlar edir. Eyni zamanda, müxtəlif məsələlər, xüsusilə beynəlxalq mövzularda açıqlamalar, müsahibələr verir. Jurnalistlər üçün həmişə açıq olan deputatdır. Şəxsən mən nə vaxt lazım olursa, zəng edib Sevinc Fətəliyevadan münasibət öyrənirəm. Bundan əlavə, Sevinc Fətəliyeva AŞPA-da da ölkəmizi layiqincə təmsil edən deputatlardan biridir. O, AŞ-nın uşaqlarla bağlı proqramının ölkəmiz üzrə koordinatorudur. Sevinc Fətəliyeva deputat seçildiyi rayonun ictimai həyatında da yaxından iştirak edir. Bütün bunlar onun fəal deputat olduğunu deməyə tam əsas verir”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu isə bircə kəlmə ilə onun haqqında məlumatsız olduğunu qeyd edib.

“Ann.az” saytınlın əməkdaşı Elkin Xəlilov: “Bir-iki dəfə müxtəlif tədbirlərdə çıxışlarını eşitmişəm. Həm də ara-sıra mətbuatada verdiyi açıqlamalara rast gəlmişəm. Dördüncü çağırış Milli Məclisə seçilmiş yeni üzvlərdən daha fəaldır. Seçiciləriylə görüşləri haqda isə xəbərsizəm. Buna görə nəsə deməyim düzgün çıxmaz”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin sözlərinə görə, millət vəkili Sevinc Fətəliyeva ilk dəfə seçilməsinə baxmayaraq, artıq özünü fəal deputat kimi təqdim edə bilib. “O istər qanun layihələrinin müzakirəsində, istərsə də cari məsələlərdə fəallıq nümayiş etdirir. Xüsusən beynəlxalq təşkilatlarda Azərbaycan parlamentini layiqincə təmsil edir. Yəni, beynəlxalq təşkilatlarda fəallıq göstərir. Sevinc Fətəliyeva jurnalistlər üçün də açıq deputatdır. Elə vaxt olub ki, parlamentdə imkan tapıb deyə bilmədiyi fikirləri mediada bölüşüb.  Ancaq onun seçicilərlə bağlı fəaliyyətindən xəbərsizəm”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Sevinc Fətəliyeva 2010-cu ildə deputat seçilib. Onu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin tərkibinə daxil etdilər, nümayəndə heyəti rəhbərinin müavini oldu. Əsas arqument isə o idi ki, Sevinc Fətəliyeva gəncdir, enerjilidir, xarici dil bilir. Ondan böyük fəallıq gözlənilirdi”.
Amma İ. Əlizadə xanım deputatdan gözləntilərin gerçəkləşmədiyi qənaətindədir:
“Onu da deyim ki, Sevinc Fətəliyeva bu vəzifədə sabiq deputat Gültəkin Hacıbəylini əvəz etmişdi. Gültəkin Hacıbəyli AŞPA-da böyük fəallıq göstərirdi. Sevinc xanım isə Gültəkin Hacıbəylinin uğurlarını təkrarlaya bilmədi. Sevinc Fətəliyeva Milli Məclisdə də fəal deyil. Yalnız hansısa beynəlxalq sazişləri təqdim edəndə danışıb. Bu da o zaman baş verib ki, parlamentin Beynəlxalq münasibətlər və xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasda olmayıb. Onun başqa çıxışını, təkliflər verdiyini xatırlamıram”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev deputat Sevinc Fətəliyevanı tez-tez Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvi kimi mətbuatda görür. “Əsasən bu sahə üzrə ixtisaslaşıb. Parlamentin iclaslarında xüsusi fəallığı yoxdur. Seçiçilərlə işini hansı səviyyədə qurduğundan da xəbərsizəm”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev deyir ki, Sevinc Fətəliyevanın fəaliyyəti əsasən AŞPA-da özünü biruzə verir. “Qurumun sessiyalarından, komitə iclaslarından gələn məlumatlara görə həmin platformada Azərbaycanın mövqeyinin səsləndirilməsində fəallıq göstərir. Ölkə daxilində isə Sevinc xanımın qadın, uşaq zorakılığı ilə mübarizə sahəsində ötən il Milli Məclisdə bir sıra tədbirlərə təşkilatçılıq edib. Deputatlığının ilk üçü ili üçün bu cavan millət vəkilinin fəallığını düşünürəm ki, müsbət qiymətləndirmək olar”.

“Lent.az” saytının əməkdaşı Ramiz Cürənov Sevinc Fətəliyevanı passiv deputat kimi xarakterizə edib. “Onun aktivliyini görməmişəm. Mətbuatda seçiciləri ilə görüşməsi barədə isə məlumatları oxumamışam, ona görə bu haqda heç nə deyə bilmərəm”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “Sevinc Fətəliyevanı qadın millət vəkilləri sırasında normal deputat kimi xarakterizə edərdim. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini olduğuna görə xarici səfərlərdə tez-tez olur. Məncə, ona görə plenar iclaslarda az görünür. Mətbuatdan qaçan deputat deyil. Passiv millət vəkili deməzdim. Seçiciləri ilə hansı formada işlədiyindən isə məlumatsızam”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu deputat Sevinc Fətəliyevanı yaxından tanıyan parlament jurnalistlərindədir. O, bildirib ki, deputat seçildiyi 3 il müddətində Sevinc Fətəliyeva ilə əksər parlament jurnalistlərindən fərqli olaraq yaxın təmasda, münasibətdə olub.
“Dəfələrlə ondan müsahibələr, açıqlamalar almışam. Onu mətbuata açıq olan millət vəkillərindən biri kimi tanıyıram. Sevinc xanım Azərbaycanı həm də Avropa Şurası Parlament Assambleyasında təmsil edən millət vəkillərindədir. Eyni zamanda Azərbaycanı orada çox uğurla təmnsil edir, orada iclaslarda öz mövqeyini bildirir. Eyni zamanda o, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramının Azərbaycan üzrə koordinatorudur ki, bu yöndə tədbirlərin keçirilməsini aktiv iştirak edir. Deputat kimi iclaslarda çox aktiv iştirak etmir, lakin onun fəaliyyətini qeyri-fəal saymaq olmaz. AŞPA-da fəaliyyəti təqdirəlayiqdir. Seçiciləri ilə normal əlaqələr qurur”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı deyir ki, millət vəkili Sevinc Fətəliyeva ilk vaxtlar çox fəal görünürdü. “Biz də hesab edirdik ki, həmişə fəallıq nümayiş etdirəcək. Təəssüf ki, bunu görə bilmədik”.

APA-nın əməkdaşı Mübariz Aslanov isə qeyd edib ki, Sevinc Fətəliyeva gənc deputat kimi parlamentə yeni seçilməsinə baxmayaraq, aktiv fəaliyyəti ilə diqqəti cəlb edir. “Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini kimi də bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak edir. Mütəmadi olaraq plenar iclaslarda, komitə iclaslarında, ümumiyyətlə yeni sənədlərin qəbulu və qanunlara edilən dəyişikliklərdə fəaldır”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir