Modern.az

"Yağışa düşmüş pişik"- Heminqueydən tərcümə

"Yağışa düşmüş pişik"- Heminqueydən tərcümə

Ədəbi̇yyat

19 Yanvar 2013, 15:42

Oteldə cəmi iki amerikalı vardı. Otaqlarına qalxarkən pilləkəndə üzləşdikləri adamlardan heç kimi tanımırdılar. Dənizin göründüyü otaq ikinci mərtəbədəydi. Pəncərədən ictimai bağça və müharibə qurbanlarının xatirəsinə ucaldılan abidə görünürdü. Bağçada bir neçə palma ağacı və yaşıl rəngli skamyalar sıralanırdı.

Hava yaxşı olduqda orda hökmən öz molbertiylə hansısa rəssam otururdu. Çünki palma ağacları, pəncərələri dənizə və bağçaya açılan mehmanxanaların parlaq fasadları rəssamların xoşuna gəlirdi. İtaliyalılar uzaq yol qət eləyib müharibə qurbanların xatirəsinə ucaldılan abidəyə baxırdı. O, bürüncdən tökülmüşdü və yağış altında parlayırdı.

Yağış yağırdı. Damlalar palmaların yarpaqlarından süzülürdü. Çınqıl səpilmiş cığırlarda kiçik gölməçələr yaranmışdı. Yağışın altında dalğalar uzun zolaq yaradıb sahilə çırpılır, geri çəkilir və yenidən sahilə hücum çəkirdilər. Heykəlin yanındakı meydanda bircə maşın belə qalmamışdı. Qabaq-qənşərdə, kafenin qapısında dayanmış ofisiant gözlərini boş qalmış meydana zilləmişdi.

Amerikalı qadın pəncərə önündən bağçaya baxırdı. Otaqlarının düz altında, yağış damcılarının süzüldüyü yaşıl masanın altında bir pişik gizlənmişdi. İslanmamaqdan ötrü yumaq kimi yığılmışdı.

– Aşağı enib pişiyi gətirəcəm, – amerikalı qadın dedi.

– Qoy mən gedim, – əri çarpayıdan qalxmadan dilləndi.

– Yox, özüm. Yazıq pişik! Yağış ucbatından masanın altında daldalanıb.

Qadının əri çarpayıda yarıyacan uzanıqlı halda idi, başının altına da iki balış qoyub mütaliəsinə davam edirdi.

– Bax a, islanma, – o dedi.

Qadın pilləkənlə endi və vestibüldən keçərkən otel sahibi ayağa qalxdı və ona təzim elədi. Ucaboy qocanın otağı mehmanxananın uzaq küncündəydi.

– Il piove,m – dedi amerikalı qadın. Otel sahibi onun xoşuna gəlirdi.

– Si, si, signora, brutto tempo. Bu gün hava çox pisdir.

O, yarıqaranlıq otağının uzaq küncündə dayanmışdı. Amerikalı qadının xoşuna gəlirdi. Qocada bəyəndikləri nəydi? Şikayətləri dinləyərkən ciddiliyi. Ehtiramlı görünüşü. Lütfkarlığı. Özünün otel sahibi olmasından duyduğu iftixar. Girdə sifəti və böyük əlləri.

Elə bunu düşünə-düşünə qadın qapını açdı və başını çölə çıxardı. Yağış daha möhkəm yağırdı. Boş meydanda rezin paltolu bir kişi kafeyə doğru gedirdi.

Pişik hardasa buralarda olmalıydı, sağ tərəfdə. “Bəlkə, karnizin altından keçmək mümkün olacaq”. Astanada durarkən başı üstündə çətir açıldı. Arxasında xidmətçi qız durmuşdu. O həmişə amerikalıların otağında təmizlik işləri görürdü.

– İslanmamağınız üçün, – qulluqçu qız gülümsəyərək italyanca dedi. Əlbəttə ki onu otel sahibi göndərmişdi.

Çətiri əlində tutmuş qulluqçuyla birgə o, cığırla otağının altından keçdi. Yağışın yuduğu parlaq-yaşıl rəngli masa burdaydı, amma pişik yoxuydu. Amerikalı qadın qəfildən məyusluq duydu. Qulluqçu ona nəzər yetirdi.

– Ha perduta qualque cosa, signora?

– Burda pişik vardı, – gənc amerikalı qadın dedi.

– Pişik?

– Si, il gatto.

– Pişik?– qulluqçu qız güldü. – Yağışa düşmüş pişik?

– Hə, – qadın dedi, – burda, masanın altında. – Və sonra: – Onu elə istəyirdim, elə pişik istəyirdim ki…

Qadın ingiliscə danışdıqda qulluqçunun siması gərilirdi.

– Gedək, sinyora, – qulluqçu dedi, – qayıtsaq yaxşıdır. İslanarsınız.

– Hə, gedək, – amerikalı qadın dedi.

Onlar yenidən çınqıl səpilmiş cığırla gedib binaya daxil oldular. Girişdə qulluqçu ayaq saxladı, çətiri yığdı. Amerikalı qadın vestibüldən keçərkən otel sahibi öz otağından yenidən ona təzim elədi. Otaqda nəsə bir şey yumaq kimi yığılmışdı. Qadın sahibin nəzərində özümü balaca, amma önəmli bir şey bildi. Bircə anlığa. Qadın pilləkənlə yuxarı qalxdı.

Corc hələ də çarpayıda uzanıb mütaliə edirdi.

– Nə oldu, pişiyi gətirdin? – o, kitabı endirərək soruşdu.

– Yerində tapmadım. Orda yoxudu.

– Hara yoxa çıxıb ki? – Corc kitabdan bir an belə ayrılmadan soruşdu.

Qadın çarpayının kənarında oturdu.

– Pişiyi elə çox istəyirdim ki, – dedi. – Bilmirəm niyə, amma o zavalı elə könlümdən keçdi ki. Yağışa düşməsi heç yaxşı deyildi.

Corcun başı yenidən mütaliəyə qarışmışdı.

Qadın bədənnüma aynasına yanaşdı, ayna önündə oturdu və əl güzgüsünü götürüb özünə baxmağa başladı. O, diqqətlə özünü seyr etdi, əvvəlcə bir yanağını, sonra o birini. Sonra peysərinə və boynuna göz gəzdirdi.

– Necə bilirsən, bəlkə, saçlarımı uzadım? –yenidən özünə yanpörtü baxıb soruşdu.

Corc gözlərini qaldırdı və onun oğlan uşağı kimi qısa saçının dibinə baxdı.

– Mənə belə xoş gəlir, indiki kimi.

– Bezmişəm, – qadın dedi. – Oğlana oxşamaqdan bezmişəm.

Corc böyrüstə uzandı. Qadın danışmağa başlayandan gözlərini ondan çəkmirdi.

– Bu gün çox gözəl görünürsən, – o dedi.

Qadın güzgünü masaya qoydu, pəncərəyə yaxınlaşdı və bağçaya baxmağa başladı. Hava qaralırdı.

– İstəyirəm saçım uzansın, ipək kimi olsun, onu hörə, həm də toxuna bilim, – o dedi. – İstəyirəm pişiyim olsun, dizlərim üstə otursun, mən onu sığallayanda mırıldasın.

– Mm, – Corc çarpayıdan dedi.

– Öz masam arxasında oturmaq istəyirəm, çəngəl-bıçaq da olsun, şamlar da yansın. İstəyirəm yaz fəsli olsun, ayna önündə saçımı darayım. Pişik də istəyirəm, bir də təzə paltar…

– Sus. Götür, kitab oxu, – Corc dedi. О, yenidən mütaliə edirdi.

Amerikalı qadın pəncərəyə baxırdı. Artıq qaş qaralmışdı və yağışlı havada palma ağaclarının yarpaqları xışıldayırdı.

– Аxı pişik istəyirəm, – qadın dedi. – Elə indi. Tutaq ki, uzun saçım yoxdur, bəs pişik? Onu da mənə çox görürlər?

Corc onu dinləmirdi. О, kitab oxuyurdu. Qadın pəncərədən çölə baxırdı. Meydanın işıqları bir-bir yanırdı.

Qapı döyüldü.

– Avanti, – Corc dedi. О, baxışlarını kitabdan çəkdi.

Astanada qulluqçu qız dayanmışdı. О, qolları arasına güclə sığışan iri, xallı pişiyi sinəsinə sıxmışdı.

– Bağışlayın, – qulluqçu qız dedi. – Padrone bunu sinyora üçün göndərib.

Tərcümə: Əziz Rzazadə

Yad sözlər:

Il piove – yağış yağır (ital.)
Si, si, signora, brutto tempo – Bəli, bəli, sinyora, çox pis havadır.
Ha perduta qualque cosa, signora – Nəsə itirmisiniz, sinyora?
Si, il gatto – hə, pişik
Padrone – sahib, ağa
Avanti – buyurun

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi