Modern.az

Parlament jurnalistləri Rasim Musabəyov haqda: “Anlamırıq, o niyə susur?”

Parlament jurnalistləri Rasim Musabəyov haqda: “Anlamırıq, o niyə susur?”

25 Yanvar 2013, 10:19

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?


Modern.az parlament jurnalistləri ilə deputatlar barədə sorğuları davam etdirir. Bu dəfə həmkarlarımızdan Rasim Musabəyovu millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.  

18 saylı Nərimanov-Nizami seçki dairəsindən mandat alan Rasim Musabəyov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvidir.  

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı
bildirib ki, deputat Rasim Musabəyov politoloq kimi daha fəal idi, nəinki deputat kimi. “Düşünürdüm ki, Rasim Musabəyov deputat seçilsəydi, parlamentdə ondan çox danışan deputat olmayacaq. Amma bəzən elə məsələlər müzakirə olunur ki, Rasim Musabəyovun orada söz deməsi lazım olduğu halda yenə susur. Politoloq kimi də qəribə xüsusiyyətləri var, telefonla müsahibə vermir, heç nə danışmır. Parlamentdə deyəsən heç çıxış da etməyib. Bir dəfə çıxışa yazıldığını gördüm, amma sonra deyəsən vaxt çatmadı. Çox təəssüf ki, o cür savadlı, ziyalı bir adam parlament tribunasından istifadə etmir, susur”.  

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan
qeyd edib ki, parlamentdə Rasim Musabəyov adında deputat tanımır. “Keçmiş müsavatçı və politoloq Rasim Musabəyovu tanıyırdım. Jurnalistlərin sayəsində tanınmış politoloq olan, partiyasını atdığına görə deputat təyin olunmuş Rasim Musabəyov Milli Məclisdə nə politoloqluq edir, nə də deputatlıq. Görəsən kimsə onun Milli Məclisin iclaslarında çıxış etdiyini görüb? Elə bu fəaliyyətsizliyinə görə parlament jurnalistləri onu ilin ən passiv deputatı seçiblər. Ona görə də Rasim müəllimi parlamentdə varlığı ilə yoxluğu bilinməyən deputat kimi xarakterizə edirəm”.  

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy
bildirib ki, deputat Rasim Musabəyov uzun illər mətbuata dost olan dəyərli ekspertlərdəndir. “Bu mənada hesab edirəm ki, böyük potensialı var ki, müxtəlif məsələlərə fikir bildirsin. Amma nədənsə parlamentdə fəallıq göstərmir. Bir sıra ciddi məsələlərin müzakirəsi zamanı seyrçi olaraq qalır. Bunun səbəbini hələ də tapa bilmirəm. Ancaq Azərbaycanın problemləri, siyasi durumu ilə bağlı dəyərli şərhlərini mətbuatdan oxuyuruq. Yəqin növbəti sessiyada onun aktivliyinin, çıxışının şahidi olacağıq”.  

“Novosti-Azerbaydjan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov
qeyd edib ki, Rasim Musabəyov təkcə deputat kimi deyil, politoloq kimi də yüksək keyfiyyətlərə malik insandır. “Onun deputat seçilməsini alqışlamaq lazımdır. Ən azından bilirik ki, parlamentdə istedadlı şəxslər təmsil olunur. Onun deputat kimi fəaliyyətini yüksək qiymətləndirirəm”.  

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı
Rasim Musabəyovu fəal deputat hesab edir. “Doğrudur, Milli Məclisdə onun çıxışlarına tez-tez rast gəlməsək də, politoloq kimi Rasim Musabəyov beynəlxalq məsələlər, xarici siyasət və Qarabağ problemi ilə bağlı hər zaman fikirlərini bildirir, jurnalistlərin suallarını cavablandırır. Biz onu həmişə KİV-də çıxışlar etdiyini görürük”.  

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu
deyir ki, Rasim Musabəyov deputat olmazdan əvvəl aktiv siyasi fəaliyyət göstərmiş bir şəxs idi. “Onun adı Azərbaycanın siyasi tarxinin 90-cı illərinin əvvələrindən çəkilir. Ayaz Mütəllibovun hökumətində xarici münasibətləri kurasiya edən Rasim Musabəyov, sonralar uzun müddət Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. Müsahibələri, təhlilləri ilə də diqqətdə olub. Hesab edirdim ki, cənab Musabəyov deputat mandatını aldıqdan sonra parlamentdə ən fəal millət vəkillərindən olacaq. Çünki bu onun üçün əsl formatına uyğun meydan idi. Amma nə oldusa, Rasim  Musabəyov parlamentin ən passiv və dinməz deputatına çevrilib. Bu şəxsən mənim üçün, uzun illər aktiv siyasət yazarı kimi çox qəribə və gözlənilməz oldu. Rasim Musabəyov iclaslarda sakit oturur. Heç bir bəyanat və problemlərlə bağlı məsələ qaldırmır. Odur ki, mənim üçün Rasim  Müsabəyovun deputat olmazdan əvvəlki fəaliyyəti barədə danışmaq asandır, nəinki indiki statusu barədə. Seçicilərlə necə işləməsindən isə bixəbrəm”.  

“Ann.az” saytınlın əməkdaşı Elkin Xəlilov
: “Digər deputatlara nisbətən Rasim Musabəyov aktiv deputat demək olar. Mətbuatın zəng edib, münasibət öyrənəcəyi bir neçə insandan biridir. Nə zaman zəng etmişəm, telefonu götürüb suallarımı cavablandırıb. Yəni mətbuata açıq adamdır. Amma seçiciləri ilə hansısa görüş keçirməsi haqda məlumatım yoxdur”.  

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin sözlərinə görə deputat Rasim Musabəyov hələ də siyasi şərhlər verməkdən o yana gedə bilməyib.
“Sanki hələ də deputat kimi fəaliyyətə uyğunlaşa bilməyib. Onun qanun yaradıcılığı sahəsində fəallığını müşahidə etməmişəm. Elə bir sanballı təkliflə çıxış etdiyini də görməmişəm. Cari məsələlərin müzakirəsində isə susmağa üstünlük verir. Ancaq bir dəfə onu Nərimanov rayonunda Həştərxanla Bakı arasında dostluq abidəsinin təməli qoyulan zaman ictimaiyyət arasında görmüşəm. Bundan başqa seçicilərin hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətindən məlumatsızam”.  

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə
bildirib ki, Rasim Musabəyov uzun illərdir jurnalistlərin politoloq kimi ən çox müraciət etdiyi, fikirlərini öyrəndiyi insanlardan biridir. “Parlamentə seçilməsi ilə o, deputat titulu aldı. Beynəlxalq görüşlərdə fəal iştirak edir, parlamentdə bir neçə dəfə çıxışlarının şahidi olmuşam, müxtəlif məsələlərlə bağlı fikirlərini bildirib. Onu fəal politoloq deputat kimi xarakterizə edərdim. Seçiciləri ilə görüşdən isə məlumatsızam”.  

Jurnalistlərin Rasim Musabəyovu hələ deputat olmamışdan əvvəl yaxşı tanıdığını deyən “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev fikrincə deputatlıq onu çox da dəyişməyib. “Mənim üçün Rasim müəllim yenə də deputatlıqdan qabaq fikirlərinə hörmət etdiyim politoloqdur. Parlamentdəki fəaliyyəti isə aktiv deyil. Çox az sayda çıxışlar edib, taleyüklü məsələlərin müzakirəsində aktiv olmayıb. Seçiciləri ilə iş baxımından da gördüyü işlərdən xəbərsizəm. Amma Azərbaycanın mövcud parlament praktikasını nəzərə alaraq Rasim Musabəyovu aktiv olmamasına görə qınamaq da olmur. Guya aktiv olanlar nə edə biliblər ki!?” 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev vurğulayıb ki, Rasim Musabəyov deputatlıq fəaliyyətindən qabaq ən çox istinad olunan politoloqlardan biri olub. “Və düşünürəm ki, bu da onun deputat seçilməsində müstəsna rol oynadı. Milli Məclisin iclaslarında bir o qədər müzakirələrə qoşulmasa da yenə də foyelərdə siyasi hadisələrə şərhlər verir”. 

Lent.az” saytının əməkdaşı Ramiz Cürənovun sözlərinə görə Ramiz Musabəyov kifayət qədər ağıllı, qabiliyyətli insandır.
“Amma onun parlamentdə fəal olduğunu görməmişəm. Politoloq kimi mətbuatda kifayət qədər açıqlamalar verir, amma deputat kimi o qədər də aktiv deyil. Seçiciləri ilə görüş barədə isə məlumatsızam”.  

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu
: “Rasim Musabəyov intellektli insandır, yaxşı politoloqdur, hər zaman dövlətçilik maraqlarından çıxış edib. Yəni Rasim müəllimi bu cür tanıyıram. Onun kimi millət vəkilinə ehtiyac var. Düzdür, parlamentdə çıxışlarına rast gəlməmişəm. Amma məlumatım var ki, seçiciləri ilə işləyir, mütəmadi olaraq seçildiyi dairənin sakinləri ilə görüşür, problemlərini dinləyir. Bunu havadan demirəm, tanıdığım bir çox seçicisi var ki, onlar deyiblər. Jurnalist həmkarlarımı bilmirəm, amma mən nə zaman istəmişəm, Rasim müəllimlə əlaqə saxlayıb, suallarıma cavab almışam. Passiv deputat deməzdim”.  

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu
yeni seçilən deputatlardan fərqli olaraq Rasim Musabəyova böyük ümidləri, gözləntiləri olduğunu qeyd edib. “Çünki ictimai-siyasi məsələlərlə bağlı daim aktivlik nümayiş etdirən biri kimi daim mətbuata açıqlamalar verirdi. Amma bu sahədə fəaliyyətini təəssüf ki, deputat seçiləndən sonra görmədik. Parlamentdə bircə dəfə də olsun çıxışlarını görməmişəm. Bu təəssüf doğuran məqamdır. Seçiciləri ilə görüşü barədə isə məlumatım yoxdur. Media nümayəndələri ilə münasibətləri əvvəlki səviyyədə qalır, istənilən jurnalistin sualına cavab verir. Çox istərdim ki, o əvvəlki Rasim Musabəyov imicini qaytarsın”.  

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı qeyd edib ki, Rasim Musabəyov Azərbaycanda tanınan politoloqlardan idi. “Amma deputat seçiləndən sonra bunu da əldən verdi. Deputat kimi isə onun fəaliyyəti görünmür. Hesab etmirəm ki, o hansısa məsələ barədə danışa bilməz, görünür danışmamağa üstünlük verir”.  

APA-nın əməkdaşı Mübariz Aslanov
“Rasim Musabəyov deputat olandan sonra onunla hansısa əlaqə yaratmaq mümkün olmayıb ki, fəaliyyətinə də indi hansısa qiymət verməkdə imkan tapım. Bəlkə də seçiciləri ilə münasibətdə aktivdir, amma mətbuatla əməkdaşlıq əlaqəsi olsa da onu aktiv deputat hesab etmək olmaz. Hansısa müzakirələrdə də hər hansı bir təklifinin şahidi olmamışam” deyə vurğulayıb.  

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı
bildirib ki, jurnalistlərin əksəriyyəti kimi o da Rasim Musabəyovu deputat olmazdan öncə tanıyır. “Dəfələrlə müsahibələrimiz olub, təlimlərində iştirak etmişəm. Rasim Musabəyovu savadlı ziyalı, ekspert kimi həmişə hörmət etmişəm. Deputat seçiləndən sonra beynəlxalq siyasət sahəsində fəaliyyətini davam etdirib, mətbuatla təmasdan heç vaxt çəkinməyib. Bir sıra qanun layihələrinin müzakirəsində çıxış edib. Amma hər iclasda, hər toplantıda müzakirəyə qatıldığının şahidi olmamışam. Seçiciləri ilə işini izləməmişəm. Hər halda, bu müddət ərzində hansısa seçicinin ondan deputat kimi şikayətləndiyinin də şahidi olmamışam”.  

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub