Modern.az

Əhliman Əmiraslanov: "Mən ancaq özümə cavabdehəm" - MÜSAHİBƏ

Əhliman Əmiraslanov: "Mən ancaq özümə cavabdehəm" - MÜSAHİBƏ

21 Yanvar 2013, 10:18

"Azərbaycanda insanlar arasında ölümün 80 faizini bu üç patalogiya təşkil edir"


Modern.az
saytı Azərbaycan Dövlət Tibb Universitetinin rektoru,  millət vəkili Əhliman Əmiraslanovla müsahibəni təqdim edir.

- Əhliman müəllim, əvvəllər h
əkimlər Hippokrat andı içirdilər. Bu andı indi nə əvəz edir. Elə görünür ki, həkimlər peşələrinə əvvəlki kimi sadiq deyillər.

- “Azərbaycan həkiminin andı” var. Əgər bizim buraxılış, məzun gecələrinə gəlsəniz, görərsiniz ki, məzunlar and içirlər. Düzdür, onun əsasında Hippokrat andı durur. Ancaq biz ona mentalitetimizə uyğun olaraq, müəyyən dəyişikliklər etmişik. Universitetin girəcəyində həmin andın yazılı forması asılıb. Diplom veriləndə bir küncünə möhür vurulur ki, məzun həmin andı qəbul edib.

- Sualı təsadüfi vermədik. Əvvəlki illərlə müqayisədə indi bu anda əməl olunma məsələsi necədir?

- Biz həmişə tənqid edirik ki, əvvəllər hər şey yaxşı idi, indi pisdir, yaxud da ki, indi yaxşıdır, əvvəl pis olub. Mən Moskvada 20 il işləmişəm, mütəxəssis kimi yetişmişəm. Məndən soruşsanız ki, 20 il bundan qabaqkı həkimlərin bilik səviyyəsi ilə indiki həkimlərin səviyyəsi arasinda nə qədər fərq var? Deyərdim, dağlar qədər... İndi daha yaxşıdır. Təsəvvür edin ki, indi Azərbaycanda keçirilən elə əməliyyatlar var ki, bu əməliyyatlar heç vaxt Azərbaycanda baş tutmayıb, nəinki Azərbaycanda, hətta keçmiş SSRİ-də belə.

- Bunlar hansı əməliyyatlardır?

- Belə əməliyyatlar çoxdur, məsələn açıq ürək əməliyyatı. 7-8 il əvvələ qədər bu əməliyyat Azərbaycanda həyata keçirilmirdi, hansı ki, dünya onu 34-35 ildir ki həyata keçirir. Adi tac damarlarının sistentləşdirməsi ilə bağlı insanlar hamısı xaricə gedirdi. Qaraciyər köçürülməsi və digər əməliyyatlar. Mənim sahəm olan sümük şişlərində oynaqların dəyişilməsi. Tam səmimi deyə bilərəm ki, bu gün elə bir xəstəlik növü yoxdur ki, onu Azərbaycanda müalicə etməsinlər.

- Qaraciyər köçürülməsi ilə bağlı maraqlı məsələyə toxundunuz. Azərbaycanda insan orqanlarının köçürülməsinə görə belə bir statistika var ki, indiyənə kimi orqan köçürmələrinin əksəriyyəti dünyasını dəyişib. Həkimlər isə bunu gizlədirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bunu təsdiqləyə bilmərəm. Mən oynaq, diz, bud, çanaq oynağı köçürürəm. Qaraciyər transplantasiyası Azərbaycanda olubdur, amma o qədər də çox olmayıb. Belə insanların yaşayıb-yaşamamasını həmin əməliyyatı edən insanlardan soruşun. Şəxsən mən orqan köçürülməsi ilə məşğul olan adam deyiləm. Ona görə bu suala cavab verməyə çətinlik çəkirəm. Hazırda bizim cərrahi klinika tikilir. Orada ürək-damar cərahiyyəsi, orqan transplantasiyası üçün lazım olan bütün avadanlıqlar nəzərdə tutulur. Bir məsələni yadda saxlamaq lazımdır, elə bir əməliyyat yoxdur ki, bunu edən cərrah söz versin ki, bu əməliyyatı yüzdə-yuz uğurla başa çatdıracaq. Əgər 40 il təcrübəsi olan bir cərrahın yanına getsəniz, yüz faiz sizə söz versə ki, əməliyyat uğurlu olacaq, şəxsən mən o cərraha özümü etibar etmərəm. Hər bir əməliyyatın riski, ağırlaşması var. Ona görə də də böyük klinikalarda ağırlaşmalar, ölüm halları olur, digər kiçik klinikalarda da belə hallara rast gəlinir. Əgər 15-20 nəfər əməliyyat olunubsa və 1-2 nəfər dünyasını dəyişibsə, bu o demək deyil ki, əməliyyat uğursuz olub.

- Bəs böyrək köçürülməsi barəsində nə deyə bilərsiniz?

- Böyrək köçürülməsi Neftçilər Xəstəxanasında həyata keçirilir. Bizdə də olacaq, həm böyrək köçürülməsi, həm dializ. Bizdə olanda mən sizə cavab verəcəm.

- Dediniz ki, siz təkcə özünüzə cavabdehsiniz. Sümüklərlə bağlı etdiyiniz köçürülmələrin 30-40 faizi yaşayır. Amma Əhliman Əmiraslanov təkcə özünə cavabdeh deyil, siz həm də Azərbaycanda həkim yetişdirən universitetə rəhbərlik edirsiniz.

- Mən Tibb Universitetinə rəhbərlik edirəm. Bu sahədə mütəxəssislər yetişdirirəm. Amma deyə bilmərəm ki, Neftçilər Xəstəxanasında neçə xəstə əməliyyat olunub və neçəsi dünyasını dəyişib. Mən onları bilmirəm. Statistikanı oxusam da, hər halda bir mətbuatdan oxuyuram, ya da bir elmi-konfrasdan əldə edərəm. Məndə şəxsən belə bir məlumat yoxdur. Sizdə varsa, hesab edirəm ki, bunu Səhiyyə Nazirliyi ilə dəqiqləşdirməniz lazımdır.

- Bu gün ölkəmizdə ən geniş yayılmış xəstəliklər hansılardır?

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar arasında ən çox tələfat verən xəstəliklər ürək-qan damar patalogiyasıdır. Bütün ölümlərin 60 faizindən çoxunu ürək-damar patalogiyası təşkil edir. Bundan sonra bədxassəli şiş xəstəlikləridir. Bu, təxminən 12 faizdir. Daha sonra isə katastrofik travmalardır. Onlar da ölümün təxminən 10 faizini təşkil edir. İnsanlar arasında ölümün 80 faizini bu üç patalogiya təşkil edir.

- Bəs bu gün gəncləşən xəstəliklər hansılardır?

- İndi xərçəng xəstəliyini əvvəl görmədiyimiz yaşlarda görürük. Elə şişlər var ki, tələbə vaxtı bizə deyirdilər ki, bu şişlər yalnız yaşlılarda olur, indi onu gənclərdə də görürük. Şəkər xəstəliyi indi gənclər arasında yayılıb. Ekologiya dəyişir, ətraf mühit dəyişir, gənclərimiz müəyyən zərərli vərdişlərdən istifadə edir. Bu gün elə xəsətliklər var ki, doğrudan da gəncləşir.

- Əhliman müəllim,ölkəmizdə hansı xəstəliklər var ki, səhiyyəmiz həmin xəstəliklərin müalicəsində çətinlik çəkir?

- Dünyada elə xəstəliklər var ki, bütövlükdə onların müalicəsində problem var. Mən deyə bilmərəm ki, bu gün elə bir xəstəlik var, onu Azərbaycanda müalicə edə bilmirlər, başqa bir ölkədə müalicə edirlər. Elə bir xəstəlik yoxdur.

- Hesab edirsiniz ki, indiki həkimlərin səviyyəsi daha yüksəkdir. Amma cəmiyyətdə tam əksinə rəy var.

- Tibb Universitetini 1971-ci ildə bitirmişəm, o vaxtla bu günü muqayisə etsəm, demirəm hamısının, amma tam əksəriyyətinin səviyyəsi xeyli yüksəkdir.

- Amma bizim xəstələrin əksəriyyəti Avropaya, Türkiyəyə, az imkanlılar isə İrana üz tuturlar.

- Bu statistikaya baxmaq lazımdır. Dünyada elə bil ölkə tapa bilməzsən ki, xəstə öz ölkəsindən başqa bir ölkəyə müalicəyə getməsin. Bu, bütün dünyanın problemidir. Məsələn, Türkiyənin səhiyyəsi necə inkişaf edib? Hesab edirəm ki, yaxşı Türkiyəli mütəxəssislərlə də danışanda deyirlər ki, onlarda zəngin adamlar ya Avropada, ya da Amerikada əməliyyat olurlar. Elə bir insan var ki, o, zəngindir, populyardır, onkoloji xəstədir, amma istəmir ki, Azərbaycanda əməliyyat olunsun, çünki bunu hamı biləcək, yaxud da adi bir xəstəliyi var, istəmir ki, Azərbaycanda bilsinlər ki, bu adam hansısa xəstəlikdən əməliyyat olunub. Ona görə də xaricə uz tutur. Başqa bir fakt da var, bunu bir-iki dəfə də demişəm. Bəzən deyirlər ki, Azərbaycanda həkim yoxdur, Azərbaycanda təhsil yoxdur və s. Bunu deməklə insanları çaşdırırlar. Azərbaycanda həkim yoxdursa, bəs 9 milyon əhaliyə xidmət edən kimdir? Onun bir-iki faizi xaricə getsin, 90 faizi ki buradadır. Bu gün bölgələrdə açıq qəlb əməliyyatları olur, ağırlaşmalar da olur, olacaq da. Çünki həmin xəstələri böyük risk altında qəbul edirlər. Bu gün çatışmayan cəhətlərimizi deməliyik, amma konkret deməliyik. Bu klinikada hansı hadisə olub, həkim kim olub, amma bütövlükdə həkimlərin üstünə kölgə salmaq olmaz. Hesab edirəm ki,xəstələrin xaricə getməsini sürətləndirən faktlardan biri də budur.

- Bizdə bir problem də var, kifayət qədər avadanlıqlar var, amma bunları idarə edən mütəxəssislər yoxdur.

- Mütəxəssis birdən-birə yaranmır. Biz 6-7 il bundan qabaq tələbələrə dərs deyirdik. Xəstəxanalarda bir dənə müasir avadanlıq yox idi ki, tələbəyə göstərək. Tələbə kitabdan oxuyurdu ki, komputer tomoqrafiyası nədir. Bu tələbə sabah komputer tomoqrafiyasında necə işləyə biləcək? Amma indi klinikalarımızda müasir avadanlıqlarımız var, tələbələrin özləri orada işləyirlər, görürlər, beləliklə, yetişirlər. Xaricə də çox tələbə göndəririk. Təkcə bu il Tibb Universitetinin məzunlarının 64 nəfəri Almaniyada rezidenturaya daxil olub. Bütövlükdə, ötən il xaricə gedənlərin sayı 200-ə çatır. Bu gün bizim Türkiyədə uzmanlıqda oxuyan tələbələrin sayı kifayət qədərdir. Biz onları nəzarətdə saxlayırıq. Onların siyahısı mənim stolumun üzərindədir. Xaricdə oxuyub gələnlərin qabiliyyətlərini yoxlayıb, onları işlə təmin edirik. Bəli, bu gün regionlarda problem var. Universiteti bitirən məzunlar rayonlara getmək istəmirlər. Niyə istəmirlər? Deyək ki, ev, kommunal, məişət şəraiti çətindir. Evi olmayan Bakıdan gedib rayonda işləmək istəmir. Bunların hamısı indi nəzərə alınır. İndi region xəstəxanalarında şəraiti çox gözəldir. Bu yaxınlarda mən Saatlıda idim, cənab Prezident orada xəstəxana açdı, o xəstəxananın bütün imkanları var. Bakıda olan ən yeni avadanlıqlarla o xəstəxana təchiz olunub. Düzdür, kadr azlığı problemi var. Demək ki, Azərbaycanda kadr yoxdur, avadanlıq var, bu, düzgün olmazdı, amma kadr problemi var.

- Belə bir tendensiya var ki, məzun Almaniyada təhsilini başa vurub, amma onu işləmək üçün ucqar rayonun ucqar bir kəndinə göndərirlər. Bununla da o mütəxəssisi öldürürlər.

- Ola bilər. Mən şəxsən bizə gələn belə tələbələrin qabiliyyətini yoxlayıram. Xaricdə bizə lazım olan ixtisaslar üzrə bitirib gələnləri saxlayıram. Onlar Tibb Universitetində çalışırlar. Belə mütəxəssislər bizə lazımdır, çünki onların təcrübəsi də böyükdür. İstanbul xəstəxanasında, Türkiyə xəstəxalarında 24 saat əməliyyat gedir. Həmin xəstəxanalara axın çoxdur, bu baxımdan orada oxuyan tələbələrin təcrübəsi böyükdür.

- Əhliman müəllim, bu gün Azərbaycanda əksər universitetlərdə ciddi problemlər var. Xüsusilə imtahan prosesində. Sizdə bu sahədə vəziyyət necədir?

- Bilirsiniz ki, semestr boyu tələbə hər fəndən 50 bal toplamalıdır, 50 bal da imtahandan. Bu sahədə bizdə də müəyyən problemlər var. Yeni bir prosesə keçmək çox çətindir. Təhsil işçilərinin hamısı konservativ olur, istəmirlər ki, köhnə stereotipəri dəyişsinlər. Bəziləri müəyyən maneçilik törədirlər, bəziləri balların verilməsində xəsislik edirlər. Biz bu işlə çox ciddi məşğuluq. Deyək ki, il boyu tələbəyə 0 bal verilib, amma həmin tələbə testdə 50 bal alıb. Biz həmin müəllimi çağırıb deyirik ki, gəl, cavab ver. Bu, niyə belə olub? Yaxud da əksinə, kimsə zəng edib, tələbə 49 bal alıb, imtahanda isə 15-16 bal yığıb. Bəli, bu prosesdə problem var, amma hesab edirəm ki, məsələlər qaydaya düşür.

- Son zamanlar tibb sahəsində müdafiə edənlərin səviyyəsi sizi qane edirmi? Digər sahələrdə bu məsələdə ciddi problemlər var. Xüsusilə plagiatlıq məsələsi baş alıb gedir.

- O müdafiə şuralarının əksəriyyəti bizim universitetdədir. Şübhəsiz ki, ilbəil səviyyələri qalxır, amma bu gun demək olmaz ki, bütün dissertasiyaların səviyyəsi idealdır. Keyfiyyətsiz işlər də var, Elmi Şuradan, Ali Attestasiyadan geri qayıdanı da var. Amma başqa sahələrə nisbətən, tibbdə bu, nisbətən azdır. Hər halda demək olmaz ki, bütün müdafiələr idealdır. Problemlər də var və çalışırıq ki, çıxan işlər, mudafiələr keyfiyyətli olsun. Məni çox narahat edir, Rusiyaya gedib qısa müddətdə müdafiə edib, geri qayıdırlar. Kənarda müdafiə məni çox narahat edir. Burada olanlara tələbi artırırıq, keyfiyyətsiz işlər geri qaytarılır, bizə gələn işlər çox süzgəclərdən keçir. İndi bir proqram ortaya çıxıb, antiplagiat proqramı, plagiat olan işi anındaca tapır, iş kimindir, haradandır.

- Universitetlərdə neqativ hallar səbəbindən müəllimlərin işdən kənarlaşdırılması ilə bağlı sorğu aparmışıq. İqtisad Universitetində belə hallarla bağlı kənarlaşdırılan müəllimlər olub. Sizin universitetdən nə qədər müəllim uzaqlaşdırılıb?

- Bizdə müəllimlərin kənarlaşdırılması 3-4 il bundan qabaq olub, sayı o qədər də çox deyil, bir-iki nəfər olub.

Ardı var


Nihadə EYYUBOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır