Modern.az

İlham Əliyev: "Biz yaranmış bu vəziyyətlə barışa bilmərik"

İlham Əliyev: "Biz yaranmış bu vəziyyətlə barışa bilmərik"

28 Fevral 2010, 19:51

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qəbələ rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə mərhim dövlət başçısı Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Prezident Qəbələdə “Gilan” piano fabrikinin açılışında iştirak edib. Dövlət başçısı müəssisədə istehsal olunan pianolara baxıb, istehsal prosesini müşahidə edib.
Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş ilk piano hədiyyə edilib.

İlham Əliyev Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbarla da tanış olub. Ümumi sahəsi 7800 kvadratmetr olan anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür.
Prezident İlham Əliyev müəssisədəki meyvəçeşidləmə sexində də olub. Dövlət başçısı sexi işə salıb.
Prezident İlham Əliyev “Gilan-Holdinq”in müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə də baxıb.

İlham Əliyev Qəbələnin yeni avtovağzal binasının açılış mərasiminə də qatılıb. Buradan ölkədaxili istiqamətlərə, Türkiyə, Rusiya və MDB-nin digər dövlətlərinə də avtobus reysləri açılacaq. Bu, Qəbələ rayonuna turist axınının daha da artmasını təmin edəcək.

Prezident rayonda inşa olunmuş yeni uşaq bağçasının açılışı bildirən lenti kəsib və uşaq bağçası ilə yaxından tanış olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu ikimərtəbəli uşaq bağçası 70 yerlikdir.

Azərbaycan Prezidentinin qatılıdığı digər tədbir “Qafqaz-Park” Gənclik Mərkəzinin açılış mərasimi olub. Mərkəzdə 900 kvadratmetr sahəsi olan süni buz meydançası yaradılıb.

İlham Əliyev Qəbələyə səfəri çərçivəsində “Qafqaz Sahil” mehmanxana kompleksinin tikintisi ilə tanış olub.

Prezident rayondakı “Laza” yarımstansiyasının açılışında iştirak edib. 110 kilovoltluq yarımstansiya Qəbələ şəhərini, “Qafqaz” turizm kompleksini, Laza və Durca kəndlərini, eləcə də bir sıra obyektləri elektrik enerjisi ilə təmin edəcək.

“Qafqaz Resort” mehmanxanasının yeni korpusunun açılış mərasimi də Prezidentin iştirakı ilə baş tutub.

İlham Əliyev Qəbələdə “Fitnes” sağlamlıq mərkəzinin açılışını bildirən lenti kəsib və mərkəzlə yaxından tanış olub.

Qəbələyə səfəri çərçivəsində İlham Əliyev Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olub.

Rayondakı “Qafqaz” turizm bazası və “Lalə” sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yeri olan məktəb binası tikilib. Beşmərtəbəli binalardan biri 80, digəri isə 75 mənzillidir. Ümumi sahəsi 10 min 946 kvadratmetr olan yaşayış binalarında 30 birotaqlı, 70 ikiotaqlı və 55 üçotaqlı mənzil var.  Prezident mənzillərdə yaradılmış şəraitlə tanış olub.

Azərbaycan Prezidenti Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə çıxış edən dövlət başçısının sözlərinə görə, Azərbaycan çalışır ki, hərtərəfli inkişaf edib güclənsin ki, Ermənistanla qarşıdurmada mövqeləri daha da güclənsin. “Beynəlxalq müstəvidə buna nail ola bilmişik. Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf – Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik”,-deyə İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir: “Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır”.
İlham Əliyev bildirib ki, dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar.
“BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk qrupunun həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər.
Amma, erməni quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir.
Biz bilirik ki, dünyada erməni lobbisinin imkanları, o cümlədən maliyyə imkanları vardır. Onlar müxtəlif ölkələrdə bəzi riyakar və rüşvətxor siyasətçiləri də ələ alıblar. Onlara pul verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz isə istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll olunsun”.

Azərbaycan torpaqlarının müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunduğunu bildirən İlham Əliyev daha sonra vurğulayıb: “Ermənilər bunu zor gücü ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim müharibə istəmir. Kim istəyər ki, indi müharibə olsun. Ancaq biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə təmkinli mövqedə olacaqlar?!
Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir”.

İlham Əliyev deyib ki, Azərbaycanda hərbi quruculuq, regional inkişaf proqramıları icra olunmaqdadır…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı